Millət vəkili Məlahət İbrahimqızı Bakı və Azərbaycanın ətraf rayonlarında təşkil edilən “Topaz” mərc oyunlarının Azərbaycanın gələcəyi üçün ciddi təhlükələr yarada biləcəyini qeyd edib.
Modern.az saytına açıqlamasında deputat bildirib ki, bununla əlaqədar ona son 4-5 ayda çoxlu müraciətlər daxil olub.
“Bu günlərdə mənə 3 müraciət də daxil olub. Daha çox analar müraciət edir. Hətta bir müraciətdə qadın qeyd edib ki, onun həkim olan həyat yoldaşı “Topaz”da külli miqdarda pul uduzub və evini satmaq məcburiyyətində qalıb. Digər iki müraciətdə isə analar bildirir ki, övladlarını həmin yerdən çəkə bilmirlər. “Topaz”ın işi gənclərin, insanların asudə vaxtının təşkili ilə bağlı, dövlət başçısının, parlamentin, dövlətimizin həyata keçirdiyi siyasətin tam əksinə olan bir fəaliyyətdir. Yəni bir yerdə ki pulla oyunlar var, bunun nəticəsi də artıq məlumdur, hansı formada oynanılmasının fərqi yoxdur. Başlanğıc, nəticədə və niyyət eynidir”.
M.İbrahimqızı vurğulayıb ki, gündən-günə artan “Topaz”ların yığışdırılması lazımdır.
“Çünki bu xərçəng xəstəliyi kimi ölkədə sağlam düşüncəli gəncləri də özünə cəlb edir. Müraciət edən anaların birindən oğlunu soruşdum, deyir, oğlu çox tərbiyəli idi, futbol azarkeşi olduğundan bir yoldaşının təhriki ilə “Topaz” mərclərinə qoşulub. Dostunun təhriki ilə bir neçə dəfə ora getdikdən sonar, onda “xəstəlik” yaranıb və “Topaz”dan ayrıla bilmir. Alışqanlıq ifrata getdikcə hədsiz dərəcədə bəlaya çevrilir”.
Millət vəkili bildirib ki, bu oyunların təşkil edilməsi yaxşıdırsa, o zaman onu niyə pullu edirlər?
“Buranı pulsuz etsələr, gedən olmaz. Onsuz da Bakıda və Bakıdan kənarda kifayət qədər istirahət yerləri, əyləncə mərkəzləri, ictimai-iaşə mərkəzləri, çayxanalar, kafelər var. “Topaz” xüsusilə iradəsi, düşüncəsi, təhsil səviyyəsi zəif olan gənclərimizi tam yolundan çıxartmağa sövq edən bir yerdir. Hesab edirəm ki, məsələyə ciddi yanaşmaq lazımdır, çünki bu, Azərbaycanda gənclərin tərbiyəsinə çox ciddi təsir göstərəcək. Fikrimcə, “Topaz”la bağlı indidən narahat olmalıyıq və gələcəkdə daha ciddi problemlər gətirməməsi üçün onun fəaliyyətinin qarşısını almalıyıq”.
Hüquqşunas Əliməmməd Nuriyev hesab edir ki, “Topaz” oyunlarına gedən gənclər sonradan çox fəlakətli vəziyyətə düşürlər.
““Topaz” müstəqil oyunlar silsiləsinə daxildir. Bu fəaliyyəti həyata keçirir. El arasında buna qumar oyunu da deyilir. Və təsadüfi deyil ki, mərhum prezident Heydər Əliyevin mənəvi dəyərlərə zidd olduğu üçün kazinoların qadağan olunması ilə bağlı fərmanı olmuşdu. “Topaz”ın məntəqələrinə girsəniz, görərsiniz ki, orada əksəriyyət gəncdir. Onların çoxu borca düşür, oğurluq edir, cinayət əməlinə yol verirlər. Bir tərəfdən işləmirlər, deyirlər ki “tez zamanda varlanacağıq”, ikinci bir tərəfdən isə udmaq şansları çox azdır. Çünki uduş faizləri çox aşağıdır”.
Ə.Nuriyev bildirib ki, belə gənclərin çoxunun borca düşmə səbəbindən valideyinləri evlərini satmaq məcburiyyətində qalır.
“Eyni zamanda aparılan araşdırmalar onu göstərir ki, bu problem ailələrin dağılmasına da geniş təsir göstərir. “Topaz”ın dayaq məntəqlərinin sayı mərkəzlərinin sayını da keçir. Külli miqdarda gəlir əldə olunur və bu gəlirin necə faizinin vergiyə gedib-getmədiyi qaranlıq qalır. Baxmayaraq buna icazə verilir, lisensiyası var, eyni zamanda Cinayət Məcəlləsində Azərbaycanda azad oyunların keçrilməsi qadağan edilir, yəni cinayət məsuliyyəti nəzərdə tutulur. Bir halda dövlət bunu qadağan edir, digər tərəfdən belə lisenziya verilir. Ona görə də hesab edirəm ki, Azərbaycan əxlaqı, mənəvi dəyərləinə zidd olduğundan belə oyunlar ləğv ediməlidir. Bu gəncliyin inkişafına mənfi təsir göstərir və dəhşətli nəticələrə gətirib çıxardır”.
Məsələ ilə bağlı “Topaz”la əlaqə saxlayıb, qeyd edilənləri onlara çatdırmağımıza baxmayaraq bu günə qədər hələ bir məlumat verilməyib.
Aytən ƏLİYEVA