Prezident seçkilərinə doğru getdikcə, müxalifət partiyaları arasında vahid namizəd məsələsi ətrafında yaranan fikirayrılığı daha da böyüyüb. Belə ki, seçkilərdə hakimiyyətə qarşı vahid cəbhədə birləşə bilməyən müxalif liderlər görünür, prezidenti postu uğrunda deyil, ikincilik uğrunda mübarizə aparmaq niyyətindədir. Ölkədə müşahidə olunan siyasi prossesləri Modern.az-a şərh edən politoloq Zərdüşt Əlizadə müxalifətin öz aralarında mübarizə apardığını bildirib. Onun sözlərinə görə, hələ də vahid namizədini müəyyən edə bilməyən müxalifət partiyaları müxtəlif səbəblərdən seçkilərdə birgə deyil, ayrılıqda iştirak etməyə can atırlar.
“Müxalifətin prezident seçkilərində vahid namizədi olsa da, onların udmaq şansı azdır. Çünki, Azərbaycanda seçki deyil, seçki mərasimi keçirilir. Müxalifətə gəlincə, isə bir var real şans üçün mübarizə aparmaq, bir də var həyatda qalmaq, dolanmaq və s. məqsədlər naminə həqiqətən də ikinci yerdə olmaq naminə mübarizə aparırlar. Bu da tamamilə anlaşılan, təbii bir şeydir. Müxalifət liderlərinin bu addımlarına soyuqqanlılıqla yanaşmaq lazımdır. Azərbaycanda gerçək siyasi mübarizə aparmaq real görünmür”, - deyə Z.Əlizadə şərh edib.
Anar RÜSTƏMOV