Modern.az

Azərbaycanda kəndlilər torpağı əkib-becərməkdən niyə imtina edirlər? - PROBLEM

Azərbaycanda kəndlilər torpağı əkib-becərməkdən niyə imtina edirlər? - PROBLEM

24 Dekabr 2012, 10:16

Ekspert: “Mənə elə gəlir ki, bütün bu siyasət qəsdən aparılır ki...”


Azərbaycanın bəzi bölgəsində kəndlilər torpaqlarını əkib-becərməkdən imtina edirlər. Əkin sahələri isə boş qalıb. Torpağını əkib-becərməkdən imtina edib sahəsini icarəyə verənlər olsa da amma icarədarlar da son vaxtlar əkin işindən üz döndəriblər. Modern.az rayonlarda torpaq sahələrinin boş qalma səbəbini araşdırıb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Murtuzəli Hacıyev sualımıza cavab olaraq bildirib ki, torpaq sahələrinin əkilməməsini demək yanlışdır. Onun sözlərinə görə, taxıl təsərrüfatlarının böyük əksəriyyəti əkilib: “Ötən illə müqayisədə dən və yaşıl yem bitkiləri 6,8, buğda 3,4, arpa 6,5 faiz çox səpilib. Dövlət tərəfindən fermerlərə subsidiyaların verilməsi davam etdirilir. Hər hektara yanacaq və motor yağlarına görə 40 manat, toxuma və gübrəyə görə də güzəştlər verilir. Fermerlərə dövlət tərəfindən diqqət var. Sahələr heç vaxt boş qala bilməz”.

Gələn ildən kooperasiya haqqında qanun qəbul olunacağını deyən nazirlik rəsmisi onu da bildirib ki, qanuna görə, xırda təsərrüfatlar iri təsərrüfatlarda birləşərək kooperasiya yaradacaq. Gələn ilin aprel ayında qəbul olunacağı gözlənilən qanun layihəsi fermerlərin marağına səbəb olacaq. 

Murtuzəli Hacıyevin sözlərinə görə, ola bilər ki,  kimsə belə bir faktla qarşılaşsın amma bu o demək deyil ki, fermerlər torpaq sahələrini əkməkdən imtina edirlər. Belə bir şey ola bilməz. Əksinə, dövlət tərəfindən kəndlilərə verilən subsidiyalar onları torpağı əkməyə həvəsləndirir. 

İqtisadi tədqiqatlar mərkəzinin aqrar siyasət üzrə eksperti Vahid Məhərrəmov isə hesab edir ki, ölkədə aparılan aqrar siyasət kəndlilərin əkin işindən yayınmasına yönəlib. Ekspertin sözlərinə görə, ölkədə yürüdülən aqrar siyasət ona yönəlib ki, imkanlı şəxslər kəndlilərin pay torpaqlarını əllərindən alsınlar: “Yəni uzun müddət aqrar sahədə aparılan siyasət buna xidmət edir. Tək bu il yox artıq uzun illərdir ki, əkinlə məşğul olanların sayı azalıb. Əkin sahələri boş qalıb. Torpağını icarəyə verənlər olsa da, amma icarədarlar da son vaxtlar əkin işindən imtina edir. Məhsul isə ucuz olduğundan fermerlər məhsullarını sata bilmir və əllərində qalır. Son 5 ildə verilən statistikaya görə, ölkədə 1 milyon hektara yaxın sahədə taxıl əkilib. Gəlin görək bu taxılın hansı hissəsi Dövlət Taxıl Fondu tərəfindən qəbul olunub. Bu statistika iki-üç il bundan qabaq 1000 ton qəbul edilmişdi. Amma son dövrlər statistika verilmir. Ona görə ki, taxıl verənlər yoxdur və hökumət də qəbul etmir. Taxıl Fondu isə əsas gətirir ki, keyfiyyəti aşağıdır. Həqiqətən də keyfiyyət aşağıdır. Amma bunu qaldırmaq üçün aqrar siyasət yeridilmir”.

Ekspert onu da bildirib ki, nazirlik fermerlərə kifayət qədər subsidiya verildiyini desə də, bu, yenə də fermerlərin xeyrinə işləmir. Onun sözlərinə görə, kəndlinin bir hektar əraziyə çəkdiyi xərc 300-500 manatdan artıqdır. Kəndli ən yaxşı halda 2 ton məhsul götürür. Həmin məhsulu isə 20 qəpiyə satanda 400 manat edir. Fermer yenə də ziyana gedir. Statistik rəqəmlərdə məhsuldarlığın yüksək göstərilməsinə baxmayaraq həqiqətdə məhsuldarlıq 15 sentner civarındadır. Bu da onu deməyə əsas verir ki, fermer gəlir götürmür. Məhsuldarlıq və keyfiyyət aşağı olduğu üçün fermerlər məhsullarını satmağa çətinlik çəkir. Bundan əlavə suvarma da pullu olduğundan istehsal olunan məhsulun maya dəyəri yüksək olur. Bütün bunlar da  fermeri əkin işçindən yayınırlar”.  

Qazaxıstandan ölkəyə buğda gətirilməsinin daha ucuz başa gəldiyini söyləyən Vahid Məhərrəmovun sözlərinə görə, buğdaya olan tələbat ödənildiyindən kəndli də, istehsalçı da unu dəyirmanlardan və ya bazarlardan alırlar.

Mütəxəssis onu da bildirib ki, fermerlərin aqrotexniki qaydaları bilməməsi də ölkədə belə problemlər yaşanır. Məsələn, bütün dünyada hər hektara 700 kiloqram gübrə verildiyi halda bizdə hər hektara 7 kiloqramdan da aşağı gübrə düşür. Belə olan halda fermerin əldə etdiyi məhsul az və keyfiyyətsiz amma maya dəyəri yüksək olur. Bunu isə baha satmaq olmur.

Təkcə taxıl sahələrində yox, kənd təsərrüfatının başqa sahələrində də kartofçuluqda da belə problemlər yaşandığını deyən V. Məhərrəmovun sözlərinə görə, bu gün ölkəyə Türkiyədən, İrandan kartof gətirilir. Halbuki öz yerli kartofumuzu vaxtında çıxarıb soyuducu anbarlarda saxlasaq, fermer də gəlir əldə edə bilər. Amma soyuducu anbar sahibləri daha yüksək tarif müəyyən etdiklərindən fermerlərə orada məhsul saxlamaq sərf etmir. Artıq bu uzun illərdir ki, kəndlilər torpağı əkməkdən imtina ediblər. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda aqrar siyasət aparılmır:
“İdxal inhisarçı əllərdə olduğu və inhisarçılar məmurlarla əlaqəli olduqları üçün istehsal hökumətin marağında deyil. İnhisarçılar idxalda maraqlıdırlar. Onlar da çox asanlıqla xaricdən məhsul gətirərək yüksək gəlir əldə edirlər. Daxildə aqrar siyasət aparmaq niyyətində deyillər. Sabah Qazaxıstan idxalı dayandırsa onda Azərbaycan çox acınacaqlı vəziyyətdə qalacaq. Mənə elə gəlir ki, bütün bu siyasət qəsdən aparılır ki, fermerləri sıradan çıxarsınlar və hazırda aqrar siyasəti aparan məmurların və onların qohum-əqrəbasına çox ucuz qiymətə satsınlar. Onlar da burada öz təsərrüfatlarını yaratsınlar”. 

Gültəkin Ələsgər

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?