Bir təxəyyül məhsulu deyil, bir olmuş əhvalatdır.
Bu yazı Vətən keşiyində bircə gün dayanmış Vətən övladlarına ithaf olunur.
Artıq çoxları unudub. Artıq çoxları unudulub.
Vətən dara düşmüşdü. “Oğul” – deyə fəryad edirdi. Indiki “oğullar” siçandan deşik, indi oğul sayılmayanlar isə İvandan silah satın alaraq Vətənə hay verdilər. Qaynar nəfəsli, gözlərində nifrət tonqalı yanan oğulların sırasında Məmməd adlı biri də oldu. Bu yurdun səsinə səs verməyə qeyrəti çatmayanlar sərvət, mənsəb, kürsü marığına yatanda Məmməd bu adamlara əl yelləyib getmişdi. Arxasında buraxdığı boynubükük qoca anasının və sözlüsünün göz yaşlarına məhəl qoymayıb getmişdi.
Dəhşətdən bir gecədə saçların ağardığı, həyatın bir sərsəri güllənin hədəfində olduğu, ölümün buz nəfəsinin hər kəslə üzbəüz duyulduğu bir məmləkətdə Məmməd kənarda qala bilməzdi. Buna damarından axan qanı yol verməzdi. Ölkəmizə uzanan xain əllər kəsilməliydi və bu əlləri kəsmək üçün Məmməd cəbhəyə yollandı...
...Məmməd aslanlar kimi döyüşdü. Səngərdən səngərə, döyüşdən döyüşə atıldı. Dişiylə düşmən boğdu, dırnağıyla səngər qazdı. “ Hər şey Vətən üçün, hər şey millət üçün, hər şey torpaq üçün, hər şey bayraq üçün!” – dedi Məmməd. “Çörəyini yeyib, suyunu içdiyimiz bu torpağa canımız fəda olsun!” – dedi Məmməd. Səngər kənarında bitən bənövşənin barıt qoxulu ətrini, meyxanələrin baş gicəlləndirən qoxusundan üstün bildi, Məmməd...
...Sərvət adına Vətənlə Məmməd arasında torpaq sahəsi, qarğılı – qamışlı alayarımçıq bir koma vardı. Məmməd bu sərvəti Vətənə və geridə qalanlara əmanət etmişdi.Onun xiffətinə dözməyən anası vəfat etmiş, sözlüsü isə başqasına yar olmuşdu. Döyüşlərin birində minaya düşərək ayağını itirən Məmmədin bu var – dövlətinə iki ədəd qoltuq ağacı da əlavə olundu. Məmməd geri döndü. Gizlənib fərarilik edənlər, “Məmməd qayıtmaz” - deyə onun torpaq sahəsini satmış, ev əşyalarını oğurlamış .komasını da uçuraraq yerində villa tikmişdilər. Məmməd “geridə qalanların” və müharibənin dəhşətləri kölgəsində boy atmış bu alaq otlarının qapılarını çox döydü.qoyub getdiyi əmanətləri soruşdu. Məmmədi eşidib, görən olmadı. Məmməd bazarların birində diləndi, bu millətə, bu bayrağa, bu torpağa, əl açdı. Yol pulu yığdı və son gecəsini anasının məzarı yanında keçirdi. Səhər açılar – açılmaz əl yelləyib Rusiyaya yollandı. Düşmən qapısına yollanan Məmməddən bir daha xəbər - ətər olmadı. Məmmədi Vətən çağırmadı. Vətən Məmmədə xəyanət elədi. Məmməd Vətəni, Vətən isə Məmmədi itirdi.
Bəs biz nələri itirdik?
Vətənpərvərlik söz deyil, əməldir, qardaşım! Xalqımız da artıq qulağına deyil, gözünə inanır. Kafir olmasaq da imanımız da yoxdur, “Vətəni sevməksə, imandandır!”...
Xaqani ƏDƏBOĞLU