“Biz də siyasi partiya olaraq ölkəmizdə keçirilən prezident seçkiləri ilə bağlı öz mövqeyini bildirəcək” Bunu Modern.az-a açıqlamasında Azərbaycanda Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, millət vəkili Asim Mollazadə bildirib.
Qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar hazırlıqların davam etdiyini deyən A.Molazadə özünün namizəd olaraq iştirak edib-etməyəcəyi ilə bağlı sualımızı belə cavablandırıb.
“Bizim partiya da zamanında seçkilərlə bağlı öz mövqeyini bildirəcək. Təbii ki, biz də siyasi partiyaların seçkidə iştirakını məqbul hesab edirik. Biz də bu istiqamətdə öz işlərimizi davam etdirəcəyik. Hesab edirəm ki, vaxtı çatanda öz mövqeyimizi və planlarımızı ictimaiyyətə açıqlayacağıq. Hələlik bu haqda biz söz demək istəməzdik”.
Partiya sədri həmçinin müxalifət partiyalarının seçkiyə hazırlığına toxunaraq cari ilin ciddi siyasi proseslərlə zəngin olacağını vurğulayıb.
“Müxalifət partiyalarının seçkiyə hazırlığını belə qiymətləndiririk ki, seçki ili hər bir siyasi qüvvə üçün öz fikirlərindən aslı olmayaraq mühümdür. Və təbii olaraq hər bir partiya, siyasi birlik bacardığı formada hazırlaşır və işlər görür.
Qeyd edim ki, bu il ciddi siyasi fəallıq hiss olunacaq. Bizim istəyimiz ondan ibarətdir ki, ölkənin sabitliyinə, müstəqilliyinə xələl gətirmədən demokratik seçkilər keçirilsin və Azərbaycan öz inkişafını davam etsin. Mən heç kimin fəaliyyətinə qiymət vermək istəməzdim. Hamıya da uğurlar arzu edirəm”-deyə A.Mollazadə qeyd edib.
Anar RÜSTƏMOV