Modern.az

Türkiyədə mülk alan varlı azərbaycanlıların sayı açıqlandı - Onlar kimlərdir?

Türkiyədə mülk alan varlı azərbaycanlıların sayı açıqlandı - Onlar kimlərdir?

10 Aprel 2013, 12:15

Ötən il 325 azərbaycanlı qardaş ölkədə daşınmaz əmlak sahibi olub

Son 11 ayda 13138 xarici vətəndaş Türkiyədən daşınmaz əmlak alıb. Onlardan 1609 nəfər 18 may 2012-ci ildə qüvvəyə minən və  6 avqust 2012-ci il tarixində tətbiqinə başlanan yeni qanundan, daha doğrusu, Mülkiyyət Qanununun 35-ci maddəsinə edilən dəyişiklikdən sonra Türkiyədə ev sahibi olub. 
Keçən ilin avqustundan bəri Türkiyədə ev sahibi olan Azərbaycan vətəndaşlarının sayı isə 325 nəfərdir. Onlardan 296-sı qat mülkiyyəti (yəni hazır bir binanın mərtəbəsi, mənzili, iş bürosu, mağaza, anbar, zirzəmi üzərində mülkiyyət), 29-u isə ana daşınmaz (bina, torpaq, tarla və s)  sahibi olub. 
Modern.az saytı xəbər verir ki, bu məlumatlar “trtazerbaycan.com”a Türkiyənin Mülkiyyətin Kadastrı Baş İdarəsinin (Tapu Kadastro Genel Müdürlüğü) Xarici İşlər İdarəsindən verilib.

Qanun dəyişikliyindən sonra  81 ölkənin vətəndaşları üçün Türkiyədə daşınmaz əmlak almağın yolu açılıb. Daha əvvəl yaşamaq üçün icazə alan və ya çox məhdud sayda daşınmaz əmlak əldə etmək haqqına sahib olan 40 ölkənin vətəndaşları üçün də bu şərtlər və məhdudiyyətlər ləğv edilib. Beləliklə, ümumilikdə bu qanun 121 ölkənin vətəndaşlarının işinə yarayıb.  Yeni qanunun qəbul edilməsindən sonra Türkiyədə ən çox  daşınmaz əmlak alan Almaniya vətəndaşlarıdır.

Hazırda xarici vətəndaşlar Türkiyədə hər cür daşınmaz əmlak əldə edə bilirlər. Əcnəbi fiziki şəxslər satın aldıqları boş ərazidə  həyata keçirəcəyi layihəni iki il içərisində Türkiyənin müvafiq rəsmi dairələrinə təqdim etməlidirlər.  Qanunda xarici vətəndaşlara tətbiq edilən məhdudiyyətlər isə  çox deyil.  Xarici vətəndaş Türkiyədə ən çox 30 hektarlıq daşınmaz əmlak ala bilər. Xaricilərin hərbi baxımdan qadağan olunmuş bölgələrdə və təhlükəsizlik sahələrində daşınmaz əmlak əldə etməsi və kirayələməsi mümkün deyil.  Xarici vətəndaşlar xüsusi mülkiyyətdə olan qəsəbələrin ərazisinin 10 faizi qədər daşınmaz əmlak ala bilər.  Xarici vətəndaşların Türkiyədə daşınmaz əmlak alması üçün yaşayış icazəsinə ehtiyac yoxdur. Ancaq eyni zamanda Türkiyədə daşınmaz əmlak əldə etmək xarici vətəndaşa yaşayış üçün icazə haqqı vermir.

Son səkkiz ayda Türkiyədə daşınmaz əmlak alan azərbaycanlılar əsasən İstanbul, Antalya, Ankara və Muğlaya üstünlük veriblər.  Azərbaycan vətəndaşları Türkiyənin ticarət paytaxtı İstanbulda 164,  siyasi paytaxtı Ankarada 22, turizm mərkəzi  Antalyada 65 və son dövrün inkişaf edən digər turizm bölgəsi Bodrumun bağlı olduğu Muğla vilayətində 17 daşınmaz əmlak alıblar.  
Geri qalan 57 Azərbaycan vətəndaşı isə Adana, Afyonkarahisar, Ağrı, Amasya, Aydın, Burdur, Bursa, Dənizli, Əskişəhər, İzmir, Kayseri, Kocaeli, Konya, Mersin, Ordu, Sakarya, Samsun və Trabzon vilayətlərində  mülk sahibi olub.

Qanunda dəyişiklik edilənə qədər isə  Türkiyədə 45 Azərbaycan vətəndaşının daşınmaz əmlakı vardı. Bunlar Turqut Özal dövründə türk dövlətləri üçün qanundan qarşılıqlılıq prinsipinin çıxarılması sayəsində Türkiyədə mülkiyyət sahibi ola bilənlər idi. Daha sonra qanun dəyişdirilincə bu vətəndaşların haqlarına da toxunulmamışdı.

Türkiyədə daşınmaz əmlaka sahiblənən imkanlı azərbaycanlıların kimliyinə gəlincə, bu ölkənin Mülkiyyətin Kadastrı Baş İdarəsi həmin məlumatları açıqlamaq istəməyib.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir