Modern.az

Deputat-həkim: “Azərbaycanlılar başlarını yerə qoyan anda həkimə getməyi yada salırlar” - MÜSAHİBƏ

Deputat-həkim: “Azərbaycanlılar başlarını yerə qoyan anda həkimə getməyi yada salırlar” - MÜSAHİBƏ

6 Aprel 2013, 10:33

“Bizim insanlar öz sağlamlıqlarına laqeyddirlər”

İlham Məmmədov: “Ailə həkimi yüksək bilikli, ailənin həkimi, psixoloqu, dostu olmalıdır”

Modern.az son günlər aktual olan ailə həkimi mövzusu ilə bağlı 48 saylı Yevlax seçki dairəsindən seçilən millət vəkili, həkim İlham Məmmədovun müsahibəsini təqdim edir.

– SSRİ dövründə ailə həkimi məsələsi o qədər də geniş yayılmamışdı. Bəlkə də heç yox idi, amma həmin dövrdə məlum oldu ki, ailə həkimi çox lazımlı və gərəkli məsələdir. Ailə həkimi bütün ailənin sağlamlığını üzərinə götürən şəxsdir. Hazırda bu məsələdə Azərbaycan vəziyyəti nə yerdədir?

– Bəli, sovet səhiyyə sistemində bu yox idi, amma sovet səhiyyə sistemində sahə həkimləri var idi, ayrı-ayrı sahələrdə xidmət edən sahə həkimləri vardı. Yəni terapektiv profilli xəstələrə xidmət edən sahə həkimləri, uşaqlara xidmət edən pedriatrik sahə həkimləri, mama-ginekokoloji xidməti göstərən sahə həkimləri, patranaj xidməti göstərən sahə həkimləri və s. Bunlar öz-özlüyündə yaşlı nəsil, gənclər və qadınlara xidmət edən ayrı-ayrı sahələr üzrə qruplaşmışdı. Bundan əlavə, poliklinikalarda “yeniyetmələr kabineti” var idi ki, oda sırf əhatə etdiyi bölgənin, rayonun bütün gənclərinin, yeniyetmələrinin dispanserizasiyası aparılırdı. Ancaq dünyada belə qəbul olunmuş, daha çevik xidmət göstərə biləcək sahə ailə həkimi praktikasıdır. Bu praktika dünyada çoxdan var. Müstəqillikdən sonra səhiyyənin bir çox sahələrində islahatlar getdiyi üçün bu problem də öz aktuallığını gündəmə gətirmiş oldu. Bu gün Azərbaycan Tibb Universitetində və Həkimləri Təkmilləşdirmə İnstitutunda ailə təbabəti kafedrası fəaliyyət göstərir. Bu yeni sahədir. Ancaq yeni olmasına baxmayaraq bunun gələcək inkişafını təmin etmək üçün artıq Səhiyyə Nazirliyi tərəfindən də addımlar atılıb. Nazirlik tərəfindən 2100 nəfərə qədər ailə həkimi ixtisası üzrə ailə həkimi əmri verilib.

– Ailə həkimləri qeydiyyatdan keçir, yoxsa qeydiyyatdan keçməyənlər də var?

– Bu gün ailə həkiminin sadəcə adı mövcuddur. Türkiyə Respublikasında ailə həkimi praktikası geniş yayılıb. Bunun xüsusi institutları var. Bu gün bu praktika Avropa ölkələrində geniş yayılıb. Ailə həkiminin göstərdiyi ərazidə xidmət sahənin nəinki pediatrik və yaxud terapevtik yaşlı əhalisi üçün, bütün qrupdan olan insanların-uşağından tutmuş böyüyünə qədər hər birinin problemlərini, ilkin diaqnostika etmək və ilkin tibbi xidməti mükəmməl göstərə bilmək vərdişləri olmalıdır. Bunun üçün arıq Tibb Universitetində rezidenturada dar ixtisaslar üzrə təhsil həyata keçirilir. Amma diplomu alandan sonra həmin şəxslər gedib sahə həkimi kimi fəaliyyət göstərə bilərlər. Bunun üçün təbliğata böyük ehtiyac var. Həm də səhiyyə sistemində ailə həkimi stereotipini formalaşdırmalıyıq. Türkiyədə ailə həkimi bilir ki, artıq ona müraciət edən insanlar həm uşaq, yaşlı, hamilə qadın ola bilər. Onlara ilkin kömək etməlidir. Amma budan əvvəl sahə həkimləri onu istiqamətləndirirdi.

– Ailə həkimi bir nəfərə baxır?

