Modern.az

Türkiyədə «Azərbaycan variantı» baş tutacaqmı?

Türkiyədə «Azərbaycan variantı» baş tutacaqmı?

Ölkə

14 Aprel 2013, 16:16

fəlsəfə üzrə fəlsəfə doktoru

Hazırda Ana Yasada dəyişiklik edilərək Türkiyə dövlətində «türk milləti» anlayışının yurddaşlıq-vətəndaşlıq anlayışı ilə əvəz olunması ilə bağlı fikirlər səslənməkdədir. Ümumiyyətlə, 1995-ci  il Azərbaycan Konstitusiyasında olduğu kimi, Türkiyənin yeni Ana Yasasında da «Türk» anlayışının (türk milləti, türk dövləti və s. anlamlarda) çıxardılmasını təklif edən siyasi-ideoloji dairələr (Ədalət və Qalxınma Partiyası və b.) vardır.

«Türk» anlayışının aradan qaldırılması fikrini irəli sürənlər hakim AKP başda olmaqla hesab edirlər ki, bununla da Türkiyədə etnik mənşəyindən asılı olmayaraq bütün vətəndaşlar arasında bərabərlik bərqərar olacaqdır. Onların bu müddəasından belə nəticə çıxmış olur ki, indiyə qədər Türkiyə dövlətində türklər istisna olmaqla digər etnik azlıqlara - kürdlər, lazlar, ermənilər və başqalarına, xüsusilə də kürdlərə qarşı münasibətdə ədalətsizlik olmuş, onların hüquq və azadlıqları boğulmuşdur. Özəlliklə, Türkiyənin bir türk dövləti, bir türk milləti adlanması ilə kürdlərə qarşı böyük bir haqsızlıq yapılmışdır. Ona görə də, Türkiyədə türk dövləti, türk milləti, hətta yeri gələndə Türkiyə Cümhuriyyəti adından (məsələn, Türkiyə Cümhuriyyəti Sağlık Bakanlığı deyil, sadəcə Sağlık Bakanlığı adlandırılsın) belə istifadə edilməməlidir. Deməli, Türkiyədə dövlətin adına birmənalı münasibət bəsləməyən, bu mənada yenidən Türkiyəni keçmiş Osmanlı imperiyasına oxşar bir dövlət kimi görmək istəyənlər vardır. Halbuki Türkiyə Cümhuriyyəti qurulmamışdan öncə, neçə əsrlər türklər öz dövlətlərini Osmanlı dövləti adlandırdıqları halda, Avropa millətləri onları Türkiyə olaraq tanımışdır.

Maraqlıdır, necə olmuşdur ki, Fransada bütün etnik qruplar fransız kimliyi altında fransızlaşdırdıqları, Almaniyada almanlaşdırdıqları, İtaliyada italiyanlaşdırdıqları halda, türklər ən azı min ildən çoxdur Türkiyədə və Azərbaycanda böyük çoxluğu təşkil etmələrinə baxmayaraq, azsaylı etnik qrupları türkləşdirə bilməmişdir? Üstəlik, öz milli kimliyindən, milli dövlətindən, milli dilindən və başqa milli özünməxsusluqlardan imtina etmək təhlükəsi ilə üzbəüz qalmışdır? Şübhəsiz, bu sualların çoxsaylı cavablarından ən əsası, birincisi türk millətinin həmişə digər etnik qruplara, xüsusilə onunla eyni dini kimliyi paylaşanlara mədəniyyət, dil, adət-ənənə və b. milli məsələlərdə xoşgörüdən çıxış etmələridir. Yəni türklər tarixən etnik mənşəcə ona yad olan etnik qrupları heç zaman assimilyasiya etməmişlər. Buna bariz nümunə kimi Türkiyə və Azərbaycanda yaşayan onlarla azsaylı etnik qrupları göstərə bilərik. Bu günün özündə də həmin etnik qruplar (kürdlər, ləzgilər, ermənilər, lazlar, talışlar və b.) həm milli kimliyini, həm də dini inanclarını qoruyub saxlamışlar. Bununla da etnik qruplar nəinki Türkiyə və Azərbaycanda assimilyasiya olunmuş, əksinə heç bir milli ayrı-seçkilik qoyulmadığı üçün bu türk dövlətlərində yüksək vəzifələr tutmuşlar. 

