Akif Nağı
Bu yaxınlarda türkiyəli bir diplomatla hərb və ya sülh mövzusunda söhbətim məni məyus etdi. Biz Qarabağ məsələsinin hərbi yolla həllinə tərəfdar olduğumuza görə hər yerdə, istənilən müstəvidə məhz bu mövqeni qabardır, başqalarının münasibətini öyrənməyə, həmfikirlərimizin sayını artırmağa çalışırıq. Həmsöhbətimizin dediklərindən aydın oldu ki, bizim fikirləri bölüşmür, müharibənin nə qədər dəhşətli bir şey olduğunu, ölüm-itim, dağıntıların olacağını, yəni bizim də pis bilmədiklərimizi bir daha nəzərimizə çatdırırdı, Türkiyənin barışsevər bir ölkə olduğunu vurğuladı. Sözlərinin gücünü artırmaq üçün əlavə də etdi ki, biz Atatürkün “yurdda barış, cahanda barış” vəsiyyətinə uyğun siyasət yeridirik. Bu söhbətdən bir neçə gün sonra PKK ilə, az sonra isə İsraillə barış prosesi başladı, bu gün-sabah isə Vandan İrəvana təyyarə uşuşlarına start veriləcək. Bütün bunların ardınca Ermənistanla geniş miqyaslı sülh və qardaşlaşma prosesinin başlanması çox real görünür.
Biz Türkiyənin daxili və xarici siyasətinə qarışmaq fikrində deyillik, amma həm də qarışmaya bilmirik. Bir neçə ölkə var ki, onların daxili və xarici siyasətinin yalnız özlərinə deyil, bizə də dəxli var, eyni zamanda bizim daxili və xarici siyasətin də onlar üçün isti-soyuğu olmamış deyil. Bunlardan biri də Türkiyədir, ona görə də onlarda gedən proseslərə reaksiya verməyə bilmərik.
Heç kəs üçün sirr deyil ki, normal insan da, dövlət də sülhpərvər, barışsevər olmalıdır. Amma baxir, hansı şəraitdə. Atatürk “yurdda barış, cahanda barış” deyəndə işğaılçı, təcavüzkar müharibəyə, ölkə daxilində vətəndaş müharibəsinə mənfi münasibətini nəzərdə tuturdu. Bu tezisin arxasında gizlənmək istəyənlərin nəzərinə Atatürkün böyük dövlətlərin səlib yürüşünə qarşı savaşını, çağdaş dövrdə Quzey Kiprə müdaxiləni çatdırıram. Onu da vurğulamağı özümə borc bilirəm ki, “barış” deyən Türkiyə rəhbərliyi bu gün Suriya ilə faktiki müharibə vəziyyətindədəir. Suriyaya münasibətdə qan-qan deyən, “Patriot” raketlərini təmas xəttində yerləşdirənlərin Qarabağ məsələsindəki barışsevərliklərini, işğalçı Ermənistanla sülh, sərhəd, aviareys, hrant dink və sair oyunlarını başa düşmürəm və düşmək də istəmirəm.
Bu barış oyunları bəziləri, xüsusilə də Türkiyənin rəsmi təbliğatı tərəfindən Ankaranın regionda nüfuzunun artması, hətta “onsuz heç bir məsələnin həll olunmayacağına” zəmin kimi təqdim olunur. Tamamilə yanlış mövqedir. ABŞ 40 il ərzində Türkiyədən SSRİ-yə qarşı istifadə etdi və heç vaxt da onun maraqlarını nəzərə almadı. Türkiyədən maşa kimi istifadə olundu, bu gün də həmin siyasət – “maşa siyasəti” davam etdirilir. Tənqid etdiklərimiz bu mənada haqlıdırlar, doğrudan da, maşasız yanar ocaqdan köz və ya şabalıd götürmək mümkün deyil. Maşanın faciəsi isə odur ki, közü və ya şabalıdı min bir əziyyətlə özü üçün yox, başqaları üçün götürür. Ona görə də, gəlin, özümüzü aldatmayaq.
Barışla bağlı son olaylara qısa və konkret fikrimi bildirmək istəyirəm. PKK lideri silahlıları silahlarını yerə qoymağa, ölkədən çıxmağa, danışıqlara başlamağa çağırdı. Burda Türkiyənin udacağı bir şey oldumu? Hakimiyyət təbliğat vasitəsi aldı, ayrı bir xeyrini görmürəm. Qanlı olaylar dayanacaqmı? İnandırıcı deyil. PKK rəhbəri öz yaraqlılarını silahı yerə qoyub, hökumətə təslim olmağa çağırmadı. Barış belə olardı. Onlar İraqa və digər ərazilərə keçəcək, qüvvələrini nizamlayacaq, az sonra yenidən qayıdacaqlar. Ən pisi isə odur ki, bu proses PKK-nı legitimləşdirdi, siyasi danışıq tərəfinə çevirdi. Bunun altından çıxmaq mümkün olmayacaq. Yüz illərin sınağından çıxmış bir aksioma var: gücü güclə, zoru zorla, terroru terrorla məğlub etmək, dəf etmək olar. Başqa yol yoxdur.Bu həqiqəti unudanlara yazıqlar olsun.
İsrail də 60 ildə ilk dəfə idi ki, Türkiyədən boz üz, sərt mövqe, güc və təpki görüb, geri çəkilmişdi. Hər şey korlandı. Məlum oldu ki, Türkiyə yalandan görüntü edirmiş, barışa hazırıymış. Türkiyə nə qazandı? Məncə, Türkiyənin qazandığı “quru bəy”likdən o tərəfə getmədi. İsrail Fələstinlə, bütünlükdə regionla bağlı heç bir mövqeyindən geri çəkilmədi, blokada qalır, tikinti işləri davam etdirilir və sair. İsrail isə quru bir üzrxahlıqın müqavilində çox şey qazandı. İsrailin qazandıqlarını hamıdan yaxşı Türkiyə rəhbərliyi bilir.
