Eks-prezidentlə bağlı cinayət işi yekunlaşır və artıq məhkəməyə göndərilməsi nəzərdə tutulur
“ABU-nun sabiq rektoru Elşad Abdullayevin yaydığı videoda adı keçən Rövşanə Əliyeva Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin cinayət işi ilə bağlı dindirilib”.
Bu barədə Modern.az saytına Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev məlumat verib. Hacıyev bildirib ki, onun özü də Əbülfəz Elçibəyin cinayət işi ilə bağlı bir neçə dəfə dindirilib:
“İstintaq Elçibəyi zəhərləyən insanın kimliyini müəyyən edib”
“Məndən başqa yüzlərlə şahid dindirilib. Artıq cinayət işi yekunlaşmaq üzrədir. Cinayət işi ilə bağlı araşdırmalar aparılıb. Elçibəyin zəhərlənməsi faktı tam sübuta yetirilir. Gözlənilir ki, yaxın vaxtlarda cinayət işində adı keçən şəxs-Elçibəyi zəhərləyən insan hüquq-mühafizə orqanlarına dəvət olunub, dindirilsin. Elçibəyin zəhərlənməsi ilə bağlı cinayət işi yekunlaşır və artıq məhkəməyə göndərilməsi nəzərdə tutulur. Hətta istintaqın gedişində mərhum eks-prezidenti zəhərləyən adamlar bəllidir. Ötən həftə Gülər Əhmədovanın işində adı çəkilən Rövşanə Əliyevan da Elçibəyin cinayət işi ilə bağlı dindirilib”.
“Rövşanə Əliyeva Elçibəyin cinayət işi ilə bağlı dindirilib”
Partiya sədri onu da bildirib ki, Rövşanə Əliyeva ad günündə AXCP sədri Əli Kərimlinin evində olub. Bundan başqa sözügedən cinayət işi ilə bağlı 4 nəfər qadın da dindirilib. Həmin xanımlardan biri də Rövşanə Əliyevadır:
“Həqiqətən də onun evində Elçibəyə zəhər verilib. Zəhərin artıq növü də bəllidir. Onun hansı formada verilməsi, necə verilməsi də bəllidir. Bu zəhər onda xərçəng xəstəliyi yaradıb. Bunların hamısı təsdiq olunub”.
H.Hacıyevin sözlərinə görə, hazırda istintaq işi yekunlaşdırmaq üzrədir. “İşin yekunlaşaraq məhkəməyə verilməsi artıq reallaşır. Əli Kərimli də yaxın günlərdə Prokurorluqda dindiriləcək. Onun ətrafında müəyyən insanlar var ki, onlar dindiriləndən sonra AXCP sədri də ifadə vermək üçün istintaqa çağrılacaq”.
Hafiz Hacıyev onu da bildirib ki, bəzi məqamlar istintaq sirri olduğundan onları açıqlamaq istəmir.
Gültəkin Ələsgər