Modern.az

Milli Məclisdə hökumətdən müəllimlərə status istənildi

Milli Məclisdə hökumətdən müəllimlərə status istənildi

15 Mart 2013, 16:56



Milli Məclisin deputatı Bəxtiyar Əliyev parlamentin bugünkü iclasında hökumətin hesabatının müzakirəsi zamanı müəllimlərin statusu ilə bağlı məsələni qaldırıb. Deputat bildirib ki, bu bir neçə il bundan əvvəl müəllimlərə xüsusi statusun verilməsi üçün sərəncam imzalansa da, məsələ hələki açıq qalıb.

Deputat Bəxtiyar Əliyevin fikrincə, bu statusun müəyyənləşməsi bir sıra məsələlərin həllinə kömək edə bilər.

Millət vəkili müəllimlərin status məsələsinin 2013-cü ildə həll olunacağına ümid etdiyini bildirib.

Hökumətin hesabatı zamanı millət vəkili Qənirə Paşayeva da müəllimlərə və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi məsələsini qaldırıb:

"2011-ci ilin aprelin 20-də prezident cənab İlham Əliyev sərəncam verib ki, 3 ay müddətində Nazirlər Kabinetində təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsi ilə bağlı konsepsiya layihəsi hazırlansın. Təhsil Nazirliyi də Nazirlər Kabinetinə bununla bağlı öz təkliflərini ötən il göndərmişdi. Artıq 1 il yarımdan çox vaxt keçib. Bu məsələ ilə bağlı vəziyyət nə yerdədir? 2013-cü ildə bu konsepsiya ortaya çıxacaqmı? Bu addım atılsa, təhsil və səhiyyə işçilərinin həyatında ciddi dəyişiklik olar. Bu onların həm əmək haqlarına, həm də statuslarına ciddi təsir göstərər. Mən ümid edirəm ki, 2013-cü ildə bu istiqamətdə addımlar daha da sürətlənəcək”.

Xatırladaq ki, təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə Prezident İlham Əliyev 2011-ci ilin aprel ayının 20-də sərəncam imzalayıb. Sərəncamla Nazirlər Kabinetinə tapşırılıb ki, dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Hazırda ölkənin bütün müəllim və həkim ordusu səbirsizliklə bu konsepsiyanın təsdiqlənəcəyi günü, sənədin açıqlanmasını və ona müvafiq olaraq maaşların artırılmasını gözləməkdədir. Bu da səbəbsiz deyil. Çünki müəllim və həkimlər Azərbaycanda ən aşağı maaş alan təbəqələrdir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!