“Qətliamın qarşısının almaqdan ötrü ciddi tədbir görülməməsinin baş günahkarı Ayaz Mütəllibov idi”
Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov APA-ya müsahibəsində o zamankı AXC qüvvələrinin Xocalıda yaranmış vəziyyətdən istifadə edərək hakimiyyəti ələ keçirməkdə günahlandırıb. Modern.az saytı həmin dövrün AXC fəallarından olan, hazırda Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılıdan Mütəllibovun ittihamlarına münasibət öyrənib.
“Qətliamın baş verməsindən camaatın xəbəri yox idi”
A.Hacılı qeyd edib ki, Ayaz Mütəllibovun fikirlərini yanlışdır. Əsas səbəbkarın özü isə elə Ayaz Mütəllibovdur: “Xocalı faciəsinin səbəbkarları, bu soyqırımı törədənlər təbii ki, erməni-rus hərbi birləşmələri olub. Qarabağdan olan milliyətcə azərbaycanlı vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunmamasının günahı isə o vaxtkı Azərbaycan hakimiyyətinin və ali baş komandan olan Ayaz Mütəllibovun üzərindədir. O, Azərbaycan ordusunun yaradılmasını ləngitməklə, hakimiyyətinin son günlərinədək imdadı Moskvada axtarmaqla faktiki olaraq yaxşı silahlanmış erməni hərbi birləşmələri qarşısında azərbaycanlıları əliyalın qoymuşdu. Qətliam baş verərkən cəmiyyətin bundan xəbərinin olmamasının, faciənin qarşısını almaqdan ötrü ciddi tədbir görülməməsinin baş günahkarı Ayaz Mütəllibovdu. Onun hakimiyyətdən getməyinin səbəbi də yarıtmaz və yanlış fəaliyyətinin nəticəsi idi”.
“Biz Xocalıdan sonra asanlıqla hakimiyyətə gələ bilərdik”
Arif Hacılının sözlərinə görə, Xocalı hadisəsindən sonra AXC asanlıqla hakimiyyətə gələ bilərdi. Amma bu addımı atmayıblar. “Çünki Kommunist partiyasının strukturları dağılmışdı və bizə qarşı hər hansı siyasi qüvvə mövcud deyildi. AXC-nin isə həm xalq arasında nüfuzu, həm də respublikanın hər yerində strukturları var idi. Eyni zamanda, Qarabağda az-çox fəaliyyət göstərən, Azərbaycan ərazilərinin müdafiəsini təşkil edən silahlı birləşmələr, batalyonlar AXC-yə rəğbət bəsləyirdilər. Bununla belə, biz nəinki hakimiyyəti ələ almadıq, əksinə parlamentdə çıxış edərək AXC-nin həmin ildə verilən qərarına uyğun olaraq, seçkilərin keçirilməməsini, Ayaz Mütəllibovdan sonra faktiki olaraq dövlət başçısına çevrilmiş Yaqub Məmmədovun hakimiyyəti altında fəaliyyətimizi davam etdirmək istədik. Şuşanın, Laçının müdafiəsi tam təmin olunduqdan, normal ordu yarandıqdan sonra hakimiyyət məsələsinin həll olunması təkliflərini irəli sürməliydik. Ancaq may ayında kommunist çoxluq Ayaz Mütəllibovu hakimiyyətə qaytardı. Bizim təkidli tələblərimizə baxmayaraq, ölkədə növbədənkənar prezident seçkisi keçirməyi qərara aldılar. Bütün bunlar AXC-nin guya, hakimiyyətə gəlmək üçün Xocalı faciəsindən istifadə etdiyi kimi fikrin absurd və cəfəng olduğunu təsdiqləyir”-deyə Arif Hacılı vurğulayıb.
Aqşin Kərimov