Ümumdünya Ticarət Təşkilatna üzvlüyümüz bank, kənd təsərrüfatına, yerli istehsala zərbə vura bilər
“Azərbaycanın Ümumdünya Ticarət Təşkilatna üzv olması bank, kənd təsərrüfatına, yerli istehsala zərbə vura bilər. ÜTT ilə Azərbaycan arasında razılaşdırılmamış məsələlər var”.
Bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov prezident İlham Əliyevin ÜTT-yə üzvlük zamanı bir sıra problemlərin ola biləcəyi barədə toxunduğu məqamları Modern.az-a şərh edərkən bildirib. Onun sözlərinə görə, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması birmənalı qarşılanmır. Çünki üzvlüyün həm mənfi, həm müsbət tərəfləri var:
“Bankların əksəriyyəti müflis olacaq”
“Mənfi təsiri birbaşa onunla bağlıdır ki, ÜTT ölkədən iqtisadiyyatın, ticarətin liberallaşmasını tələb edir. Belə olan halda ölkəyə xarici şirkətlərin ölkəyə asanlıqla gəlməsi asanlaşır. Amma yerli şirkətlərin xarici şirkətlərlə rəqabət apara bilməməsi onların müflisləşməsinə gətirib çıxara bilər ”.
Bu sahədə ölkə prezidentinin mövqeyinin başa düşülən olduğunu deyən ekspertin sözlərinə görə, ÜTT-yə üzvlük bir sıra sektorlara neqativ təsir göstərəcək. Bunlardan biri də bank, aqrar və xidmətlər sektorudur: “Çünki yerli banklar xarici banklarla rəqabət apara bilməyəcək, bu da onların əksəriyyətinin müflis olmasına gətirib çıxaracaq. Məsələn ÜTT-yə üzv olduqdan sonra Estoniyada bir dənə də olsun yerli kapitala malik olan bank qalmayıb. Bütün banklar ya tam olaraq, ya da bank kapitalının müəyyən hissəsi bank tərəfindən alınıb. Polşa da ÜTT-yə üzv olduqda sonra bank sektorunda aktivlərinin 70 faizinə xarici banklar nəzarət edir”.
“Yerli məhsullar sıradan çıxacaq”
ÜTT-yə üzvlüyün aqrar sektora da mənfi təsir edəcəyini proqnozlaşdıran ekspert onu da bildirib ki, təşkilata üzv olduqdan sonra məhz xaricdən daha ucuz məhsulların ölkəyə gətirilməsi və yerli məhsulların satılmaması problemi yaşanacaq: “Təbii ki, bu fermer təsərrüfatlarının bir qisminin müflis olmasına və sıradan çıxmasına səbəb olacaq. Nəzərə alsaq ki, hələ indinin özündə Azərbaycanda aqrar məhsullar xarici məhsullardan bahadır onda ÜTT-yə üzv olduqdan sonra bu fərq daha da böyüyəcək”.
Təşkilata üzvlüyün müsbət tərəflərinin olduğunu da deyən mütəxəssis onu da bildirib ki, Azərbaycanın ÜTT-yə üzv olması iqtisadiyyatın liberallaşdırılmasına, yerli şirkətlərin asanlıqla xarici bazara çıxmasına imkan yaradacaq. Bizim qiymətləndirmələr və danışıqların sürəti göstərir ki, Azərbaycan qanunvericiliyi və
ÜTT standartlarının tətbiqi baxımdan Azərbaycan 2015-ci ilədək ÜTT-yə üzv olmaq üçün tam hazır olacaq. Artıq 2015-ci ildən sonra Azərbaycan ÜTT ilə bağlı veriləcək qərar birbaşa Azərbaycanın özündən asılı olacaq.
Azərbaycanın statusu açıq qalıb
Ekspertin sözlərinə görə, Azərbaycan hökuməti ilə ÜTT arasında razılaşdırılmamış məsələlər var ki, birinci məsələ də Azərbaycanın statusu ilə bağlıdır. İqtisadçı bildirib ki, ÜTT Azərbaycana inkişaf etmiş ölkə statusunu verib. İnkişaf etməkdə olan ölkələr üçün şərtlər inkişaf etmiş ölkələr üçün müəyyən olunan şərtlərdən daha yüngüldür. Amma Azərbaycanın statusu ilə bağlı hələ razılıq əldə etmək mümkün olmayıb.
Hazırda Azərbaycanla ÜTT arasında danışıqların davam etdiyini söyləyən iqtisadçı hesab edir ki, 2010-cu ildən sonra bu danışıqlarda xüsusi sürətlənmə hiss olunur. Bu da işçi qrupunun görüşlərinin keçirilməsi ilə bağlıdır:
“Tariflərlə bağlı həll edilməli məsələlər də var ki, Azərbaycan tariflərin pilləli endirilməsi mexanizmi ilə bağlı müəyyən məsələlər razılaşdırılmalıdır. Azərbaycanın üzvlük məsələsində həm ikitərəfli, həm çoxtərəfli danışıqlarda xeyli məsələ var ki, razılaşdırılmayıb. Amma buna baxmayaraq Azərbaycanla ÜTT arasında danışıqlar davam etdirilir. Son vaxtlar bu danışıqların daha da sürətlənib”-deyə ekspert vurğulayıb.
Gültəkin Ələsgər