Modern.az

İt ətinə susayanlar

İt ətinə susayanlar

15 Dekabr 2012, 13:42

Və ya bu, son gedişiniz olsun!

Azərbaycanı onunla eyni vaxtda müstəqillik qazanmış ölkələrdən fərqləndirən bir cəhəti hər zaman fəxrlə söyləmişik: 1991-ci ildə müstəqil olan respublikalar arasında ilk dəfə olaraq sovet-rus ordusu məhz Azərbaycandan çıxarılıb.

Ancaq hər zaman ag rəngli bu fəxarət səhifəsinin üzərində bir qara nöqtə olub: Qəbələdəki radiolakasiya stansiyası. Çünki məhz bu obyektdə rus əsgəri, yadelli ordunun nəfərləri mövcuddu.

Rusiyanın Qəbələ RLS-dən imtinası xəbərini eşidəndə 20 il əvvəli xatırladım qeyri-iradi... 

***

Onlar – sovet ordusunun əsgərləri bizim rayona 1989-cü ilin sonunda gəlmişdilər. Bizi, o zamankı ifadə ilə desək, “erməni millətçilərindən”, “saqqalılardan”, “ekstremistlərdən” qorumalı idilər.

Kəlbəcər camaatı – uşaqdan böyüyə onlara həm dağların qarı tək təmiz olan ürəklərini, həm də bərəkətli süfrələrini açmışdı. Xilaskar, qoruyucu gözündə görürdü onları.

Oxuduğum “2 nömrəli” məktəbin bir korpusunda yerləşmişdilər. Aralarında SSRİ-də yaşayan hər millətdən əsgər vardı. Məktəb uşağı özü üçün maraq dairəsi tapmışdı. Tənəffüslərdə oğlanlar əsgərləri seyr etməyə toplaşırdılar. Qızlarsa məktəbin pəncərələrindən baxardılar.

Böyüklər evdən yemək-içmək daşıyırdı, biz məktəblilər – onda 14 yaşım vardı, valideynlərimizin günlük verdiyi qəpiyə şirniyyat, qazlı su, siqaret alıb əsgərlərə paylayırdıq. (Düzdür, bəzən rus əsgərinin adına aldımız siqaret qutularını mənimsəməyimiz də olurdu).

Sanki, cənnətə düşmüşdülər. Özləri belə deyirdilər. İrəvandan yığıb gətirmişdilər onları. Söyləyirdilər ki, ermənilər bizə bir vedrə suyu da satırdılar. Burada isə...

İki ildən sonra SSRİ dağıldı. Bu əsgərlərin içərisidə olan qeyri-ruslar xidməti yarımçıq qoyaraq öz vətənlərinə döndülər. Qalan rus zabit və əsgərlər isə  “sülhyaratama” missiyasını daşımalı olduğu halda, sonradan ermənilər tərəfdən bizimkilərə qarşı döyüşdülər...

***

1992-ci ilin mayında sovet ordusunun tör-töküntülərinin, əslində isə Rusiya ordusunun Azərbaycandan çıxması prosesi başlamışdı. Məktəbimizin bir hissəsini zəbt etmiş rus hərbçiləri də köç hazırlığında idi.

Xalq Cəbhəsinin könüllülərindən ibarət yerli özünümüdafiə batalyonu rusların əlində olan hərbi sursatın və texnikanın saxlanılmasını tələb edirdi. Artıq imperiya dağılıb¸ bu mirasda bizim də payımız var, məntiqi ilə...

Ruslar isə hərbi sursatı və texnikanı tamamilə çıxarmaq, 200 il sərvətlərini sümürdüyü məmləkətə bir qara güllə buraxmamaqda qərarlı idilər.

27 may 1992. Silahları və agır texnikanı aparmaq üçün Gəncə qarnizonundan böyük hərbi vertolyolar çağılmışdı. Bizimkilərsə qabaqlayıcı tədbir kimi aeroportu yük maşınları ilə doldurmuşdular ki, vertolyotlar yerə enə bilməsinlər.

Ruslar müqavimət göstərdilər. Gəncədən gələn 9 “Krokodil” vertolyotu şəhərin üstündə dövrə vuraraq qara bir həlqə yaratmışdı. Məqsəd xof yaratmaqdı.

Hərbi hissədən çıxan agır zirehli teknika aeroporta hərəkət edərək oradakı yük maşınlarını qayadan tökdü və meydanı boşaltdı.  2 il yarım onları quzu kimi bəsləmiş bir şəhərin mərkəzində atəş səsləri eşidildi. Qadınların, uşaqların haray-qışqırtısı avtomat-plomyot səsinə qarışmışdı. Qadın, uşaq, qoca evlərini tərk edərək dağlara üz tutmuşdular. Əlində silahı olan kişilərsə gah göydə dövrə vuran vertolyotlara atəş açır, gah da aeroporta doğru qaçırdılar. (İndi xatırlayanda gülməyim tutur, atam hərbidə idi, evdə dar məqam üçün mənə tapşırdıgı avtomatı həmin gün çıxarıb üzü yuxarı vertolyota bir-iki güllə atmaqla “borcumdan” çıxmışdım).  

*** 

Onlar bir giliz belə saxlamadılar, hər şeyi götürüb getdilər. Sonuncu vertolyot havaya qalxanda camaat hərbi hissəyə axın etdi. Hər kəs nə isə bir qənimət bulacağında ümid edirdi. Amma orada nə qənimət vardı, nə ümid... Tükürpədici mənzərə ilə rastlaşan insanlar duruxdular, durdular. Kazarmanın içərisi it baş-ayağı ilə dolu idi. Hansı otağa girirdin üfunət qoxuyurdu, it baş-ayağından, dərisindən tərpəmək olmurdu...

Demə, bu qədər sayğı və izzətlə müşayiət olunan bu mənfur ordunun əsgərləri camaatın itinə də susayıblar.

Bilənlər bilir ki, dağlıq yerlərdə sahibsiz it, ara iti elə də olmaz. Ancaq qapı itləri olur. Bu eli-obanı qorumağa gəlmiş “sarıqulaqlar” isə bu missiyanı onlardan daha yaxşı icra edən qapı itlərinə belə tamah salmışdılar.

Bu əslində bir imperiyanın çöküşünün bizim gözümüz önündə baş verən bir görüntüsü idi.  

***

Axırıncı rus hərbçisi Qəbələdən, Azərbaycandan çıxmağa hazırlaşır. İndi deyiləsi yalnız bir söz var: Sonuncu gedişiniz olsun!

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?