Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 2013-cü ilin ilk Divan toplantısında Müsavat Partiyasının başqanı İsa Qəmbər 2013-cü ilin xalqımız və Müsavat Partiyası üçün uğurlu olmasını arzulayıb.
Qərarların icrası ilə bağlı müzakirələrdə dekabrın 31-də Müsavat Partiyasının İctimai Palata üzvləri və digər ictimai-siyasi qüvvələrlə birgə Milli azadlıq hərəkatının lideri, mərhum dövlət başçısı Əbülfəz Elçibəyin Fəxri Xiyabandakı məzarını ziyarət etməsi haqqında məlumat verilib. Toplantıda partiyanın 2013-cü ili Əbülfəz Elçibəy ili elan etdiyi vurğulanıb və bu qərarla bağlı iş planı hazırlanacağı bildirilib. Divan bütün demokratik qüvvələri Elçibəyin 75, Cümhuriyyərun 95 illik yubiley tədbirlərində fəallıq göstərməyə çağırıb.
İclasda Müsavat Partiyası Məclisinin yanvarın 4-də keçirilən toplantısı müsbət qiymətləndirilib. Bildirilib ki, Məclisin gedişatında partiyanın Nizamnaməsinə uyğun olaraq 2013-cü ilin oktyabr ayına təyin olunmuş prezident seçkilərində Müsavat Partiyasının öz namizədi ilə iştirak etməsinin məqsədəuyğun olması haqqında qərar qəbul edilib. Partiyanın Divanının prezident seçkilərində partiyanın namizədinin irəli sürülməsi haqqında tövsiyyəsini nəzərə almaqla, partiya Nizamnaməsinə uyğun olaraq partiyanın Mərkəzi İcra Aparatının rəhbəri, Müsavat başqanının müavini Arif Hacılı partiyanın başqanı İsa Yunis oğlu Qəmbərin namizədliyini irəli sürüb. Bu barədə Məclisin qərar layihəsini başqan müavini Gülüğa Aslanlı səsləndirib. Məclisin sədri Arzu Səmədbəyli fərqli təkliflər və partiyadan digər namizədlərin olub-olmamasının araşdırdıqdan sonra qərar səsə qoyulub və yekdilliklə qəbul edilib.
Divanın iclasında həmçinin Müsavat Məclisinin partiyanın namizədi ilə bağlı verdiyi qərarın icrasına yönəlik işlərə start veriləcəyi bildirilib. Divan üzvlərinə seçki kampaniyası ilə bağlı təklif və tövsiyyələrin hazırlanıb təqdim olunması tapşırılıb.
Toplantıda bildirilib ki, Müsavat Partiyası seçki ilində Seçki Məcəlləsinin təkmilləşdirilməsi istiqmətində səylərini artıracaq. Qeyd edilib ki, müstəqil hüquqşünasların hazırladığı Seçki İslahatı sənədi artıq Müsavat Partiyasının başqanı İsa Qəmbər tərəfindən imzalanıb. Divan sənədi hazırlayan mütəxəssislərə təşəkkürünü bildirib və imzalanan sənəd hüquqşünas Vidadi Mirkamala təhvil verib.
Divan İctimai Palatanın yanvarın 5-də keçirilən toplantısını müsbət qiymətləndirilib. Qeyd edilib ki, həmin sessiya və orda qəbul edilən qərarlar hakimiyyətin İctimai Palatanın iflasına dair yaydığı informasiyaları puça çıxarıb.
Partiyadaxili məsələlərin müzakirəsi zamanı zona müşavirələrinin keçirilməsi ilə bağlı bölgələrdən gələn təkliflər dəyərləndirilib. İctimai-siyasi durumun müzakirəsində bildirilib ki, ötən il siyasi və iqtisadi azadlıqların məhdudlaşdırılması, mülkiyyət hüquqlarının kütləvi şəkildə pozulması, siyasi repressiyaların güclənməsi, siyasi məhbusların sayının çoxalması və hətta siyasi qətllərin olması ilə yadda qalıb.
Eyni zamanda ötən ildə Müsavat Partiysaının, İctimai Palatanın, bir sıra digər siyasi qüvvələrin və gənclər təşkilatlarının, vətəndaş cəmiyyəti fəallarının, fədakar media mənsublarının ardıcıl və cəsarətli fəaliyyəti 2013-cü ildə vəziyyəti dəyişməyin, ölkədə köklü demokratik dəyişiklərə start verilməsinin mümkünlüyünü göstərib.
Sonda cari məsələlərə baxılıb.
Anar RÜSTƏMOV