Modern.az

Müxalifətdən Ramiz Mehdiyevə təbrik mesajları...

Müxalifətdən Ramiz Mehdiyevə təbrik mesajları...

17 Aprel 2013, 12:34


Bu gün Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 75 yaşı tamam olub.

Modern.az saytı yubiley yaşını qeyd edən Ramiz Mehdiyevin Azərbaycan ictimai-siyasi həyatında rolu ilə bağlı parlamentdə təmsil olunan müxalifət partiyalarının rəhbərləri olan millət vəkillərindən rəy öyrənməyə çalışıb.

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bur barədə danışmaqdan imtina etdi: “Bu mövzuda danışmağa ehtiyac yoxdur. Məni bu sorğudan çıxarın”.

Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov da Ramiz Mehdiyevin siyasi fəaliyyətini şərh etmək istəmədi.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa isə Ramiz Mehdiyevi təbrik etdi və onun Azərbaycan siyasətində və elmindəki rolu haqqında bunları dedi:

“Bütün hallarda mən hesab edirəm ki, Azərbaycan dövlət sisteminin hüquqi zəmində çalışmasında Ramiz Mehdiyevin xüsusi rolu var. Prezident Administrasiyasının rəhbəri kimi də siyasətdə kifayət qədər təsiredici gücə malikdir. Bununla bərabər elmi çalışmalar ortaya qoyması da təqdirəlayiq bir haldır. Çünki siyasətdə çalışan insanların bu qədər enerji ilə elm sahəsində də fəaliyyət göstərməsi tez-tez müşahidə olunmur. Amma Ramiz müəllimin elm sahəsində də çalışması çox müsbət bir haldır. Təbrik edirəm! Azərbaycan dövlətinin rifahı üçün çalışmalarda uğurlar arzulayıram. Çünki bütün hallarda bizim müxalifətdə olmağımıza baxmayaraq, bütövlükdə dövlət idarəetməsinin sağlam məcrada getməsi, hüquqi prinsiplərin işləməsi olduqca vacib məslədir. Bu hər birimizi vətəndaş olaraq düşündürür. Bu işdə də Ramiz müəllimin xüsusi mövqeyi və rolu var. Bir daha təbrik edirəm, uzun ömür, can sağlığı arzulayıram”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev də Ramiz Mehdiyevə təbrik mesajlarını çatdırdı:

“Mən də Ramiz müəllimi təbrik edirəm və bundan sonrakı işlərində uğurlar arzulayıram. Mən Ramiz müəllimin Şah İsmayıl Xətai ilə bağlı, Azərbaycanda dövlət məsələləri və ideologiya barədə kitablarını oxumuşam. Həmin əsərlərdə çox ciddi yanaşmalar var. Dövlətin bu gün ayaq üstə durmasında və inkişafında Ramiz müəllimin müstəsna xidmətləri var”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ölkədə olmadığından onunla əlaqə saxlaya bilmədik.

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə isə telefon zənglərimizə cavab vermədi. 

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir