Modern.az

Əfv Komissiyasının üzvü: “Həftəboyu iclaslarımız olacaq, son qərarı Prezident verəcək”

Əfv Komissiyasının üzvü: “Həftəboyu iclaslarımız olacaq, son qərarı Prezident verəcək”

20 Dekabr 2012, 14:20

“Bu həftə boyu Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları olacaq. Bu gün də iclas keçiriləcək”. 

Bu barədə Modern.az-a açıqlamasında komissiyanın üzvü, millət vəkili Elmira Axundova məlumat verib. O, bildirib ki, bu həftə ərzində Komissiyanın iclasları olacaq. Deputatın sözlərinə görə, bu günədək Komissiyanın iki iclası keçirilib:

“Bu gün də  iclas keçiriləcək. Bu həftə boyu isə iclaslar olacaq”.

Komissiyada siyasi məhbusların müraciətlərinə baxılması məsələsinə gəlincə, Əfv Komissiyasının üzvü, millət vəkili Məlahət İbrahimqızı belə hesab edir ki, əfv siyahısında siyasi məhbusların adlarının olub-olmaması ilə bağlı sualların verilməsi düzgün deyil. Onun sözlərinə görə, Əfv Komissiyasının mahiyyəti ondan ibarətdir ki, azadlıqdan məhrum olunmuş insanlara humanist bir münasibət göstərilsin, azadlıq kimi şirin nemət onlara bəxş olunsun:

“İndi burada hansı məhkumun hansı cinayətə görə cəza çəkdiyi başqa məsələdir. Birincisi siyasi məhbus məsələsinin kimin müəyyənləşdirdiyinin özü sual altındadır. İkincisi də məhkum məhkumdur. Böyük əksəriyyətinin ailəsi, övladı, anası, qardaşı var. Ona görə də komissiyaya daxil olan məktublarda siyasi məhbusların olub-olmamasını deməklə ayrı-seçkilik yaratmaq düz olmaz”.

Komissiya üzvlərinin ilboyu işlədiyini söyləyən millət vəkili onu da bildirib ki, məktubların da daxil olması da ilboyu davam edir. Onun sözlərinə görə, daxil olan müraciətlər əsasında Əfv Komissiyasının üzvləri araşdırmalar aparırlar:

“Məhkumun müraciəti əsas deyil. Əsas onun hökmünün əsasnamənin şərtlərinə uyğun olub-olmamasıdır. Bəzən 3 gün bundan öncə cinayət törətmiş adam da əfv olunması üçün müraciət edir. Axı bu düzgün deyil. Cinayət törədib, hər halda cəza çəkməlidir. Ağır cinayət törədibsə, ən azından cəzasının yarısını çəkməlidir. Bundan başqa, cinayət törədənin cəmiyyət üçün təhlükəli olub-olmaması, ailə vəziyyəti, məhkumun cəzaçəkmə müəssisəsində özünü necə aparması, törətdiyi cinayətdən peşman olub-olmaması nəzərə alınır. Bütün bu məsələlərə incəliklə baxılır. Mən də daxil olmaqla Əfv Komissiyasının üzvləri müraciətlərə ayrı-seçkilik qoymuruq. Bu kimdir, hansı cinayəti törədib, qadındır ya kişidir. Bütün müraciətlərə baxılır, incələnir. Ən son qərarı isə Prezident verir”.

Gültəkin Ələsgər   

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?