ÇƏKDİYİMİZ DAĞLARIN DƏRMANI ELƏ DAĞLARDIR...
...Yenə bizsiz Qarabağa yaz gəlir...Bizsə Qarabağa gedə bilmirik... Əlimizdən yalnız yazmaq gəlir... Dünyanın çirkabında tamahımızın quyruğundan yapışıb azmaq gəlir... Düşmənlərimizi unudub bir-birimizə quyu qazmaq gəlir... Torpağımızın göz önündə olan işğal səbəblərini ora-bura yozmaq gəlir... Yenə bizsiz Qarabağa yaz gəlir...
Daha bir bölgəmizin qara yubileyidir... Kəlbəcərin ermənilərə işğal etdirilməsindən 20 il keçir... Digər bölgələrimiz kimi, bu dağlar gözəlinin də əlimizdən alınmasından çox deyilib, çox yazılıb... Amma bu günə kimi, nə xaricdəki, nə də daxildəki həqiqi baiskarları cəzalandıra bilməmişik... Bu baxımdan hamımız günahkarıq...
Azərbaycanın, türk-müsəlman dünyasının bütün bölgələri mənim üçün əzizdir. Doğma ata-baba yurdum Laçındır... Amma nədənsə qəlbimdə Kəlbəcərə qarşı ruhumun dərinliyindən gələn, izaholunmaz, özəl bir sevgi var... Bu dilbər məkanımızın işğalına çox da toxunulmayan özgə bir səpgidən yanaşmaq istəyirəm...
İnsana, o cümlədən millətə, xalqa yaşamaq üçün ruh yüksəkliyi lazımdı... Kəlbəcər, Şuşa, Laçın Qarabağın ən dağlıq, ən yüksək bölgələri idi... Kəlbəcər, Şuşa Laçın həm də Azərbaycanın ruh yüksəkliyi idi... Düzdür, Vətənimizin, Gədəbəy, Quba-Xaçmaz, Zaqatala-Balakən, Şəki, Lənkəran-Lerik kimi dağlıq, gözəl mənzərəli zonaları da mövcuddur. Ancaq Qarabağ dağlarının, xüsusilə, Kəlbəcər zirvələrinin, Murovun, Dəlidağın özgə bir gözəlliyi və özəlliyi var...
Ötən əsrlərdə Qafqaz dağlarını gəzmiş İsveçrə səyyahlarından biri yazırdı ki, yalnız Kəlbəcərin Tərtər və Tutqu çayları boyunca gəzməmiş bir insan İsveçrənin gözəl olduğunu söyləyər...
Haykların bu gün “Karvaçar” adlandıraraq mənasını yüz yerə yozduqları “Kəlbəcər” toponiminin mənşəyi çox güman ki, qədim türk dilində “qəlbi”- uca, yüksək və “cər” – qala sözlərinin birləşməsindən yaranıb. Yəni Kəlbəcər - “qəlbi, uca qala” deməkdir. Belə düşünürəm ki, “qəlbi” sözü də mənşəyini elə qəlb, yəni könül, ürək sözündən götürüb. Bu mənada Kəlbəcəri Azərbaycanın qəlb, ruh qalası da adlandırmaq olar...
Qarabağın zirvə bölgələrini itirməklə biz çox şeyləri itirdik; bunları 20 ildir ki, sayırıq... Amma ən başlıcası, biz o dağlarla bərabər ruh yüksəkliyimizi də, həyat eşqimizi də itirmişik... Biz 20 ildir ki, zirvəsiz, dağsız, yaylaqsızıq... 20 ildir ki, sinəmizə dağsızlıq dağı çəkilir... Artıq çoxumuzun başı gündəlik yaşam qayğılarına qarışsa da, özümüz bilmədən, duymadan belə, o dağ bizə çəkilir... Bu, soykökümüzə, nəslimizə, genimizə çəkilən dağdı...
