Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacı ilə eks-spiker Rəsul Quliyev arasında söz davası davam edir. Belə ki, Milli Məclisin sabiq sədrinin haqqında dediyi sərt fikirlərə Arif Hacılının cavabı gecikməyib. Modern.az xəbər verir ki, Müsavat funksioneri Rəsul Quliyevin irəli sürdüyü ittihamların qeyri-adi olmadığını deyib.
“Ona görə də 20 ildir parlamentə üzv seçilirəm”
“Qeyri -adi bir şey deyil.O xalqa yuxarıdan aşağı baxan,"bədbaxt xalq" deyən birisidir. Sözümün məna kəsb etmədiyini iddia edənin sözünün "məna"sını youtube da yaydığı videolarda görmək olar. Elə son statusunda bitmiş bir fikri ifadə etməyən söz yığınından nəticə çıxardım ki, bizim naxçıvanlı və qərbi azərbaycanlılara qarşı olmağımızla bağlı bir gün əvvəlki birbaşa ittihamlarından imtina edir.Səhvini anlada bilmişik. Bu yaxşıdır.
Mən doğrudan da gəlir-çıxar işlərini yaxşı bilmirəm. Belə şeylərdə o mahir olar. Amma mən doğulduğum rayonun da,ölkəmin də problemlərini yaxşı bilirəm. Ona görə də 20 ildir parlamentə üzv seçilirəm”.
Arif Hacılı parlamentdə təmsil olunduğu zaman deputat mandatını Rəsul Quliyev tərəfindən ləğv edildiyini qeyd edib:
“Deputat mandatımı Rəsul Quliyev ləğv etmişdi...”
“Üzvü olduğu YAP-dan, sədri olduğu ADP-dən qovulandan fərqli olaraq ölkənin iki nəhəng təşkilatı, AXC və Müsavatın qurucularından (bərpaçılarından ) və rəhbərlərindən biri olmuşam. İndi də ölkənin ən nüfuzlu təşkilatının rəhbərlərindən biriyəm. Xalqın mənə verdiyi mandatı isə Rəsul Quliyev spiker olan dövrdə ləğv edib. Qoyduğu ənənənin davamı olaraq sonra onun öz mandatını eyni üsulla ləğv etdilər. Mən buna etiraz edənlərdən biri idim. Fərqimiz budur.
1992- 93 cü illərdə bizim həqiqətən səhvlərimiz olub. Məğlubiyyətimizə səbəb olanların cinayəti Rəsul Quliyev, Surət Hüseynov kimi təsadüfi, dövlətçilik təfəkküründən uzaq, nəfsi təmiz olmayan adamları görəv başına gətirmələri idi. Həmişə belə mövqedə olmuşam.O vaxt da ,sonra da ,indi də.
Məni dəyişməməkdə ittihama gəldikdə isə, o vaxt da müstəqil, demokratik Azərbaycan uğrunda vuruşurdum.Vəziyyət dəyişməyib. Mən də 10 minlərlə silahdaşım kimi dəyişməmişəm. Yox, əgər söhbət müasir siyasi texnologiyardan gedirsə mənim son açıqlamalarımın “Yeni Müsavat”da nə cür işıq üzü gördüyünü anlamayan birinin belə iddiası gülüncdür”.
Müsavat rəsminin fikrincə, Rəsul Quliyev pulunun çoxluğu ilə ondan üstün olar bilər.
“Bir dostumuz yazmışdı ki,Rəsul Quliyev yalnız pulunun çoxluğuna görə Arif Hacılıdan üstün ola bilər. Mən birini də əlavə edirəm ki, Rəsul Quliyev Arif Hacılıdan yalnız pulunun və iddialarının çoxluğu ilə üstün ola bilər”.
Anar RÜSTƏMOV