Modern.az

Gəlsin xələt versin bəyin... - Modern.az-da “Unudulmuş adətlər”...

Gəlsin xələt versin bəyin... - Modern.az-da “Unudulmuş adətlər”...

Ölkə

7 Fevral 2013, 11:19

“Aşıq Ələsgər dövrünün toyları daha yaddaqalan idi”


Modern.az
-ın “Unudulmuş adətlər” rubrikasında bu dəfə toylarımızda xüsusi önəm kəsb edən “Bəy tərifi”dən söhbət açacağıq. “Bəy tərifi” hər zaman xüsusi maraqla qarşılanıb. Lakin müasirliyin həyatımıza gətirdiyi yeni çalarlar toylarımızın bu özünəməxsusluğunu da bizə unutdurub.

İndiki toylarla müqayisədə…

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-tərcüməçi İlyas Tapdıq adət-ənənələrimizin unudulmasını gənclərimizin daha dəbdəbəli toyların keçirilməsinə can atması ilə əlaqələndirdi: “Mən indiki dövrlə o vaxtı müqayisə etdikdə nəinki tək bəy tərifi mərasiminin, hətta bir çox milli adətlərimizin unudulmasını və getdikcə bizə yadlaşdığını deyərdim. Bizim dövrün çox məşhur insanlarında olan Qulu Əsgərov bəy tərifi mərasimin özünə xas şəkildə çox yüksək səviyyədə təşkil edərdi.

Bəy tərifi bəyin əxlaqını, gələcəyə istiqamətini verən xoş sözlərdən ibarətdir. Burda onun qohumlarını bir-bir dəvət etməklə, bəy haqqında xoş sözlər deyilərdi. Yəni gələcəkdə nə baş versə, o öz arvadına diqqət və qayğısını əsirgəməməlidir. Bəy tərifi o vaxtkı gənclərin, xüsusilə bəyin səbirsizliklə gözlədiyi bir məqam idi. Çünki eşidəcəyi xoş məramlı sözlər ona sanki ruh verirdi. Həm də bir növ, tərbiyəvi xətdə olan sözlər idi.

Bu adət öz dəyərini və mahiyyətini getdikcə itirir. Əvvəllər toy mərasimləri çox dəbdəbəli keçirilməzdi. Amma indiki toylarda hamı bir-birindən fərqlənməyə can atır və heç kim öz yorğanına görə ayağını uzatmır. İndi açıq-saçıqlığa daha çox yer verirlər. Mən indiki toylara getmirəm. Bu cür toyları sevməməyimin bir səbəbi də daha çox hay-küylü olması və ağız deyəni qulaq eşitməməsidir”.

“Aşıq Ələsgər dövrünün toyları öz milliliyi ilə seçilirdi”

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyir ki, Aşıq Ələsgər dövrünün toyları daha unudulmaz və yaddaqalan olub:

“Bu gün keçirilən toylarımız təbii ki, Aşıq Ələsgər dövrünün toylarından tamamilə fərqlənir. Əvvəllər toylarımızda milli adət-ənənələrin qorunmasına daha çox diqqət yetirilərdi. Bu gün cəmiyyətimizin  getdikcə inkişafı bu adətlərin unudulmasına və yaddaşlardan silinməsinə gətirib çıxarıb. Elə bir zamanlar gənclərin səbirsizliklə gözlədiyi bəy tərifi mərasimi kimi. Təbii ki, bu adət-ənənələrin unudulmağı heç də yaxşı əlamət deyil. Çünki toylarda deyilən bəy tərifi bir növ bəyi ailəyə daha sadiq və qayğıkeş olmağa səsləyirdi. Qohumlardan eşidəcəyi xoş sözlər və təriflər onun üçün bir başqa anlam daşıyırdı. Əlbəttə, bugünkü toylarımızda bəy tərifi mərasimlərinə demək olar ki, rast gəlinmir. Bu adət-ənənəni bərpa etmək olar, amma bunun üçün əvvəlcədən hazırlaşmaq lazımdır. Aşıq Ələsgər təcrübəsindən istifadə etməklə, toylarımızı daha maraqlı edə bilərik. Bugünkü toylarımızda bəzən bəylə gəlini belə, tanımaq olmur. Buna görə də toylarımızda hərtərəfli yadlaşma gedir. Bu gün biz bəy tərifi mərasimini toylarda əvvəlki kimi olmasada yeni formada təşkil edə bilərik. Toylarımızda bəylə gəlinin, xüsusilə bəyin tərifi mahiyyətcə çox məsuliyyətli bir işdir. Mən get-gedə toylarımızda bəylə gəlinin taleyinin arxa plana keçdiyini və mahiyyət etibarilə lazım olmayan şeylərin ön plana çəkildiyinin şahidi oluram”. 

“Toylar bəy tərifi deyil, bəyin tənqidi üzərində təşkil olunmalıdır”

Ulduz” jurnalının baş redaktor müavini, şair-jurnalist Qulu Ağsəs toylarımızın çox aşağı səviyyədə təşkil olunduğunu və milli adət-ənənələrimizin qorunub saxlanmasının tərəfdarı olduğunu bildirdi:
“Keçmişdə toylarımız daha maraqlı olardı. Üç gün-üç gecə toy davam edərdi. Bütün adətlər qorunub saxlanmaq şərtilə, qadınlar və kişilər üçün ayrı-ayrı məclis qurulardı. Bu toylar daha çox yadda qalardı. Keçmişdəki toylarında hər şeyi xanəndə özü seçirdi. Bu, təbii ki, bir tamaşa, bir şou idi. Və o evdən çıxan zaman artıq bilirdi ki, hansı dəsgahları hansı qayda ilə oxuyacaq. Və insanlar da bilirdilər ki, oturub ona qulaq asacaqlar. İndiki toylardan fərqli olaraq xanəndənin sözünü kəsmək, ona hər hansı müdaxilə etmək olmazdı. Bəy tərifi sonuncu gün olardı. Yəni bir qayda olaraq nə bəy, nə gəlin toyda iştirak edirdi. Bəy toyun sonunda sağdış və soldışla birgə məclisə daxil olardı. Onlar üçün stol hazırlanardı və beləliklə xanəndə bəyin tərifinə başlayardı. Bununla da əllər cibə gedərdi və hər kəs imkan daxilində pul atardı. Təbii ki, qohumlar daha çox pul atardılar və xanəndə daha çox pulu bununla tutardı. İndiki toylarda yaxşı olardı ki, bəyi tənqid etsinlər. Gənclərin dili ilə desək, “müasir” toylarımızda biabırçılıq baş alıb gedir. Düşünürəm ki, adamın 300-400 doğması ola bilməz. Bu 100 nəfərlə kifayətlənsə, daha yaxşı olar. İndi 500 nəfərlik toylardan baş açmaq belə, olmur. Bəy tərifi mərasimi bir kənara, gəlinin  çılpaq əyləşməsi bugünkü toylarımızın biabırçılığıdır. Bilmirsən müğənnidir, ya mərifətli bir ailənin övladı. Ümumiyyətlə, indiki toylar xoşuma gəlmir”.  

Pərvin ARZUQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!