Bu il Azərbaycanda mobil operatorlarla danışıq qiymətləri və internet tarifləri aşağı salınacaq. Bu məlumatı Modern.az-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov verib. Onun sözlərinə görə, bu barədə ətraflı danışmaq hələ tez olsa da, qiymətlərin endirilməsi nəzərdə tutulur:
“Nazirlik mobil operator və internet qiymətlərində dəyişiklik aparmaq, danışıq tariflərini endirmək barədə mütəmadi olaraq tövsiyələr verir. Bu qiymətlərə yenidən baxılacaq. Endirimlərin nə qədər olacağını isə demək hələ tezdir. Ola bilsin bu məsələ gələn ilə də qalsın. Yəni mobil danışıq və internet tariflərindəki endirimlər bu il də ola bilər, gələn il də”.
Nazirlik rəsmisi deyib ki, bu günə kimi Azərbaycanda internet tariflərində 5 dəfəyə yaxın endirim olub. M.Əmirovun sözlərinə görə, nazirlik ölkədəki mobil operatorlara danışıq qiymətlərini endirməklə bağlı tövsiyələr.
Müşfiq Əmirov onu da bildirib ki, ölkədə sürətli interneti təmin etmək və sürətli internet istifadəsilərini gələcək 3 ildə 85 faizə, minimum internet sürətini 10 Mb/saniyə çatdırmaq planlaşdırılır. Onun sözlərinə görə, Dövlət Neft Fondu ilə birlikdə həyata keçirilməsi nəzərdə tutulan bu layihə optik şəbəkə üzərindən həyata keçiriləcək:
“Bundan başqa, hədəfimiz İKT-nin inkişafı üçün münbit şəraitin yaradılması, rəqabət mühitinin yaxşılaşdırılmasıdır. Daha sonra iqtisadiyyatda neft amilini minimuma endirmək informasiya-kommunikasiya texnologiyalarının gələcək 10 ilə hər il təxminən 20 faiz artımını təmin etmək planlaşdırılır. Beləliklə, 2020-ci ilə qədər İKT sektorunun həcminin təxminən 4 dəfə genişləndirilməsi nəzərdə tutulur. Son ildə İKT sahəsində dövlət gəlirlərinin artımı ümumdünya inkişaf tempini 2-3 dəfə üstələyib və hər il üçün 20-25 faiz artım olub. Azərbaycan İKT-nin inkişaf tempinə görə, inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında qiymətləndirilir. Azərbaycan son 5-7 ildə ən dinamik inkişaf edən ölkə sırasındadır. Bu sahədə Azərbaycan MDB ölkələri arasında liderdir. 2004-2011 illər ərzində İKT sektoruna 2 milyard dollara yaxın investisiya qoyulub. Bunun da 21 faizini xarici investisiya tutur”.
Gültəkin Ələsgər