Mübariz Əhmədoğlu: “Morninqstarın mövqeyi sırf ermənipərəstdir”
Bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu ABŞ-ın Azərbaycandakı səfirinin iqtidar və müxalifət nümayəndələri ilə keçirdiyi gizli görüşlərin mahiyyətini Modern.az-a şərh edərkən bildirib. Morninqstarın müxalifət liderləri ilə intensiv görüşlər keçirməkdə niyyətinin sağlam olmadığını deyən M.Əhmədoğlu səfiri ermənipərəst olmaqda ittiham edib.
“Təbii ki, bu görüşlər müxalifətin təşəbbüsü ilə baş tutmur. İstər iqtidar nümayəndələri ilə olsun, istərsə də müxalifət nümayəndələri ilə keçirilən görüşlər, bunlar birbaşa səfir tərəfindən həyata keçirilir. Azərbaycanda digər mühüm ölkələrin səfirləri olduğu təqdirdə, belə görüşlərin məhz ABŞ səfirliyi tərəfindən təşkil olunnası maraq doğurur. Hesab edirəm ki, ABŞ səfirinin niyyəti heç də sağlam deyil.
Amerikanın Azərbaycandakı və eləcə də Ermənistandakı səfiri Dağlıq Qarabağ məsələsi ilə bağlı eyni mövqedən çıxış edirlər. Çox təəssüf ki, ABŞ rəhbərliyindən fərqli olaraq bu ölkənin Azərbaycan və Ermənistandakı səfirliklərinin Qarabağ məsələsindəki mövqeləri sırf ermənipərəst mövqedir. Ermənistana dəstək verərək, onlar üçün əlavə resurslar yaradırlar. Ola bilər ki, ABŞ səfiri bu məsələ ilə Azərbaycan iqtidarına təzyiq göstərmək istəyir.”,- deyə politoloq vurğulayıb.
M.Əhmədoğlu daha sonra Azərbaycanda 2013-cü ildə keçiriləcək prezident seçkilərinə toxunaraq bildirib ki, ABŞ səfiri müxalifətlə nə qədər belə görüşlər keçirsə də, ölkədəki ictimai-siyasi prosseslərə təsir etmək imkanına malik deyil:
“Müxalifətin içində də sağlam qüvvələr çoxdur. ABŞ səfiri bunu özü görür. Belə görüşlər keçirilsə də, Amerika səfirliyinin Azərbaycanda gedən ictimai-siyasi prosseslərə təsir etmək imkanı məhduddur. Çünki ABŞ-ın Azərbaycan üzrə prioritetləri bəllidir. Bu ölkənin Azərbaycandakı səfirliyi də artıq-əskik hərəkət edərsə, Azərbaycan diplomatları bunu cavabsız qoymayacaqlar”.
Anar RÜSTƏMOV