Modern.az

General Rasim Musayev nazir Ramil Usubovdan narazı qalıb

General Rasim Musayev nazir Ramil Usubovdan narazı qalıb

26 Yanvar 2013, 16:43

Yanvarın 21-də daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə tutduğu vəzifədən azad edilən Gəncə Şəhər Baş Polis İdarəsinin sabiq rəisi, general-mayor Rasim Musayevə dünən  yeni vəzifə verilib. Aznews-un yaydığı məlumata görə, Rasim Musayev daxili işlər nazirinin əmri ilə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəis müavini təyin edilib.

Modern.az saytı məlumatın rəsmən təsdiqini öyrənmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən verilən məlumatda onlarda bu haqda hər hansı bir məlumat olmadığı bildirilib.  “Ümumiyyətlə bununla bağlı əmri də görməmişik”.

Maraqlıdır ki, İnterpolun Milli Mərkəzi Bürosundan da məlumatı təsdiqləməyiblər. Bildiriblər ki, onlar da bununla bağlı hər hansı məlumat yoxdur.

Rasim Musayevin yaxınları isə Modern.az saytına generala yeni vəzifə verildiyini təsdiqləyiblər. Onlar bildiriblər ki, Rasim Musayev Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi Mehman Təhməzovun (o da bu vəzifəyə yeni - 2012-ci ilin sonunda gətirilib-red.) müavini təyin edilib.

Həmçinin bildiriblər ki, Rasim Musayev bu təyinatdan məyus olub. Hətta general işsiz qalmağı belə, bundan üstün tutub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, R.Musayev öz xahişi ilə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən çıxıb.
Amma qeyri-rəsmi mənbələr R.Musayevin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə münasibətlərinin kəskinləşməsi səbəbindən işdən uzaqlaşmağa məcbur olduğunu bildirirlər.
Daxili İşlər Nazirliyi  bu məlumatları həqiqətə uyğun olmayan əsassız və qərəzli məlumatlar adlandırıb.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!