– Bu, sahə terapevti prinsipindədir. Ailə həkimi sahə həkimlərinin xidmət etdiyi sahələrə baxır. Bu gün ailə həkimi təcrübəsinin təkmilləşməsi üçün pilot rayonlarımız var. İsmayıllı, Ağdaş, Şəki rayonlarında ailə həkimi təcrübəsi var. Ailə həkimi yüksək bilikli, ailənin həkimi, psixoloqu, dostu olmalıdır. Bu prinsiplər əsasında və bütünlüklə o sahədə yaşayan insanları hamılıqla tanımalıdır. Onların kiçik psixoloji problemlərindən tutmuş adi problemlərinə qədər hər şeylə tanış olmalıdır. Onları ixtisaslaşmış müəssisələrə göndərmək tamamilə ailə həkimin səlahiyyətindədir. Bunun üçün uzun illər lazımdır. Buna ilkin addımları atmışıq. Xüsusilə ucqar əyalətlərdə, tibbin əlçatan olması və ilkin diaqnoz, ilkin tibbi yardım xəstənin sonrakı taleyini müəyyənləşdirən amillərdən biridir. Xəstənin ani olaraq qan təzyiqi, cüzi yaranan probleminin vaxtında həll olunması sonrakı vaxtlarda onların daha ağır xəstəliklərə keçməsinin qarşısını ala bilər. Ailə həkimi digər sahələrdən fərqli olaraq daha yüksək biliyə malik olan həkim olmalıdır. Bu praktika Amerikada çox geniş yayılıb. Orada yaşayış sahələri bir-birindən çox uzaqda olduğu üçün ailə həkimi həm doğuşu tutur, həm uşaqların peyvəndi edir, uşaqlarda olan müxtəlif xəstəlikləri müalicə edir və bütün xidmətlərdən sonra ona daha yüksək səviyyəli xidmətlər lazım olanda özü xəstəxanalara qədər müşayiət edir. Onlarda ailə həkimi olmaq üçün daha yüksək imtahanın olması, daha yüksək biliyin olması tələb olunur və bu imtahandan sonra ona ailə həkimliyi etibar edilir.

– Qeyd etdiyiniz kimi, diplomu alandan sonra şəxslər ailə həkimi ola bilir. Amma dar ixtisasda peşəkarlaşmaq üçün rezidenturaya gedərək biliklərini artırırlar. Ailə həkimlərinin bu zaman daha aşağı olur?

– Bu gün ailə həkimi təcrübəsinin yayılması üçün bu addım atılır. Yəni ümumi müalicə işləri üzrə məşğul olan həkim ailə həkimi ola bilir. Bu gün ailə həkimi olmaq üçün ilkin müəyyən olunmuş 5-6 illik təhsili oxumaq kifayət edir. Amma razıyam ki, bu sahədə ailə həkimi daha yüksək biliyə savada malik olmalıdır.

– Dediklərinizdən belə anlaşılır ki, ailə həkimləri sahə həkimlərindən fərlqənmir, sadəcə ad dəyişib?

– Sahə həkimləri bölünür. Ailə həkimi olanda isə hamını əhatə edir, onların bütün problemlərini özü həll edir. Fərq bundadır. Təbii bu gün ailə həkiminin adı var. Tam işə düşməsi üçün islahatların daha sürətli getməsi vacibdir. Bunun da ən vacib amillərindən biri tibbi sığortanın olmasıdır. Bu zaman istər işləyən, istər işləməyənlərin tibbi sığortadan yararlana bilməsi buna şərait yaradır. Həkimlərin yaxşı əmək haqqı ala bilməsi və keyfiyyətli xidmət göstərə bilməsi üçün zəmin yaradan şərtlərdən biridir. Bu gün istər Tibb Universitetinin, istər Həkimləri Təkmilləşdirmə İnstitutunun ailə təbabəti kafedrası artıq bu işə xidmət edir. Səhiyyə İslahatları Mərkəzi artıq pilot rayonlarda ailə həkimləri üçün təlimlər keçiblər. 5 rayonda bu xidmətin nəticəsini təcrübədə görmək və təkmilləşdirmək üçün ailə həkimləri ayrılıb.

– Ailə həkimi müxtəlif yaş qruplarında olan insanlara xidmət edir, bəs tibbi təzə qurtaran biri bu qədər bilikli olacaqmı ki, hər bir xəstəlik haqqında düzgün diaqnoz qoya bilsin?

– Səhiyyənin tibbi təhsil sahəsində islahatlar davamlı olaraq gedir. Ancaq tibbin özündə təbii ki ən yüksək meyarlardan biri təcrübənin olmasıdır, o təcrübəni də qazanmaq üçün gənc həkimlərə də mediadan verilməlidir.

– Axı gənc həkimin cüzi bir səhvi xəstənin həyatına səbəb ola bilər.

