Gülər Əhmədovanın aclığa başlaması ilə bağlı məlumatı yayan aznews.az saytı təkzib verməsə, onları məhkəməyə verəcəyəm”.
Bu barədə Modern.az-a Gülər Əhmədovanın vəkili Raqif Mustafayev bildirib.
Hazırda həbsdə olan sabiq millət vəkili Gülər Əhmədova bu gün vəkili Raqif Mustafayevlə görüşüb. Vəkil sabiq millət vəkili ilə görüş zamanı istintaq işi barədə söhbət aparıb. Vəkilin sözlərinə görə, G.Əhmədova oğlunun qolunun qırılması xəbərini eşidəndə səhhəti pisləşib. Amma onun aclıq etməsi xəbəri yalandır:
“Belə bir məlumat aznews.az saytı yaymışdı. Onlarla əlaqə saxlayacağam. Məlumatı təkzib etməsələr, saytı məhkəməyə verəcəyik. Gülər Əhmədova bildirib ki, həmin sayt elə məlumatlar verir ki, informasiyalar onun əleyhinə işləyir”.
Vəkil onu da bildirib ki, Gülər Əhmədova oğlunun əməliyyat olunmasından narahatdır:
“Oğlu Toğrulun qolu əməliyyat edilməlidir. Onun qoluna “plastinka” qoyulacaq. Gülər Əhmədova oğlunun əməliyyatı necə keçirəcəyindən narahatdır”.
İstintaqla bağlı da danışdıqlarını deyən Raqif Mustafayevin sözlərinə görə, G. Əhmədovanın həbsi qanunsuzdur. Onun sözlərinə görə, istintaqa verilən məlumatları dəlil kimi qəbul etmirlər.
“Çünki Konstitusiyanın 12-ci maddəsində də yazılıb ki, şəxsin özünün razılığı olmadan video çəkiliş etmək hüququ yoxdur:
Bu barədə özüm geniş məlumat verəcəyəm. Gülər Əhmədova istintaqa yenidən ifadə verə bilər. Gülər Əhmədova bildirib ki, video çəkiliş montaj olunub. Çünki istintaqa təqdim olunan videolar orijinal variant deyil. O, deyir ki, Elşad Abdullayevlə danışığı tamam başqa istiqamətdə olub. Deyir çəkilişi elə montaj ediblər ki, onu da bu vəziyyətə salıblar. Ona görə də videoların ilkin variantı gətirilməlidir ki, görək burda söhbət nədən gedir”.
Gültəkin Ələsgər