Həmin etnik qruplar, xüsusilə də ermənilər və kürdlər türklərin bu xoşgörü, heç bir irqi ayrı-seçkiliyin qoyulmaması siyasətindən nəticə çıxarmaq əvəzinə tarixdə bir neçə dəfə «müstəqil Ermənistan», «müstəqil Kürdüstan» dövlətləri yaratmağa cəhd göstərmişlər. Xüsusilə, ermənilərin milli kimliklə yanaşı, dini kimliyi də irəli sürməsi, 20-ci əsrin əvvəllərində tarixi Türk torpaqlarında «Ermənistan dövləti» yaratması ilə nəticələnmişdir. Halbuki ermənilər Rusiyanın və başqa böyük xristian inanclı dövlətlərin dəstəyi ilə «müstəqil dövlət» yaradana qədər Osmanlı imperiyasında müxtəlif yüksək vəzifələr tuturdular. Türklər isə bu məsələyə milli və dini kimlik deyil, dövlətçilik, yəni bilik və bacarıqlı insanların layiq olduğu vəzifəni tutması baxımından yanaşdıqları üçün, buna heç bir etiraz etməmişlər. Hətta, türk imperiyası olmasına baxmayaraq, Osmanlıda bir çox hallarda haqsızlıqla üzləşənlər, xor baxılanlar ermənilər, kürdlər və başqa etnik azlıqlar deyil, türklər olmuşlar.

Bütün bunlar o deməkdir ki, 20-ci əsrin əvvəllərində bəzi etnik qrupların, xüsusilə də ermənilərin və kürdlərin fəallaşaraq müstəqil dövlət yaratmaları fikrinə düşmələri, onların Osmanlıda milli və yaxud da dini kimliklərindəki hər hansı ayrı-seçkiliklə deyil, Türk ruhunu qəbul etməyən xarici qüvvələrin də təhriki ilə türklərə birmənalı şəkildə xəyanət etmələri ilə bağlı olmuşdur. Bu xəyanətin nəticəsi olaraq da ermənilər 20-ci əsrin əvvəllərində himayədarlarının birbaşa yardımı ilə «müstəqil dövlət»lərini yarada bildikləri halda, ancaq kürdlər bunu nail ola bilməmişlər.  Deməli, növbəti dəfə hədəf «müstəqil Kürdüstan»dır.

Bu baxımdan türklərin milli mənlik şüurunun zədələnməsi (türk dilinin sıxışdırılması, türk kimliyinin dolaşdırılması, türk tarixinin saxtalaşdırılması və s.), əvəzində etnik qrupların «milli şüurunun oyadılması» ssenarisini Qərb və Avropanın antitürk ruhlu qüvvələri Türkiyədə uyğulamağa sonralar da davam etmişlər və edirlər də. Bunu nümunə kimi, Türkiyə alimi prof. Oktay Sinanoğlunun mülahizələrinə diqqət yetirmək maraqlı olardı.  Sinanoğlu qeyd edir ki, ötən əsrlər­də çar Rusiyası və Sovet Rusiyası Orta Asiya (Azərbaycan da buraya aiddir) türk dövlət­lərində möhtəşəm türk mədəniyyətini, türk tarixini, türk dilini və s. necə sıxış­dırıb çıxartmaq siyasəti yürütmüşdürsə, eyni siyasəti ABŞ və Avropanın aparıcı ölkə­ləri Türkiyədə həyata keçirməyə çalışmışdır: «Türk və islam düşməni olan, hələ də xaçlı səfəri mentalitetini davam etdirən təəsübkeş qərblilər türklərin bu böyük töhfələrini əvvəlcə islam dünyasında, sonra Qərbdə və nəhayət Türkiyə içində unutdurmaq və inkar etdirməklə işə başladılar. Sonra növbə (düz 40 il əvvəl) tarixin, mədəniyyətin, milli hiss və bütövlüyün və adət-ənənənin yaşaması üçün əsas fundament olan türk dilinin yox edilməsinə gəlib çatdı. Kağız üzərində rəsmi dili Türk dili olan Türkiyənin təhsil dili tamamilə ingiliscə olmağa başladı». Sinanoğlu hesab edir ki, öz möhtəşəm tarixini və möhtəşəmliyini dərk edərək onu yenidən əzəmətinə qo­vuş­durmayacağı təqdirdə türk dili əcnəbi dillər arasında məhv ola bilər: «Bu, türk dilinə, türk tarixinə, türk hegemoniyasına, türk dünyasına, müsəlman ölkələr öndərli­yinə, türkün dünya üzərindəki heysiyyətinə «bye-bye» deməkdir. Bəylər! Havaydan (söh­­bət hazırda ABŞ-ın ştatların­dan biri olan Havay adalarından gedir. Vaxtilə Hava­yın yerli hökmdarları bu adaları müəyyən pul miqdarında amerikalı missioner­lərə satıblar-F.Ə.) ibrət alaq. Türk dilini, dolayısı ilə türkün gələcəyini satan­lar nəvə­ləri­nin miras sahibi olaraq rifah içində yaşayacaqlarını zənn edib sevinmə­sinlər».

