Müxalifətçi gənclərin Fəvvarələr Meydanında təyin etdiyi "Əsgər ölümünə son!" aksiyası başlayıb. Modern.az-ın əməkdaşının verdiyi məlumata görə, aksiya başlar-başlamaz polis əməkdaşları ərazini mühasirəyə alaraq etirazçı kütlənin qarşşısını almağa çalışıb. Nəticədə gənclərlə polis arasında qarşıdurma yaranıb. Polis nümayişin qarşısını almaq üçün su şırnaqlarından istifadə edib.
Əməkdaşımızın verdiyi məlumata görə, aksiya iştirakçıları arası xeyli sayda həbs edilənlər var.
***
Müsavat Partyasının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bu gün Bakıda “Fəvvarələr” meydanında “Əsgər ölümlərinə son” şüarı altında keçirilən aksiya zamanı Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Rauf Məmmədli, Müsavat Gənclər Təşkilatının üzvləri Ayaz Xəlilzadə, Ağababa Məmmədov, Azər Sadıqov, Şamil Beydulla və Fərid adlı gənc polis tərəfindən saxlanılıb.
Aksiyada ADP üzvləri Osman Əhmədov, Orxan Babayev də var. “OL” Gənclər Təşkilatından Ruslan Əsəd də polis tərəfindən saxlanılıb.
Polis tərəfindən xüsusi avtobuslara doldurulan etirazçılara qarşı zor tətbiq olunub. Onlar döyülüblər, üzlərinə gözyaşardıcı qaz vurulub.
***
Əməkdaşımızın bildirdiyinə görə, aksiya artıq başa çatıb. Amma ərazidə xeyli sayda polis qüvvələri var.