Modern.az

Məşhur rusiyalı oliqarx öldü

Məşhur rusiyalı oliqarx öldü

23 Mart 2013, 21:58

Məşhur rusiyalı oliqarx, uzun müddətdir Londonda mühacir həyatı yaşayan Boris Berezovski 68 yaşında vəfat edib.

Modern.az-ın “lenta.ru”ya istinadən verdiyi məlumata görə, Berezovskinin ölümü barədə onun kürəkəni Yeqor Şuppe özünün “Facebook” səhifəsində yazıb. Hadisənin təfərrüatları hələlik məlum deyil.

Rus mediası B.Berezovskinin gah intihar etdiyi, gah da zorakılıqla öldürüldüyü barədə ziddiyətli xəbərlər yayıb.

«İTAR-TASS» oliqarxa yaxın mənbələrə istinadən bildirib ki, B.Berezovskinin meyiti Londondakı evinin vanna otağında tapılıb.

Boris Berezovski 1946-cı ildə Moskvada doğulub. 1993-1994-cü illərdə bizneslə məşğul olan Berezovski o zaman prezident Boris Yeltsinin yaxın ətrafına daxil ola bilmişdi. 1999-cu ilin dekabrında o, Dövlət Dumasına deputat seçilmişdi. 2000-ci ilin iyulundan B.Berezovski deputat mandatından imtina edərək Rusiya prezidenti Vladimir Putinə qarşı müxalif mövqedən çıxış etməyə başladı.
Məhz bu səbəbdən elə həmin ildə o, Rusyanı tərk etdi. Amma Rusiya hüquq-mühafizə orqanları ona qarşı dövlət əmlakını talamaq maddəsilə cinayət işi açdılar.
Boris Berezovski Rusiyada qiyabi məhkum olunmuşdu. Moskva oliqarxın ekstradisiyasını tələb etsə də, buna nail ola bilməyib.

B.Berezovski 2003-cü ilin sentyabrından Britaniya daimi siyasi sığınacaq alıb.

2008-ci ildə “Forbes” jurnalı Berezovskinin 1,3 milyard dollar varidata sahib olduğu barədə məlumat yayıb.

B.Berezovskiyə qarşı 6 dəfə sui-qəsd və sui-qəsd cəhdləri edilib. Son dəfə o, 2007-ci ildə Londonda sui-qəsd cəhdinə məruz qalmışdı. Belə cəhdlərdən birində onun sürücüsü həlak olmuş, mühafizəçisi ağır yaralanmış, Berezovski isə yüngül xəsarət almışdı. Bu sui-qəsdlərdən heç birinin üstü açılmayıb.

Berezovski üç dəfə nikaha girib, onun bu evliliklərdən 6 övladı, 6 nəvəsi qalıb.

A.Qorxmaz  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!