Modern.az

Əkrəm Əylislinin “sıfır variantı”

Əkrəm Əylislinin “sıfır variantı”

4 Fevral 2013, 14:27

Əkrəm Əylislinin “Daş yuxular”romanı ətrafında baş verən qalmaqal əslində hiddət kükrəyən cəmiyyətin Qarabağ məsələsində tutduğu mövqe üçün bir barometr oldu. Mən görkəmli Azərbaycan yazıçısının indi tənqid və təhqir atəşinə tuş gəlmiş bu romanının bədii keyfiyyətləri barədə yazmaq istəmirəm. Romanı oxuyan bir oxucu kimi deyə bilərəm ki, əsərin əksər yerlərində özümü ələ salınmış, bəzi yerlərdə təhqir olunmuş hiss etsəm də, roman “nə etməli?” sualını tərs şapalaq kimi üzümə çırpdı.   

Nədir axı “Daş yuxular”ın qayəsi? Şeyx Nəsrullah demişkən burda mətləb bir az “tuldur”.  Əvvəla qeyd etmək lazımdır ki, “Daş yuxular”ın 2013-cü ildə yaşayan azərbaycanlılara heç bir dəxli yoxdur. Romanın qəhrəmanları sovet vətəndaşlarıdır. Bu əsərdə 1989-cu ilin hələ də beynəmliləl mühitində yaşayan Bakının, şəhər sakinlərinin onlara aydın olmayan bir münaqişə barədə təlaşlarından danışılır. İstər Sadaylı, istərsə professor Abbasəliyev bütün zehni və kültürü ilə “sovet məhsuludurlar”. Kommunistin əxlaq kodeksini əzbər bilən bu qəhrəmanlar üçün onların rahat, isti, artıq oturuşmuş şəhər həyatını silkələyən “gəlmələrin”, “yerazlar”ın əzabları, problemləri, düşdükləri bəlanın motivi  aydın deil. Klanlararası mübarizənin metodlarından xəbərdar olan bu adamlar Qarabağ faciəsini hər şeydən əvvəl kimlərinsə hakimiyyət uğrunda apardığı mübarizə kimi qavrayır. Əkrəm Əylisili məsələyə bu müstəvidən yanaşır.  Ancaq Ə.Əylisinin qəhrəmanlarının mesajı çağdaş dövrün nəsli üçün anlaşılmzıdr. 20 ilin müddətində tamamən ayrı sloqanlarla böyüyən, mənsub olduğu xalqa qarşı haqsızlıq görmüş, bunu taleyində yaşamış yeni nəsil üçün “Daş yuxular” “soyuq düş”dur.   

....“Daş yuxular” uzun illərdən sonra Qarabağın taleyi barədə düşünmək üçün qəfil vurulan sərt silləni xatırladır... Biz 20 ildir “nə sülh, nə də müharibə” formatında ömür sürürük. ATƏT-in “vədlər çətiri”altında axıb gedən bu həyat artıq çoxdandır ki, barıt qoxusunu və güllə səsini unudub. Ara-sıra cəbhə xəttindən gələn əsgər cənazələri və saçları ağarmış keçmiş döyüşüçlər xatırladır bizə müharibəni, Qarabağı... Bir də TV-lərdəki qanlı xronikalar... Bu xronikalar 20 yaşı olan indiki gənclərdə bir az yabançı və yad təsirlər də doğurur... Əvəzində biz indi “böyük güclər” deyilən dövlətlərin masaya qoyduğu Qarabağ üçün “sülh reseptlərini” daha çox görürük. 

“Tərəflərin liderləri öz əhalilərini düşmən deyil, yenidən qonşu kimi, digər tərəfin mədəniyyətinə, tarixinə və ənənələrinə tam hörmət şəraitində yaşayacaqları günə hazırlamalıdırlar”. Bu Rusiyanın vasitəçiliyi ilə Soçidə keçirilən  görüşdə imzalanan bəyanatından götürülən sitatdır... Neçə illərdir ATƏT-in Minsk Qrupunun Qarabağ münaqişəsinin həlli üçün bizə təklif etdiyi hazır “sülh reseptləri”nin anonsudur... Hamı bizi o günə hazırlayır... “O GÜN”ə xitab edənlər “erməni ilə birgə yaşamaqdan ayrı yolunuz yoxdur” mesajını verir. Amma hələki bizə qaranlııqdır bu “reseptlər”... Bu “sülh reseptləri” barədə biz azərbaycanlılar yalnız Elmar Məmmədyarovun diplomatik dilindən və poltoloqların ehtiyatlı açıqlamalarından xəbər tuturduq. İndi isə budur, sən demə bunun üçün biz əvvəlcə “günahlarımızı” etraf etməli imişik... Əkrəm Əylisli bizə "sıfır variantı" təklif edir... Heç kimin qəbul etməyəcəyi, zaman çayının artıq yuyub apardığı “sovet dostluğu”nun detallarını beynəlxalq təşkilatların “sülh respet”lərinə müncər etmək.... Bu anlaşılmazdır... 

"Daş yuxular" bizi seçim anı barədə düşünməyə vadar edir: Nəyi seçməli? Qarabağ üçün aparacağımız müharibəni yoxsa beynəlxalq təşkilatların bizə sırımağa hazır etdikləri "sülh reseptləri"ni? Məncə, cəmiyyəti silkələyən “Daş yuxular”ın əsas mesajı budur...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!