Diqqət edin: son 20-30 ildə planetimizin çox yerində insanları, xüsusən də müsəlmanları dağlardan qovurlar; Əfqanıstanda əfqanları, Çeçenistanda çeçenləri, Kosovoda türkləri, Qarabağda da bizləri... Niyə?Nə səbəbə? Məqsəd təmiz, safqanlı, qürurlu, vüqarlı, mərd, əyilməz insan genini məhv etmək, bəşəriyyəti vətən, millət, din tanımayan amorf, manqurt bir kütləyə çevirməkdir. Bunu Vahid Dünya dövləti qurmaq iddiasında olan, sionist, mason, “Komitet-300” və s. adlandırılan şər qurumlar edir. Qarabağ da, Kəlbəcər də məhz bu gizli, qlobal siyasətin qurbanı oldu. Ermənilər, sadəcə, alətdir... Doğrudur, burada təbii, yeraltı-yerüstü sərvətlərin işğalı, mənimsənilməsi məsələsi də var. Amma bunların da faydasını çox zaman sadə erməni insanı yox, 5-10 erməni milyarderi və xüsusən xaçpərəst, yəhudi dövlət və iş adamları görür. Məsələn, Kəlbəcərdəki məşhur Zod qızıl yatağını neçə illərdir Kanadanın “Base metals”, Hindistanın “Vedanta” şirkətinin, ardınca isə rusiyalı iş adamı Sergey Generalovun rəhbərlik etdiyi “GeoProMaininq” şirkətinin qeyri-qanuni istismar etdiyi barədə məlumatlar var... Düşmənlərimiz Kəlbəcərin, Laçının yalnız qızılı, civəsi, mərməri, mineral suları, qırmızı palıdından deyil, bütün sərvətlərindən yararlanırlar. Ancaq bu 20 ildə bizim görünən sərvətlərimizlə bərabər, görünməyən qeyri-maddi, ruhi-mənəvi sərvətlərimiz də yağmalanır. Yəqin ki, əksəriyyət musiqimizi, ədəbiyyatımızı və s. düşünəcək. Bunlar da var... Amma bizim işğal edilən dağlarımızdakı minillərlə formalaşmış genimiz- soyumuz, kökümüz işğal altındadır. Və əslində ən əsas işğal obyekti budur... Bunu ilk baxışdan sezmək mümkün deyil. Genetik işğal bu gün bizim DNK-larımızdakı kodlarda və formalaşmaqda olan nəsillərimizin fizionomiyasında, psixologiyasında, xarakterində, davranışında əks olunur... Bunu son 20 ildə məskunlaşdığımız yerlərə, relyefə, təbiətə, havaya, suya məcburi uyğunlaşmada, həmin illər ərzində doğulmuş, doğulan və bundan sonra doğulacaq övladlarımızın genlərində aramaq lazımdır. Düzdür, dövlətimiz, eləcə də məskunlaşdığımız bölgələrin əhalisi didərginlik yaşadığımız zamanlarda bizə hər cür dəstək verdilər və verməkdə davam edirlər. Ancaq bütün bunlarla gen işğalını dayandırmaq mümkün deyil. Çünki Bakıda, Gəncədə doğulub boya-baş çatmış kəlbəcərli balası qeyri-iradi dağlar qoynunda böyümüş soydaşlarından həm fiziki, bədən quruluşu baxımından, həm də xaraktercə, mənəviyyatca seçiləcək... Gözünü açıb saf dağ havası əvəzinə hisli-tozlu şəhər havası udan, bulaq suyu, Turşsu yerinə “fanta”, “kola” içən, təmiz kərə yağı əvəzinə “Teksun”,”Zelandiya”, qaymaq əvəzinə yoqurt yeyən, bülbül cəh-cəhi yerinə əcaib avtomobil siqnalları eşidən, saz, muğam yerinə caz, rok dinləyən, Qarabağ atı əvəzinə alman “Mersedes”i minən, o vüqarlı dağların əsrarəngiz mənzərələri, ceyranı, cüyürü əvəzinə Aygünün, Röyanın mənasız kliplərini seyr edən və s. kəlbəcərli, şuşalı, laçınlı balasının xarakterində ata-babalarının saflığı, mərdliyi, qeyrəti, vüqarı yaşayacaqmı?.. O dağlarda yaşatdığımız milli adət-ənənələrimizi, ata-ana, böyük-kiçik, qohum-qonşu münasibətlərinin, qonaq-qara qarşılamanın və s. yazılmamış qanun-qaydalarını qoruyub-saxlaya biləcəklərmi indiki gənclərimiz? Təəssüf ki, artıq neçə illərdir, bu sahələrdəki aşınmalar özünü göstərməkdədir. Və ildən-ilə belə itkilərimiz daha da artmaqdadır...
Bu yerdə gözəl, şirindil şairimiz Məmməd Aslanın bir beyti yada düşür:
Qayıtsa da Kəlbəcər,
Qayıtmaz o Kəlbəcər...
Biz dağsızlıq dağı yaşayanlar öz genimizin, soyumuzun nə qədər dəyərli olduğunu dərk etmirik... Fəqət, əcnəbilər, bizi məhv etməyi qarşılarına məqsəd qoyanlar bunu çox gözəl bilirlər... Hələ 2000-ci ildə keçmiş “KQB”(SSRİ Dövlət Təhlükəsizlik Komitəsi) polkovniki Rövşən Novruzoğlu apardığı araşdırmalar nəticəsində Qarabağ türklərinin soykökü haqqında ilginc materiallar əldə etmişdi...
