2012-ci ilin sonuna artıq sayılı günlər qalıb. Dekabrın sonunda Milli Məclis payız sessiyasını başa vuracaq. Milli Məclis başa çatmaqda olan il ərzində-yaz və payız sessiyaları dövründə xeyli qanun qəbul edib. Görəsən deputatların fikrincə, 2012-ci il Milli Məclisi nə ilə yaddaşlarda qaldı?
Millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, 2012-ci ilin Milli Məclisi aktivliyi və cəmiyyətdə gedən proseslərə özünün operativ münasibəti ilə yaddaşlarda qalıb.
Deputat Əhməd Vəliyev: “Milli Məclisin yaz və payız sessiyasının ayrı iş planı olur. Milli Məclis payız sessiyasında fikrimcə, öz işini yüksək səviyyədə yerinə yetirdi, iş planına uyğun olaraq bütün məsələlər müzakirə olundu. Və hesab edirəm ki, qəbul olunan qanunlar da hər halda öz həllini tapacaq. İşimiz yüksək səviyyədə keçib və məncə, parlamentin 2012-ci il fəaliyyəti qənaətbəxşdir”.
Millət vəkili Fərəc Quliyev hesab edir ki, 2012-ci ildə Milli Məclis normal şəkildə fəaliyyət göstərib. “Yaxşı qanunlar qəbul olundu. Ən əsası, hesab edirəm ki, siyasi partiyaların maliyyələşməsi mühüm məsələ oldu. Düşünürəm ki, bu ən çox yaddaqalan olacaq”.
Deputat Nizami Cəfərov üçün ən yadda qalan hadisə “Mədəniyyət haqqında” qanunun müzakirəyə çıxarılması oldu. “Biz çox mükəmməl bir qanun layihəsi hazırlamışdıq və bu yaxınlarda parlamentin plenar iclasında müzakirəyə çıxarıldı ”.
Millət vəkili Asim Mollazadə üçün 2012-ci il Milli Məclisin fəaliyyəti müddətində yadda qalan hadisə təhsil qanunun müzakirəyə çıxarılmaması olub.
Deputat Əli Məsimli bildirib ki, 2012-ci il Milli Məclisdə kifayət qədər zəruri qanun layihələri, qanun layihələrinə əlavə və dəyişikliklər qəbul edilib. “Eyni zamanda cari məsələlərin müzakirəsində Azərbaycanın ictimai-siyasi, sosial sahəsində olan problemləri deputatlar tərəfindən qaldırılıb. Bu da təbii ki, əlaqədar strukturlar tərəfindən eşidilir və müəyyən mənada problemlərin həllinin sürətlənməsinə köməklik göstərir. Arzulardım ki, 2012-ci ilin sonuncu iclasında Rəqabət Məcəlləsi və “Təhsil kreditləri haqqında” qanun layihələri də qəbul edilsin, amma deyəsən vaxt çatmayacaq”.
Aytən Əliyeva