– O artıq diplom alırsa, mütəxəssis dərəcəsi aldı deməkdir, yəni sən bu işin öhdəsindən gəlməyə qadirsən. Əlbəttə, bunları dərhal o işə həvalə etmirlər. Onlar üçün şərait yaradılır ki, təcrübə keçsinlər, treninqlərə, kurslara gəlsinlər. Bu yeni atılmış bir addımdır. Ailə həkimi haqqında qanun layihəsini müzakirə etmək istəyirik. Ancaq bunu dinləmələrdə pilot rayonlarda həyata keçirməklə hələ ki bu qanunun qəbulunun ləngidirik. Çünki müəyyən boşluqlar var, müəyyən çatışmayan işlər var.

– Amma yəqin ki, qanun qəbul olunacaq?

– Təbii ki, “Pasiyentin hüquqları haqqında” Qanunumuz qəbul olundu, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəmiz müzakirələrdədir. Ailə həkimi haqqında fikirlər demişik. Bunun ilk dəfə 3-cü çağırış Milli Məclisdə Ümumdünya Ailə Həkimliyi Konfederasiyasının parlamentdə dinləməsini keçirtdik. Dünyada olan təcrübələri öyrəndik. Bu sahədə bizim ölkədə görüləsi işlərimiz çoxdur. Məsələn, millət vəkili Musa Quliyevlə Türkiyənin Akdeniz Universitetində ailə həkimliyi təcrübəsini öyrənmək üçün getmişdik. Onlar artıq bu sahədə təcrübə qazanıblar. Orada bizə tövsiyə etdilər ki, bu gün ailə həkimi təcrübəsinin öyrənilməsi və tətbiq edilməsi üçün ən yaxşı elementlərdən biri ailə həkimliyini tədris edən mütəxəssislərin olmasıdır.

– Buna görə Tibb Universitetində belə kafedra fəaliyyət göstərir.

– Bəli, artıq Ailə təbabəti kafedrası Azərbaycan Dövlət Tibb Universitetinin Mustafa Salıyevin rəhbərliyi ilə 10 ildən yuxarı fəaliyyət göstərir.

– Azərbaycanda 9 milyondan çox əhali var. Bununla müqayisədə cəmi 2041 ailə həkimi var. Hesablamısınız nə qədər adama ailə həkimi düşür?

– Onun statistikasını dəqiq deyə bilməyəcəyəm. Aldığım məlumata görə, xüsusən rayonlarda ailə həkimləri verilib.

– Dünyanın əksər yerlərində imkanlı adamlar özlərinə şəxsi həkimlər tuturlar. Bunlara ehtiyac varmı? Tələb olunurmu?

– O ölkələrdə o ailəyə tutulan şəxs heç də ürək üzərində əməliyyat edən və ya böyrək köçürməsi edən həkim deyil. O sadəcə bizim prinsipləri yüksək bilən həkimdir. O ən azından ilkin diaqnozu qoyur və onu düzgün istiqamətləndirir. İxtisaslaşmış tibbi xidmət lazım gələrsə artıq başqa yerə yönəldir. Bu müqavilə əsasında olur.

– Bizdə belə təcrübə var?

– Bizdə bu gün belə təcrübə yoxdur. Qeyri-rəsmi kiminsə ailə dostları, öz ailə həkimi ola bilər. Hər bir həkim həm də öz yaxın çevrəsinin ailə həkimi ola bilər. Bizim təsəvvürümüzdə olan və bizim səhiyyədə görmək istədiyimiz ailə həkimliyinin elementləridir. Bunlar hamısı bir yerə yığışanda daha mükəmməl, daha mütərəqqi sistem yarana biləcək. Biz də bu işlərə başlamışıq. Bunun həyata keçməsi üçün həm onun normativ hüquq aktları hazırlanmalı, həm onun xidmət sferaları, tibbi protokolu, xidmət edəcək paketi və onun obyektləri müəyyənləşməlidir. Bunlar çox vacib məqamlardır.

– Həm də sizin “Ailə həkimi” jurnalınız da var.

– Bəli, bu jurnalı 2007-ci ildən nəşr etdirir. Kiçik maarifləndirmə işinə xidmət edəcəyimiz bir işdir. Bu jurnal tibbi kütləvi jurnal seriyasındadır, orada biz insanların tibbi savadlanması, ayrı-ayrı xəstəliklər üzrə mahiyyətini başa düşəcək fildə izah edirik və hər bir rubrikasında ailə həkimi təcrübəsində pulmanoloji, kardioloji, pedriatrik xəstəliklər rubrikasında daima yazılar gedir. Hesab edirik ki, ilkin məlumatı jurnalımızda verməklə maariflənmə işinə xidmət edirik.

– Azərbaycanlıların həkimə getmək  praktikası yoxdur, yalnız başımızı yerə qoyan anda həkim yada düşür və yoxlanışa gedirik. Bu məsələni yönünə qoymaq üçün sizcə nə edilməlidir. Ümumiyyətlə statistikanı aparmısınız ki, il ərzində nə qədər insan həkimə gedir?