1936-cı ildə Hitler Stalinlə gizli razılığa əsasən bir qrup alman alim və həkimindən ibarət ekspedisiyanı Azərbaycanın dağlıq bölgələrinə göndərir. Əcnəbi ekspertlər ən ucqar və yüksək dağ kəndlərimizi gəzərək xüsusən uzunömürlü qocalardan qan nümunələri götürürlər. Berlin laboratoriyalarında həmin nümunələr üzərində ciddi genetik analizlər aparılır. Nəticələr bölgələr üzrə qruplaşdırılır. Sonda saflıq, mərdlik, qeyrətlilik, cəsarətlilik, uzunömürlülük və s. xüsusiyyətləri daşımasına görə I qrupa Kəlbəcər-Laçın, II qrupa Şuşa-Ağdam, III qrupa Lerik-Lənkəran bölgə sakinlərinin qanları aid edilib... Alman mütəxəssislər Kəlbəcər-Laçın və Şuşa-Ağdam qrupuna aid qan nümunələrindən xüsusi vaksinlər hazırlayaraq Reyx hərbçilərinin qanına yeridiblər. Məqsəd alman ordusunda döyüşkənlik, cəsarət, igidlik kimi xüsusiyyətləri gücləndirmək olub... Həmin araşdırmalardan xəbər tutan Avropa, Amerika, eləcə də SSRİ-nin ideoloqları belə nəticəyə gəliblər ki, əgər tezliklə tədbir görülməsə, Azərbaycan türkləri bölgədə böyük güc və nüfuz sahibinə çevrilərək, türk-müsəlman dünyasının güclənməsinə təkan verəcəklər...
Sözü gedən ekspedisiyadan cəmi bir il sonra 1937-ci il repressiyaları başlanır. Azərbaycanın say-seçmə oğul-qızları, ziyalıları, alimləri güllələnir, sürgün edilir. O illərdə Kəlbəcər-Laçın ellərinin də minlərlə dağ igidi, müdrik, bilici kişiləri, şairləri, din xadimləri, seyidləri – Peyğəmbər davamçıları da məhv edildi. Ardınca II Cahan müharibəsində aralarında qarabağlıların da olduğu yüz minlərlə Azərbaycan oğlunun həlak olması... Və nəhayət, 1988-1994-cü illərdəki Qarabağ müharibəsi... Növbəti soyqırım və işğal... Bütün bunlar Azərbaycanın, Qarabağın, o cümlədən Kəlbəcərin genetik məhvinə yönəlmiş proseslər idi ki, onlar bu gün də bizdən asılı olmadan davam edir... R. Novruzoğlunun araşdırmalarında o da göstərilir ki, 1991-1994-cü illərdə didərgin düşmüş və çadırlarda, qazmalarda, vaqonlarda, yataqxanalarda məskunlaşmış Qarabağ sakinləri yenidən Qərb alimlərinin “laboratoriya dovşanı”na çevrilublər. Belə ki, guya humanitar məqsədlərlə köçkünlərə baş çəkən ingilis, fransız, alman, yəhudi və s. tibb mütəxəssisləri əslində onlardan qan analizləri götürərək, onlara müxtəlif həblər verərək yeni eksperimentlər aparıblar... Həmin eksperimentlər hal-hazırda da gizli yollarla davam etdirilir...
Bu gün artıq 20 ildir ki, ermənilər Kəlbəcərin büllur havasını udur, saf suyunu içir, balını, qaymağını yeyir, İstisuyunda çimir, sözün həqiqi mənasında qızıl torpağında yetişən nemətlərlə qidalanaraq öz soylarını genlərini gücləndirirlər... Fəqət, Kəlbəcərli soydaşlarımız da, digər zirvə bölgələrimizin sakinləri kimi dağsızlıq dağı çəkir... Amma bütün çətinliklərə rəğmən ruhi-mənəvi mübarizəmiz səngiməyib... Bu xalq çox işğallara, soyqırımlara, “37”-lərə məruz qalsa da, igidlərimiz, dahilərimiz yetişməkdə davam edib... İnşallah, bir gün savaşa-savaşa Kəlbəcərin məşhur Tunelinin qaranlıqlarını keçib Murovun, Dəlidağın işıqlı, uca, vüqarlı zirvələrini görəcəyik... Çəkdiyimiz dağların dərmanı elə dağlardır...