Modern.az

Siyavuş Novruzov İsa Qəmbərlə Əli Kərimliyə sataşdı: “Elçibəy hamısından xahiş etdi ki...” - AÇIQLAMA

Siyavuş Novruzov İsa Qəmbərlə Əli Kərimliyə sataşdı:  “Elçibəy hamısından xahiş etdi ki...” - AÇIQLAMA

Ölkə

26 Dekabr 2012, 16:56

“İsa Qəmbər də, Əli Kərimli də yaxşı bilir ki, İlham Əliyevin alternativi yoxdur. Bu insanlar sadəcə onlara ayrılacaq puldan istifadə etmək üçün seçkiyə namizəd kimi qatılmaq istəyirlər”.
Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov seçkiöncəsi Müsavat və AXCP funkionerləri arasında yaşanan gərgin münasibətləri Modern.az-a şərh edərkən bildirib. YAP rəsmisinin sözlərinə görə, Müsavat və AXCP üzdə bir-birinə yaxın olduqlarını göstərməyə çalışsalar da,   bu partiyalar arasında hər zaman gərgin münasibətlər hökm sörüb. Xalq Cəbhəsini Müsavat Partiyasının dağıtdığını deyən S.Novruzov bildirib ki, mərhum eks-prezident Əbülfəz Elçibəyin 1998-ci ildə seçkilərdə vahid namizəd kimi iştirakına İsa Qəmbər imkan verməyib

“Onların yola getməməsinim səbəbləri çoxdur. Birinci növbədə o zaman Xalq Cəbhəsinin parçalanmasına da əsas səbəb elə Müsavat Partiyası oldu. O vaxtdan indiyə qədər də bu iki partiya arasında ciddi şəkildə mübarizə gedir. Həmişə belə olub ki, bunlar seçkilərdə koalisiya şəkilində iştirak etməyiblər. Yadınızadırsa 1998-ci ildə Elçibəy hamısından xahiş etdi ki, ona bir şans verilsin ki, o, vahid namizəd kimi müxalifətin adından prezident seçkisində iştirak eləsin. Lakin ona bu şansı vermədilər. Həmin vaxt Müsavat Partiyasının başqanı İsa Qəmbər dedi ki, “hər kəs öz namizədliyini irəli sürməlidir””.

YAP funksioneri həmçinin Müsavat Partiyasında İsa Qəmbərin qarşıdakı prezident seçkisin üçün namizəd göstərilməsinə münasibət bildirib. Onun sözlərinə görə, İsa Qəmbər öz namizədliyini irəli sürsə də, Müsavat Partiyasında onun bu addımı dəstəklənmir.
AXCP sədri Əli Kərimlinin prezident seçkisində namisədəliyinə gəlincə, S.Novruzov buna lağlağı ilə yanaşıb. Deyib ki, Əli Kərimlinin namizədliyini yalnız sürücüsü və cangüdəni dəstəkləyəcək.

“İsa Qəmbərin öz namizədliyini irəli sürməsi əsas şərt deyil. Bu gün İsa Qəmbərin namizədliyini Müsavat Partiyası dəstəkləmir. Müsavat Partiyasında bir dəfə də qeyd olunmayıb ki, İsa Qəmbəri Müsavat Partiyası namizəd kimi qələmə versin. AXCP-də isə heç kim yoxdur. Orada Əli Kərimlinin sürücüsü, cangüdəni onun namizədliyini deyə bilərlər. Müsavatda isə fərqli düşüncəli insanlar başqa namizədi görürlər. İsa Qəmbər bundan öncə də məğlub olub. Dünya praktikasında belədir ki, bir seçkidə uduzan ikinci dəfə namizədliyini vermir, Amma İsa Qəmbər yenidən namizəd olmağa hazırlaşır”, - deyə S.Novruzov vurğulayıb.

Deputat daha sonra Müsavat Partiyası ilə AXCP arasında davam edən intriqaların hakimiyyət tərəfindən yaradılmadığını bəyan edib. YAP rəsmisinin fikrincə, onlar arasında gedən siyasi polemikaların hakimiyyətlə heç bir əlaqəsi yoxdur.

“Müsavatla Xalq Cəbhəsinin arasında gərgin münasibətlər hələ çoxdan başlayıb. Bunun hakimiyyətlə heç bir əlaqəsi yoxdur. Bu partiyalardakı insanlar sadəcə istəyirlər ki, öz namizədliklərini başqa-başqa təşkilatların adından versinlər. İsa Qəmbər namizədliyini versə də, buna əsas olmalıdır. Bu gün partiyaların heç biri onların namizədliklərini dəstəkləmir. Buna görə, onlar Ziyalılar Forumundan, İctimai Palatadan arabanın beşinci təkəri kimi istifadə etmək istəyirlər ki, oranın namizədi olsunlar. Onlar yaxşı bilirlər ki, prezident İlham Əliyevin alternativi yoxdur. Bu insanlar gözəl bilirlər ki, qalib gəlmək şansları sıfıra bərabərdir. Sadəcə maddi durumlarını yaxşılaşdırmaq şanslarından istifadə etmək istəyirlər. Müəyyən qüvvələr var ki, seçkilərdə onlara pul ayıracaqlar. Onlar da bu şansdan istifadə etməyə çalışacaqlar”.

Anar RÜSTƏMOV 

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?