– Bu məsələ düzgün vurğulanıb. 40 yaşından yuxarı kişilər ən azından ildə bir dəfə ürək müayinəsindən keçməli və kardioloqun yanında yoxlanması vacibdir. Qadınlarda 45 yaşdan sonra mütləq ildə ən azı bir dəfə mamaqrafiya olmalıdır. Qanın ümumi analizləri, şəkərin müayinəsi olmalıdır. Bu sadəcə insanın həyat təcrübəsinə çevrilməlidir. Son illər insanlar idman etməyə meylli olub, bu artıq mədəniyyət halına çevrilib. İnsanın öz sağlamlığına baxması lazımdır, sağlam bədəndə sağlam ruh olmalıdır. Bu qış qriplər necə ağır keçdi, bunun bir şərti var, peyvəndin olunması. Bu gün səhiyyə mədəniyyəti daha önə keçməlidir və digər faktorları qabaqlamalıdır.

– Azərbaycan insanın öz sağlamlığının qayğısına qalmağı sizi qane edirmi?

– Xeyir qane etmir. İnsanlar laqeyddirlər.

– Bu nədən irəli gəlir həkimlərə inanmırıq?

– Artıq özəl klinikaların olması, tibb xidmətinin yüksək olması, həkimlərə inamın, bəzən də inamsızlığın yaranması bunları şərtləndirən işlərdir. Azərbaycanda yüksək ixtisas sahibi olan, xaricdə təhsil alıb qayıdan uzamanlarımız var. Bu gün onların qəbuluna növbə ilə düşmək olur. Bəzən televiziya ekranlarda insanları səhv yola yönəldən tibbi verilişlər gedir. Onların bəzilərindən razı deyiləm. Kimsə belə reklamları ilə insanları səhv yola yönədir, bunun əvəzinə insanların sağlamlığının qayğısına qalmaq, sağlam həyat tərzi yaşaması üçün maarifləndirmə verilişlərinin olması məqsədəuyğundur. Yoxsa hansısa klinika, firma özünün prioritet hesab etdiyi sahəni ortaya çıxardıb özünü reklam edir.

– Ailə həkimi məsələsinin istənilən halda qanuni bazası olmalıdır, deyilmi?

– Ailə həkimi təcrübəsi artıq ö ilk addımlarını atır, islahatlara təkan verilib. Bundan sonra artıq onun hüquqi normativ bazası yarana bilər. Ailə həkimi təcrübəsi hələ öyrənilir, hansı çatışmazlıqların olduğu isə müəyyən ediləndən və bu istiqamətdə addımlar atılandan sonra qanuni baza təmin olunur.

– Tibbi sığorta ilə bağlı məsələ təsdiqləndi, amma hələ də həyata keçməmiş qalır

– Bəli, bu bizim yaralı yerimizdir. Parlamentdə istər hökumətin hesabatında, istər büdcə qəbul edilərkən keçirilən dinləmələrdə mütləq deputatlar bu məsələyə toxunur. Bunun üçün xüsusi agentlik yaradılıb. Vəsait ayrılıb, amma hər il o vəsait büdcəyə qayıdır. Hesab edirəm ki, bunun bir optimal modeli müəyyənləşməlidir. Türkiyədə və Almaniyada iki ölkənin sığorta sistemləri ilə bir qədər tanış olmuşam, hər birinin öz üstünlükləri var. Türkiyədə bunun çox mükəmməl modeli var, orada bütün sosial haqlar və tibbi sığorta haqqı bir paketdə ödənilir. İşə götürən artıq öz işçisinin sosial ayırmalarını və tibbi ayırmalarını eyni paketdə edir. Bunun üçün işlər yerlərinin leqallaşdırılması ən vacib amillərdəndir. Bu gün Sosial Müdafiə Fondu və Vergilər Nazirliyi tərəfindən bu sahədə addımlar atılır. Bu tibbi sığortanın işləyə bilməsi üçün vacib elementlərdən biridir. Hesab edirəm ki, güclü təkan olsa bu artıq öz həllini tanış olar.

Tibbi sığortanın işə düşməsi bu gün tibb sahəsində olan bir çox məsələlərin həllinə fantastik kömək edə bilər. Büdcənin səhiyyə ayrılan hissəsinin azaldılmasına gətirib çıxarda bilir. Hər bir insanın tibdən xidmət ala bilmək imkanları arta bilər. Tibbi sığorta paketinin hansı sahələri əhatə etməsini də müəyyənləşdirməliyik. Bu çox vacib işdir. Tələbəmiz də budur ki, bu tezliklə işə düşsün.

Aytən Əliyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir