Dünyanın istənilən ölkəsindən gələn əcnəbi qonaqlar mətbəximizin dadlı təamlarından dadandan sonra ilk sözləri bu olur ki, “dadı damağımızda qaldı”. Azərbaycanın zəngin və koloritli mətbəxini bəyənməyən və ya dadmayan qonaqları təsəvvür belə, etmirəm. Zəfəranlı plovu yuxa çörəkdə buğmalayıb yemək istəməyən ingilisi, fransızı qınasam, bəlkə də oxucular da məni qınayar.
Doğrudur, qida rasionumuza daxil olan ərzaqların biri çoxu dadlı olması ilə yanaşı, həm də insanların tez kökəlməsinə şərait yaradır. Amma çətin ki, bu təamların dadlı tamını başqa bir ölkədə tapa biləsən.
Maraqlıdır, bu ərzaq məhsullarından daha çox hansı süfrəmizin gündəlik qidaları içərisində payına görə seçilir? Ümumiyyətlə, orta statistik azərbaycanlı daha çox nə yeməyə üstünlük verir? Süfrəsində hansı ərzaqlardan istifadə etməyə imkanı çatır?
Öncə qeyd edək ki, minimum istehlak səbətinə əsasən, hər bir insanın əsas növ ərzaq məhsullarının illik istehlakı belədir: un – 133,8 kq, kartof – 44,2 kq, tərəvəz və bostan məhsulları – 96,1 kq, meyvə – 47 kq, ət və ət məhsulları – 27,8 kq, süd və süd məhsulları – 209 kq, balıq və balıq məhsulları – 5 kq, yumurta – 139 ədəd, şəkər və şirniyyat məhsulları – 17 kq, bitki yağları – 10,1 litr, mal-qara yağı – 7,3 kq, çay – 3,5 kq, duz – 3,5 kq olmalıdır. Amma unutmayaq ki, bunlar minimum tələbdir.
İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, istehlak səbətində adları çəkilən ərzaq məhsullarının heç də hamısının süfrələrimizdə payı eyni deyil. Belə ki, həmişə kimi tutumlu məhsulları sevən xalqımız üçün çörək vazkeçilməz nemətdir. Hətta bu qida növünə normadan artıq olan tələbatımız bəzən xəmir xörəklərini belə, çörəklə yeməyə məcbur edir.
“Azərbaycan vətəndaşlarının gəlirlərinin strukturuna nəzər yetirsək, onların gəlirlərinin 70%-i istehlak mallarının alınmasına yönəldilib. Və bu istehlak məhsullarının böyük bir hissəsi isə ərzaq məhsullarından ibarətdir. Praktik olaraq vergilər və digər ödənişlər nəzərə alındıqda Azərbaycan vətəndaşlarının sərəncamında cəmi 20% sərbəst vəsait qalır. Və nəzərə alaq ki, azərbaycanlıların gəlirlərində ərzaq məhsullarının payının yüksək olması onunla bağlıdır ki, istehlak bazarında ərzaq məhsullarının qiyməti yüksəkdir. Ona görə də gəlirlərinin əksər hissəsini ərzaq məhsullarının alınmasına yönəldirlər. Xalqımızın daimi istehlak etdiyi ərzaq məhsulları içərisində ət və çörəyin faizi xüsusi ilə seçilir. Doğrudur, çörəyin xüsusi xərci ailə büdcəsində çoxda böyük deyil. Azərbaycan vətəndaşlarının daimi olaraq vəsait xərclədiyi nemətdir. Ərzaq səbətinə yönəldilən vəsaitlərin tərkibində çörəkdən sonra ət kifayət qədər çoxdur. İnsanlar ət məhsulların alınması ilə bağlı kifayət qədər çox vəsait xərcləyirlər. Hər bir azərbaycanlı həftədə bir neçə dəfə ət məhsullarından istifadə edir. Praktik olaraq istehlak səbətində gündəlik istehlak baxımından çörəyin, amma xərc baxımından ət məhsulunun payı çoxdur”.
Ekspert deyir ki, ABŞ, Avropa ölkələri ilə müqayisədə süfrəmizdə istifadə olunan məhsulların çəkisi daha ağırdır.
“ABŞ-da olduğum dövrdə ən çox diqqətimi çəkən avropalıların və amerikanların çörəkdən daha az istifadə etməsidir. Bəzi xalqlar ümumiyyətlə çörəkdən istifadə etmirlər. Həmçinin ət məhsullarının həcminin də az olmasına çalışırlar. Digər bir fərq isə odur ki, Azərbaycan ailələrində mətbəxdə qənaət yoxdur, amma avropalı ailədə bu baxımdan daha çox qənaətcildirlər”.
V. Bayramovun sözlərinə görə, ərzaq məhsullarının istehlakının və strukturunun düzgün bölündüyünü iddia etmək olmaz.
“Nəzərə alsaq ki, ətin qiymətinin satışında artımlar var və bunun fonunda daha bahalı ərzaq məhsullarından istifadə edilməsi ailə büdcəsinin xərclərinin artmasına gətirib çıxarır. Bu da istehlak səbətində vəsaitlərin doğru bölünməsindən xəbər vermir. Çünki mətbəximiz zəngin olsa da, xərci çoxdur. Azərbaycanlılar ətli, bahalı yeməklərə öyrəşiblər. Ona görə də bu ənənəni dəyişmək kifayət qədər çətindir”.
Dövlət Statistika Komitəsinin məlumatına diqqət edək. Dadlı, ləzzətli şirniyyatlar, çörəklər bişirdiyimiz unun adam başına il ərzində düşən istehlakı 154 kiloqramdır. İkinci çörək sayılan kartofa tələbat heç də çörəkdən az deyil. Belə ki, kartofun il ərzindəki payı 72 kiloqramdır. Ancaq fəsildən asılı olaraq bizim də qidalanmamız yaz-yay aylarında dəyişir. Daha çox müraciət etdiyimiz ərzaqlar sırasına tərəvəz və bostan məhsulları daxil olur. Buna görə də bu məhsulların istehlakı 165 kiloqrama bərabər olur. Eyni zamanda Azərbaycan xalqı çayxor olduğundan şəkər və qənnadı məhsulları onlar üçün vazkeçilməz nemətidir. Bu səbəbdən süfəmizdə adambaşına qənd və qənnadı məhsullarının çəkisinin 30 kq olması əbəs yerə deyil. Meyvə və giləmeyvənin statistik göstəricisi isə 66 kiloqramdır. El arasında göz zəifliyinin dərmanı hesab edilən balığı və balıq məhsullarını ailələrimiz uşaqların məxsusi olaraq yeməsini istəyir. Bu məhsulun adambaşına düşən istehlak payı 6,8 kq-dır. Kənd təsərrüfatına bağlı olduğumuzdan ailələrimizdə yumurtanın yeri danılmazdır. Bu məhsulun adambaşına illik istehlakının həcmi 131 ədəddir, süd və süd məhsullarının payı isə 240 kq-dan ibarətdir. Gündəlik ərzaq səbətində öz payı olan bitki yağı 9 kq, heyvan yağı isə 4,7 kiloqrama bərabər olur.
DST (Dünya Səhiyyə Təşkilatı) normaları ilə müqayisə etdikdə isə Azərbaycan əhalisi istehlak səbətinə daxil olan məhsulların bir hissəsini normadan çox, bir hissəsini normaya yaxın, digərlərini isə normadan çox az istifadə edir.
Şahanə Rəhimli