Hesablama Palatası Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyinin saxlanılması üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası, həmçinin dövlət rüsumlarının hesablanması və ödənilməsi üzrə audit tədbiri keçirib. Palatanın 2012-ci ildəki iş planı çərçivəsində aparılan yoxlama nəticəsində səfirlikdə bəzi nöqsanlar üzə çıxıb. Modern.az saytının məlumatına görə, bu barədə Hesablama Palatasının Milli Məclisə təqdim etdiyi hesabatda qeyd olunub.
Belə ki, audit zamanı müəyyən edilib ki, Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən bəzi xərc maddələri üzrə istifadə edilməmiş vəsaitin digər xərc maddələrinə yönəldilməsi nəticəsində təyinat dəyişikliklərinə yol verilib, xərclər smetasının icrası zamanı ilin sonuna mövcud olan qalıq vəsait və digər məqsədlər üçün daxil olan vəsaitlər hesabına əlavə xərclər aparılıb, 2008-2010-cu illərin sonuna kassa və bank hesabında olan qalıq vəsait dövlət büdcəsinə qaytarılmayıb, tikinti, xüsusi və konsulluq hesablarındakı vəsaitlərdən Səfirliyin saxlanılması üzrə xərclərin aparılması üçün istifadə edilib, konsulluq hesabından cari xərclərə sərf olunmuş və Səfirliyin xüsusi hesabına köçürülmüş vəsaitlər, habelə hüquqi və fiziki şəxslər tərəfindən səhvən cari hesaba köçürülmüş rüsumun konsulluq hesabına bərpası təmin edilməyib, nağd qaydada aparılan bir sıra maliyyə-təsərrüfat əməliyyatları üzrə avans hesabatları tərtib edilməyib, təhtəl hesab şəxslərlə hesablaşmalar üzrə debitor borcun yaranmasına yol verilib.
Səfirliyin saxlanılması üçün nəzərdə tutulmuş vəsaitlərin istifadəsi zamanı mövcud Qaydaların tələblərinə tam riayət edilməyərək ziyafətlərin verilməsi ilə əlaqədar əvvəlcədən xərclər smetası və dəvət olunanların siyahısı tərtib edilməyib, nəqliyyat vasitələri lizinq vasitəsilə icarəyə götürülüb, ştatdankənar işçilərin əmək haqqı üzrə təsdiq olunmuş məbləğdən çox vəsait xərclənib, Səfirlik əməkdaşlarının mənzilləri üçün müvafiq əşyaların alınmasına büdcə vəsaiti sərf edilib, bəzi avtomobillər üzrə illik yanacaq sərfinin həmin nəqliyyat vasitələrinin texniki göstəricilərinə əsasən müəyyən edilən yanacaq miqdarından çox olması hallarına yol verilib, ƏDV üzrə qaytarılmış vəsait büdcəyə köçürülməyərək cari hesabda saxlanıb.
“Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 05 fevral tarixli 2661 nömrəli “Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin yerləşdirilməsi uçun alınmış Berlin şəhəri, Hoffmanstrasse, 11 ünvanında yerləşən binanın satılması haqqında” Sərəncamına əsasən inzibati bina satılsa da həmin əmlakın müvafiq qaydada balansdan çıxarılması və nəqliyyat vasitəsinin satışından daxil olan vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilməmişdir”-deyə Hesablama Palatasının hazırlasığı sənəddə qeyd olunub. .
Eyni zamanda bildirlib ki, konsul əməliyyatlarına görə tutulmuş dövlət rüsumlarının məbləğləri bəzi hallarda hesabatlarda düzgün əks etdirilməyib və dövlət büdcəsinə köçürülməsi gecikdirilib, kassa üzrə haqq-hesab 2011-ci ilin avqust ayınadək kassa kitabı əvəzinə elektron formada aparılıb, kassa mədaxil və məxaric orderlərinin müvafiq qaydada işlənilməsi təmin olunmayıb, konsul əməliyyatları üzrə dövlət rüsumunun tutulmasına dair Xarici İşlər Nazirliyinə təqdim olunan hesabatda məbləğ az göstərilib.
Hesablama Palatasının Kollegiyası nəzarət tədbirinin nəticələrini müzakirə edərək, qeyd olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün müvafiq qərar qəbul edərək Xarici İşlər Nazirliyinə göndərib və bu barədə Milli Məclisə məlumat verilib.
Yalnız bundan sonra Azərbaycanın Almaniydakı Səfirliyi tərəfindən konsulluq hesabından cari hesaba köçürülmüş 15,0 min avro, Səfirliyin xüsusi hesabına yönəldilib, 14,4 min avro və səhvən cari hesaba köçürülmüş 0,5 min avro məbləğində rüsumun konsulluğun hesabına bərpası, 2011-ci ildə nəqliyyat vasitəsinin satışından Səfirliyə daxil olan 3,5 min avro məbləğində vəsaitin dövlət büdcəsinə bərpası, ƏDV üzrə qaytarılmış 15,2 min avro məbləğində vəsaitin büdcəyə köçürülməsi, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin yerləşdirilməsi uçun alınmış və 2011-ci ildə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən satılmış və Səfirliyin maliyyə hesabatlarında “əsas fondlar” hesabında uçotu aparılan dəyəri 785,5 min avro məbləğində olan inzibati binanın balansdan çıxarılması həyata keçirilib.
Modern.az