Tələbələr tez-tez təqaüdlərinin azlığından gileylənirlər. Hətta şikayətlənirlər ki, aldıqları vəsait bir aylıq yol xərclərinə belə çatmır. Əksər tələbələr böyük ümidlə tələbə təqaüdünün artmasını gözləyirlər.
Modern.az-ın sorğusuna cavab verən Tibb Universitetinin üçüncü kurs tələbəsi Kamran Əliyev də təqaüdün ona azlıq etdiyindən gileylənir: “Cəmi 70 manat alıram. Təbii ki, bu, məni qane etmir. Gündəlik xərclərim yemək, yol, xərclərimi nəzərə alsaq, aldığım təqaüd qətiyyən çatmır”.
Neft Akademiyasının 3-cü kurs tələbəsi Elmir Qocayev deyir ki, 85 manat təqaüd alır və ailə üzvləri ilə qaldığı üçün təqaüdü onu qane edir: “Bakıda ailə üzvlərimlə yaşayıram. Ona görə də təqaüdün məni qane edir. Amma ki, Bakıda tək qalsaydım, təbii ki, narazılığım olardı. Tək qalanları buna görə təqaüdləri qane etmir”.
İqtisad Universitetinin 3-cü kurs tələbəsi Şəfəq Azadlı da təqaüd azlığından şikayətlənir: “75 manat təqaüd alıram. Əvvəlcədən aldığım təqaüdümü xərcləməmişəm, yığılıb qalıb. İndi yavaş-yavaş xərcləməyə başlayıram. Ona görə də bilmirəm, bəs edir, ya yox. Amma təbii ki, verilən vəsait azdır. Başqa tələbələr də narazılıq edir. Testləri, kitabları nəzərə alanda, görürsən ki, bəs etmir”.
Neft Akademiyasının Qaz, neft, mədən fakültəsinin 2-ci kurs tələbəsi Orxan Abdürrəhmanov da digər tələbələr eyni fikirdədir: “Məncə, heç kim aldığı təqaüddən razı olmayacaq, elə mənim kimi, 43 manat təqaüd verirlər, bu təqaüddən də təbii ki, razı deyiləm. Mən burda ailəmlə qalıram deyə, mənə təqaüd problem yaratmır. Amma qrup yoldaşlarım var ki, valideynləri rayonda qalırlar, onlar üçün azdır, çünki gündəlik tələbata, kirayəyə pul çox çıxır. Əlaçılara verilən 70 manatın minimum təqaüd olmasını istəyərdim. Məsələn, 3 alanlara 40 manat əvəzinə, 70 manat, zərbəçilərə 70 manat əvəzinə 90 manat, əlaçılara isə 90 əvəzinə 110-120 manat olmasını istəyərdim”.
Ali Neft Məktəbinin Kimya Mühəndisliyi fakültəsinin birinci kurs tələbəsi Elşad Mirzəyev: “100 manat təqaüd alıram, məni qane etmir. Yəqin ki, bir az artırsalar, yaxşı olar, məsələn 150 manat olsa”.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin magistri Nərmin Əsədova 43 manat təqaüd alır və verilən təqaüdün azlığından gileylənir: “Heç yol puluma çatmır. Ehtiyaclarımı bu pulla təbii ki, ödəyə bilmərəm. Təqaüd 2-3 dəfə artsa, ehtiyacların yarısını bəlkə, ödəyə bilər. Buna da inanmağım gəlmir”.
Bakı Dövlət Universitetinin magistri Şəfanə İbrahimli: “Mən magistraturada 1-ci kursda oxuyuram, hələ təqaüdlərimiz sentyabrdan bu yana verilməyib, vaxtında versinlər, artıq heç nə istəmirəm”
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 4-cü kurs tələbəsi Bahar Əliyeva: “Keçən ilə qədər zərbəçi idim və 70 manat təqaüd alırdım, sağ olsunlar, sonra imkan vermədilər, zərbəçi çıxım. Bütün qiymətlərim “4-5” oldu, amma sonda sürpriz 1 bala görə, “3” alanın təqaüdünü alıram-43 manat. Ən azından “fast-food” puludur, amma bu təqaüd, heç nəyə bəs etmir. Nəyə bəs edər ki? Heç bir xərcimi o təqaüdlə ödəyə bilmirƏm, atamın canı sag olsun”.
İqtisad Universitetinin 3-cu kurs tələbəsi Aydan Camalova aldığı təqaüdün normal olduğunu düşünür: “Əlaçılıq təqaüdünü, 85 manat alıram, həm də əlavə olaraq, hər semestr 50 manat alıram. Normaldır, nə həddindən artıq çoxdur, nə də ki az. Öz xərcimin də tam hissəsini olmasa da, bir qismini ödəyə bilirəm”.
Nihadə Eyyubova