Modern.az

Supermarketlər bazarların bazarını öldürüb - ARAŞDIRMA

Supermarketlər bazarların bazarını öldürüb - ARAŞDIRMA

7 Mart 2013, 10:48



Əvvəllər alıcılarda bazar mədəniyyəti var idi. İşləyən, işsiz, kasıb, imkanlı, bir sözlə, hər kəs tədarükünü görmək üçün bir gün vaxtını ayırıb bazara yollanardı. Kartofunu, soğanını, südünü, qatığını, yumurtasını, ətini, göy-göyərtisini ordan alardı. Alıcı satıcıdan hansı malın məsləhətli olduğunu, yerli, yoxsa əcnəbi ərzaq olduğunu öyrənər, qiymət endirər, razılığa gələrdi. Amma bu ənənə artıq əvvəllərdə qalıb. İndi çox adam bazarlığını iri marketlərdən edir. Kənd təsərrüfatı məhsullarının supermarketlərə “ayaq açması” isə necə deyərlər, bazarların bazarını öldürüb. İndi heç kim canına əziyyət verib bazara getmir, evinin bir addımlığındakı marketdən ona nə lazımdırsa, hamısını alır. Nə əvvəlki kimi alıcı-satıcı ünsiyyəti qalıb, nə də razılaşıb qiymət öldürmək. Hər ərzağa standart qiymət qoyan marketlərə hər kəs səbətini əlinə alıb ərzağını yığır və sonda kassaya yaxınlaşaraq pulunu ödəyir.

Modern.az birdən-birə istehlak mədəniyyətinin bu qədər dəyişməsinin səbəblərini araşdırıb. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov kolxoz bazarlarının istehlakçıların hüquqlarının ən çox pozulduğu yer hesab edir. Onun fikrincə, belə bazarlarda orta çəki 1 kiloqram 800 qramdır. E.Hüseynovun sözlərinə görə, bazarlarda tərəzilər, çəki daşları ildə bir dəfə olsun standartlaşmadan keçirilmir: “Kolxoz bazarları yeganə yerdir ki, dünyanın bir çox yerlərində həmin bazarlara gedənlər ciblərində yaylı tərəzi gəzdirir. Yaylı tərəzi isə yayda genişlənir, qışda yığılır. Belə olan halda çəki daşlarının yerinə gah badımcan qoyurlar, gah kartof. Bu da istehlakçının aldadılması ilə nəticələnir”.

AİB sədri onu da bildirdi ki, Azərbaycan xalqında “bazar” mədəniyyəti formalaşıb. Bazara çıxmaq, satıcı ilə danışmaq, söhbət etmək, dialoq qurmaq mədəniyyəti var. Amma bu ənənələr getdikcə yoxa çıxır:
“Bilmirəm bu yaxşıdır, ya pis. Amma hər halda alıcı ilə satıcının dialoqu əhəmiyyətli bir məsələdir. Çünki alıcı satıcı ilə dialoq edəndə malın keyfiyyəti, onun mənşəyi haqqında, haradan gətirilməsi barədə məlumat alır. Son illərdə Qərb mədəniyyəti Azərbaycana da gəlib çıxıb. Supermarketlərdə alıcı ilə satıcının dialoqu yoxdur. Amma “İstehlakçıların hüquqları haqqında” Qanuna görə, satıcı istehlakçıya malın mənşəyindən, tutmuş hər bir xüsusiyyətləri barədə məlumat verməyə borcludur. İstehlakçılar bu hüquqlarından istifadə edib satıcıları buna öyrədə bilərlər”.

Eyyub Hüseynovun sözlərinə görə, əvvəllər bazarlarda qiymət endirmək, satıcı ilə razılaşıb malın qiymətini “öldürmək” var idi. Amma supermarketlərdə bu yoxdur. AİB sədrinin sözlərinə görə, belə bir qiymət razılaşması haradasa istehlakçıya “sərf edirdi”. Amma iri marketlərə belə qiymət razılığı yoxdur. E. Hüseynov onu da qeyd etdi ki, iri marketlərə gətirilən kənd təsərrüfatı məhsulları da bazarlardan alınır. Amma həmin kənd təsərrüfatı mallarının keyfiyyəti barədə məlumat verilmir.

Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov deyir ki, bazarlara rəqib yaransa da, supermarketlər hələ geniş yayılmayıb. Onun sözlərinə görə,  bazarda satıcılar öz məhsullarını satır, alıcılar da bilir ki, hansı rayondan hansı məhsul gətirilib, satılır.
“İndi isə bazarda satış edənlərin 99%-i alverçidir. Heç onlar da bilmirlər ki, nə satırlar. Alverçilər də səhər-səhər gedib topdansatış yerlərindən mal alıb satırlar. Odur ki, onlar da bilmirlər ki, məhsul haradan gəlmədir, haranın məhsuludur. Bazarlar alıcılar üçün məhdud vəziyyətdədir. Bakıda 15-20 bazar var. Amma iri marketlərə hər həyətdə rast gəlmək olur. Bir alıcının bir marketə girib ərzağın bütün növlərini alıb çıxması alıcı üçün yaxşı imkandır. O, vaxtına qənaət edir. Alıcı vaxtını itirmək istəmədiyindən bazara üz tutmur. Çünki bazarda hər şeyi başqa-başqa yerdən almağa məcbur olur. Bu gün bazarların əsasnaməsi yoxdur. Kim nə cür istəyir, o cür də mal satır. Biri ucuz verir başqası baha. Ona görə də marketlər bazarları sıradan çıxarıb”

Gültəkin Ələsgər

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!