Modern.az

Yeddi kəndin narahat ruhları

Yeddi kəndin narahat ruhları

29 Mart 2013, 16:02

Jurnalist-tərcüməçi

Azərbaycanın Qərb qapısı, şairlər yurdu, igidlər Vətəni, sazlı-sözlü Qazax. Sıldırım qayaların, uca dağların zirvəsi kimi qürurunu hər zaman yüksək tutur bu yerlərin adamı. Amma sinəsi dağlıdı, gözü yaşlıdı. Nə az, nə çox, düz 23 ildir. 1990-cı ilin mart ayında Novruz bayramı günlərində 1988-ci ildən Qarabağda fəallaşan ermənilərin Ermənistanla sərhəd Qazax rayonu və kəndlərini atəşə tutması Azərbaycanın Qərb sərhədlərini də döyüş bölgəsinə çevirdi. Hər gün gülləbarana məruz qalan əhalinin üzərinə Ermənistan silahlı birləşmələri durmadan hücuma keçirdilər. 1990-cı ilin mart ayında sərhəddə yerləşən Bağanıs Ayrım kəndinə hücum edən ermənilər bu kənddə misli görünməmiş vəhşilik, qəddarlıq, soyqırım törətdilər. Ermənilərin bu kəndi talayıb yandırmaqlarının, əhalini işgəncə ilə öldürmələrinin səbəblərindən biri o idi ki, bu kənd Ermənistanla Gürcüstanı bağlayan yolun üstündə idi. Bağanıs Ayrım kəndini ələ keçirən ermənilər kəndi talan etməklə kifayətlənməyərək dinc əhaliyə qarşı insanlığa sığmayan vəhşiliklər törətdilər, hətta bir ailənin bütün üzvlərini yandıraraq məhv etdilər. Həmin günahsız insanların sırasında hələ qırxı çıxmamış, 39 günlük körpə də vardı. Onda hələ dünya Xocalı vəhşətini, Mahbəyli, Quşçular, Qarabağlar dəhşətini görməmişdi. Onda hələ Şuşa yarası qovrulmurdu içimizdə. O zaman Qazağın  7 kəndi durmadan döyüşür, düşmənin önünə sipər olurdu. Qazağın Yuxarı və Aşağı Əsgipara, Barxudarlı, Sofulu, Xeyrimli, Məzəm, Bağanıs Ayrım və Quşçu Ayrım kəndlərinin əhalisi od-alovun altında yaşayırdılar. Məhz mart ayında, Novruz bayramı ərəfəsində Azərbaycan kəndlərini atəşə tutan ermənilərin mənfur xisləti özünü göstərirdi. Bayramı yasa dönən kənd əhalisi erməni vəhşiliyinin güdazına düşdü. Dinc əhalini olmazın işgəncələrə məruz qoyan erməni cəlladları kiçik, məsum körpəni də oda atdılar.

 1990-1992-ci illər ərzində Qazağın daha 6 kəndi də ağır və qeyri- bərabər döyüşlərdən sonra erməni hərbi birləşmələri tərəfindən işğal olundu. Bu kəndlərin camaatı evlərindən çıxmayaraq “ Bura mənim ata-baba torpağımdır” dedilər. İgidliklə sona qədər torpağı qorudular, vuruşdular, elə öz vətənlərində də şəhid oldular. Qazax torpağı onu qoruyan,  döyüşən igid oğullarını, şəhidlərini qoynuna aldı...

Qazağın yeddi sərhədyanı kəndi - Bağanıs Ayrım, Xeyrimli, Aşağı Əsgipara, Sofulu, Barxudarlı, Qızıl Hacılı, Yuxarı Əsgipara kəndləri işğal olunduqdan sonra yandırıldı, əhaliyə divan tutuldu.  

1990-cı il Bağanıs Ayrımda və digər kəndlərdə olanlar, baş verən soyqırım, əslində XX əsrin əvvəllərində, Bakıda, Qubada, Şamaxıda, Naxçıvanda ermənilərin törətdiyi qanlı cinayətlərdən biri idi. Şaumyanın əliqanlı dəstə üzvlərinin köməyilə ermənilərin 1918-1919-cu illərdə azərbaycanlılara qarşı törətdiyi 31 mart soyqırımının düyünü Bağanıs Ayrımda açılmağa başladı. 70 illik yuxudan sonra namərd qonşunun iç üzü, əsl sifəti, maskasının altında gizlətdiyi “siması” göründü. Amma artıq gec idi.

 İndi orada ana fəryadı, ata hayqırtısı, uşaq hıçqırtısı qalıb. Orada yeddi kənd qalıb, külə dönmüş yurd yerləri qalıb...

İndi orada yandırılmış, yağmalanmış, talan olunmuş yeddi kənd var, yeddi minlərlə sönmüş ocaq, yiyəsiz yurd var. İndi orda narahat ruhlar dolaşır. O kəndlərin üzərində Bağanıs Ayrımda oda atılan 39 günlük körpənin ruhu da dolaşır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!