Bütün bu barış proseslərinin içərisində erməniləri də yaddan çıxartmadlıar. Türkiyədə ermənilərə qəribə bir münasibət sərgilənir, elə bil bu haylar göy yarılıb, oradan yerə düşüblər. Hrant Dinki hansısa bir dəliqanlı öldürür, ağsaqqallı- qarasaqqallı bütün Türkiyə ermənilərin, Ermənistanın qarşısında əlləri qoynunda, günahkar qismində dayanır. Erməni yazar Peyğəmbərimizi təhqir edir, heç kəs dinmir. Türk Hava Yollarının reyslərində pulsuz erməni qəzetləri paylanılır, hər kəs bunu normal qarşılayır. Ankaranın mərkəzində ermənilər Xocalıya imza toplayan azərbaycanlıları döyüb tapdalıyırlar, heç kəs dinmir. İndi də Van -İrəvan aviareysi ilə bağlı oyunları ortaya atıblar. Türkiyə bu gedişlə hara gedur? İstəyərdim ki, yaxşılığa doğru getmiş olsun, amma yaxşı bir şey görünmür. Bütün dövlətlər öz maraqlarından çıxış edirlər, maraqları naminə hər şeyə gedirlər. Amerika dünyanın neçə yerinə, o cümlədən, İraqa, Əfqanıstana, Liviyaya müharibə ilə girir, istədiyinə nail olur. İngiltərə 13 min kilometr yol qət edib Folklend adalarında argentinalıların qanını tökür, sonra da gülünc bir referendum keçirir, adanın onun olduğunu təsbitləyir. Şotlandların da qanını tökdü, tökdü, indi referenduma razılıq verib, gələn il keçiriləcək, amma Folklaend referendumu kimi bunun da nəticəsi artıq məlumdur, şotlandların yalnız 30 faizi ayrılmağın tərəfdarıdır. Bu da ingilislərin demokratiyası. Korsika, Yeni Kaledoniya, Mayotta 200 ildir ki, Fransadan ayrılmağa çalışır, amma qan içində boğulurlar. Fransa höküməti 15 il əvvəl 2013-cü ildən sonra onların işinə baxacağını demişdi, amma hələ bir xəbər yoxdur. Hələ hugenotların başına gətirdiklərini demirəm. Rusiya Çeçenistanı yerlə yeksan etdi, əlindən buraxmadı. İran ABŞ kimi super dövlətlə baş-başa gəlib, bir addım da geri çəkilmir.
Bütün bunların fonunda Türkiyə niyə bu qədər dişsiz, yazıq, zəlil vəziyyətində qalıb? Niyə nə daxildə, nə də xaricdə öz maraqlarını müdafiə edə, sözünü yerdə bilmir? Heç yandan dəstəyi, köməyi olmayan, xəzinəsi boş, ordusu yarımac olan Atatürk bütün dünyaya qarşı dayandı, Amerikadan da, İngiltərədən də, Fransadan da, Rusiyadan da haqqını ala bildi, maraqlarını müdafiə etdi, daxilində də heç kəsin baş qaldırmasına imkan vermədi. Bəs niyə bügünkü Türkiyə bir ovuc terrorçunun qarşısında aciz qalıb, niyə Amerikanın qarşısında Kipr haqqını, Rusiyanın qarşısında Qarabağ haqqını qoya bilmir? Türkiyə niyə regionda Rusiyanın iddiaları qarşısında öz iddialarını qoya bilmir? Biz bununla regionun, o cümlədən Azərbaycanın kiminsə təsiri altına düşməsini demək istəmirik. Sadəcə, başa düşülən deyil ki, Türkiyə 100 il bundan əvvələ qədər Rusiya ilə regionda ciddi rəqabət aparırdı, indisə çəkilib oturub yerində. Mən bu sualların cavabını bilmirəm, ancaq müəyyən gümanlar edə bilərəm. Cavabı Türkiyə hakimiyyəti və cəmiyyəti bilməlidir.
Mən həmişə demişəm ki, Qarabağın taleyi müharibədən və müharibədə Azərbaycana dəstək verəcək bir neçə ölkədən, o cümələdən Türkiyədən asılıdır. Mənə bir sual rahatlıq vermir ki, nə üçün Türkiyə Azərbaycanı Rusiya Ermənistanı müdafiə etdiyi kimi dəstəkləmir? Bunun günahı Azərbaycanda, yoxsa Türkiyədədir? İndi Türkiyənin barış siyasətini gördükcə sualın cavabı yavaş-yavaş aydınlaşır. Heç bir şərh vermədən bir tarixi faktı diqqətinizə çatdırmaq istəyirəm. 1895-ci ildə ABŞ konqresinin qapalı iclasında Osmanlı dövlətinin çökdürülməsi ilə bağlı gizli qərar qəbul olunmuşdu, həmin qərarın bəndlərindən birində göstərilirdi ki, dövlətin başına qeyri-türk sultan gətirmək və onun vasitəsi ilə ölkəni parçalamq lazımdır. Görünür, vaxt, zaman, adlar dəyişir, amma vəzifələr, maraqlar dəyişmir.
Mən Türkiyənin əleyhinə heç nə demərəm və etmərəm. Çünki Türkiyənin region üçün, bizim üçün əhəmiyyətini bilirəm. Biz Türkiyəni sevirik, amma Osmanlı, Atatürk, Türkeş ruhu ilə yaşayan Türkiyəni sevir və Qarabağda savaşa “hə” deyəcəyini gözləyirik.