Fikrimizcə, bu gün Türkiyədə hakimiyyətdə olan AKP hökumətinin yürütdüyü siyasət birbaşa türk ruhuna qarşı yönəlmişdir. Burada əsas məqsəd türk millətini görməməzlikdən gələrək, qeyri müəyyən bir dövlət yapısı müəyyənləşdirməkdir. Başqa sözlə, AKP hökuməti türk anlayışını ortadan qaldırmaqla barışa nail olmaqdan daha çox, bir millətin heysiyyətini heçə endirmək niyyətindədir. Yəni Türkiyədə barış adı altında, «kürd problemi»nin həllinin türk millətinin şərəf və ləyaqətinin tapdalanması hesabına baş tutmasına hesablanmışdırdır. Maraqlıdır ki, bunu həyata keçirən AKP hökuməti siyasətini elə bir incə məsələnin üzərində qurmuşdur ki, Türkiyə türklərinin xeyli bir qismi də onu müdafiə edirlər. Bu da, yenə də türk millətinin həmişə olduğu kimi xoşgörüdən çıxış edərək qarşılıqsız güzəştlərə getmələridir.

Ancaq artıq Türkiyədə iş o yerə gəlib çatmışdır ki, nəinki türk anlayışının, eyni zamanda dövlətin adı olan «Türkiyə Cümhuriyyəti» anlayışı belə bəzi dairələr tərəfindən qəbul edilməz olmuşdur. Bu onun göstəricisidir ki, Türkiyə bir vaxtlar Azərbaycanda olduğu kimi, türk kimliyinin dövlətçilik, vətənçilik, insaniyyət ideyaları fonunda aradan qaldırılması təhlükəsi ilə üz-üzə qalmışdır. Artıq istisna deyil ki, Türkiyənin yeni Ana Yasasında türk anlayışı ilə bağlı nə varsa, hamısı aradan qaldırıla bilər. Hətta, bunlardan birinin türk dili ilə bağlı olması da mümkündür. Ola bilsin ki, 1995-ci ildə Azərbaycan Respublikası referendum yolu ilə Türk dilindən imtina edib «Azərbaycan dili»nə üz tutduğu kimi, Türkiyədə də buna oxşar «yeni dil» yaransın. Çünki Türkiyənin də tarici təcrübəsində bu vardır (məsələn, «osmanlı dili»).

Bütün bunlar o deməkdir, 21-ci əsrin Türk əsri olmasını istəməyən kifayət qədər xarici qüvvələr var ki, onlar türk dövlətlərinin güclənməsini və birləşməsini (yəni hər hansı birlikdə bir hərəkət etməsini) istəmirlər. Bunun üçün də, Türkiyəyə münasibətdə klassik forma kimi «parçala və hökm sür!» ideolojisini uyğulayırlar. Hər halda, ötən əsrin əvvələrində olduğu kimi, 21-ci əsrin əvvəllərində türk dövlətlərində baş verən prosesləri təsadüfi saymaq mümkün deyildir. Əksinə bu proseslər müəyyən bir xətt üzrə davam etdirilməkdədir.

Bu mənada, Türkiyədə «Aqil insanlar» adı altında tanınmış simaların bu «barış oyunu»nun tərkib hissəsinə çevrilməsi təsadüfi deyildir. Fikrimizcə, bu məsələdə «Aqil insanlar»ın xalqın fikrini öyrənməsi, yaxud da xalqın onların fikri ilə tanış olması önəmli deyildir. Burada əsas məsələ, bir gün türk anlayışının Ana Yasadan çıxarılması baş verərkən onların da bu məsələ də iştirak etmələrini qabartmaqdır.

Fikrimizcə, əgər Türkiyə türkləri xarici qüvvələrin onlara yönəlik «kürd problemi»ni türk millətinin şərəfinə və ləyaqətinə uyğun şəkildə həll edə bilməsə, bu zaman yenə də Türk dünyasında ciddi böhranlar baş verəcəkdir. Çünki etiraf etmək lazımdır ki, Türkiyə son əsrlərdə türk dünyasının əsas ağırlıq mərkəzi olmuşdur və olmaqda da davam edir. Ancaq son zamanlar Türkiyədə baş verən proseslər göstərir ki, türk milləti yenidən seçim qarşısındadır. Bu da ondan ibarətdir ki, Göktürk xaqanı Bilgə Kağannın təbrincə desək, ya öz kimliyini və şərəfini unudub əsir halına düşəcək, ya da titrəyib özünə dönəcək və öz böyüklüyünü dostlarına da, düşmənlərinə də bir daha sübut edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi