Modern.az

Eldar Həsənov Rumıniyadakı səfir postundan geri çağırıldı

Eldar Həsənov Rumıniyadakı səfir postundan geri çağırıldı

28 Mart 2013, 19:15

Modern.az saytının məlumatına görə, martın 28-də prezident İlham Əliyev Eldar Həsənovun Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“1. Eldar Hümbət oğlu Həsənov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.

2. Eldar Hümbət oğlu Həsənov iqamətgahı Belqrad şəhərində olmaqla Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri vəzifələrində saxlanılsın”.

***

Qeyd edək ki, Eldar Həsənov bir neçə gün öncə Modern.az-a müsahibəsində Rumıniyadakı səfir postdunan geri çağırılması üçün prezident İlham Əliyevə müraciət etdiyi barədə məlumat vermişdi.

Uzun müddətdir diplomatik fəaliyyətlə məşğul olduğunu deyən E.Həsənov ölkə başçısına belə bir müraciət etməsinin səbəbini işlərinin ağırlığı ilə izah etmişdi.

“Mən cənab prezidentə müraciət etmişəm. Rumıniyada uzun müddətdir işləyirəm. Bildiyimiz kimi, eyni zamanda digər 3 ölkədə - Serbiya, Bosniya Hersoqovina, Monteneqroda da Azərbaycanın səfiri vəzifəsində çalışıram. Həm məsafə baxımından, həm işin həcminə və çoxluğuna görə ölkə başçına belə bir müraciət etmişəm. Həm də Xarici İşlər Nazirliyinin rəhbərliyinə müraciətim olub. Amma mənim geri çağırılmağımla bağlı məsələ müstəsna olaraq cənab prezidentin səlahiyyətindədir. Cənab Prezident nə qərar qəbul etsə, həmin qərar mənim tərəfimdən hörmətlə qarşılanacaq və icrası həyata keçiriləcək”-deyə səfir Modern.az-a açıqlamasında bildirmişdi.

Eldar Həsənov bundan sonrakı fəaliyyətini hansı istiqamətdə davam etdirəcəyi ilə bağlı sualımıza belə cavab vermişdi.

“Hər halda diplomatik fəaliyyətimi davam etdirəcəm. Bu peşə mənim üçün sonradan gəlmə olsa belə, mən diplomatik sahədə özümü daha rahat hiss edirəm. Dövlətimizə, milli maraqlarımıza, prezidentimizin həyata keçirdiyi siyasətə xidmət etməyə çalışıram. Düşünürəm ki, bu istiqamətdə əlimdən gələni edəcəm, üzərimə düşən vəzifə borcumu harada olmasından aslı olmayaraq, həyata keçirməyi özümə bir vətəndaş borcu hesab edirəm. Burda da mən qərar sahibi deyiləm. Sözsüz ki, burada da hər şey dövlətimizdən, cənab prezidentimizin verəcəyi qərardan asılıdır. Hər bir qərara hörmətlə yanaşıram”.

Qey edək ki, Azərbaycanın sabiq baş prokuroru Eldar Həsənov 2001-ci ilin 28 mart tarixindən etibarən Azərbaycan Respublikasının Rumıniyadakı fövqəladə və Səlahiyyətli səfiri işləyirdi. 

Modern.az

Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!