“Azərbaycanda Rusiyanın maraqlarına uyğun hakimiyyət formalaşsa, Moskva İrəvanı “satacaq”"
“Rusiya Azərbaycanda öz nüfuzunu artırmaq üçün ölkə ilə əlaqələrini dərinləşdirmək istəyir. Moskva üçün Gürcüstan “yol”, Ermənistan “vasitə”, Azərbaycan isə “mükafatdır”. Modern.az bildirir ki, bu sözləri ABŞ-ın tanınmış politoloqu Pol Qobl “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib.
Politoloqun sözlərinə görə, varlı Azərbaycan özünün coğrafi vəziyyətinə görə mühüm yer tutur. “Bununla da Azərbaycan Rusiyanın geopolitik maraqlarına daxildir. Bu ölkədən cənuba, İrana yol gedir. Moskva Azərbaycanın timsalında özünə dost hakimiyyət görmək istəyir”-deyə P.Qobl vurğulayıb.
“Ermənistan bir neçə il sonra başa düşəcək ki, əgər Azərbaycanda Rusiyanın maraqlarına uyğun hakimiyyət formalaşsa Moskva İrəvanı “satacaq"-deyə politoloq vurğulayıb.
P.Qoblun sözlərinə görə, Azərbaycan başa düşməlidir ki, hətta işğal olunmuş ərazilərinin qaytarılması hesabına belə, Rusiyanın təsir dairəsinə düşməsi ona heç bir xeyir gətirməyəcək. “Putinin məqsədi Azərbaycanda Moskvanın dominantlığı altında sovet tipli sistemi yaratmaqdır”- deyə P.Qobl bildirib.
ABŞ-dan olan politoloq Pol Qobl 90-cı illərin sonunda Qarabağ probleminin həlli üçün təklif etdiyi “Qobl planı”nın müəllifidir.
X. SƏFƏROĞLU