Modern.az

Alimlər Ramiz Mehdiyevə əmək haqlarının azlığından şikayət etdilər

Alimlər Ramiz Mehdiyevə əmək haqlarının azlığından şikayət etdilər

24 Aprel 2013, 13:18

Akademiyada keçirilən iclasda problemlər sadalandı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən Ümumi Yığıncağında çıxış edən akademik-katibi Vaqif Fərzəliyev elm sahəsində əmək haqqının azlığından danışıb.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də iştirak etdiyi toplantıda alimlər adından bir sıra təkliflər səsləndirilib.

Modern.az
-ın məlumatına görə, gündəlikdə yer alan ilk məsələ ilə bağlı nitq söyləyən V.Fərzəliyev elm sahəsindəki problemlərdən də danışıb.

Vaqif Fərzəliyev bildirib ki, son illər ölkə Prezidentinin elmə qayğısının nəticəsi olaraq alimlərin əməkhaqqı bir neçə dəfə artıb. Lakin əməkhaqlarının məbləği müasir bazar qiymətləri ilə müqayisədə qənaətbəxş deyil. Buna görə də alimlər elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcələrinə görə verilən əlavələrin artırılmasını istəyirlər.

V.Fərzəliyevin sözlərinə görə, bu gün AMEA-ya elmi ekspedisiyalar üçün ayrılan maliyyə vəsaitinin də həcmi çox azdır.

Hazırda AMEA alimlərinin orta yaş həddinin çox yuxarı olduğunu deyən V.Fərzəliyev bildirib ki, gənc mütəxəssislərin AMEA-ya axınının zəif olması bu qurumu çox narahat edir. Bunun əsas səbəbi əməkhaqqı və mənzil təminatının lazımi səviyyədə olmamasıdır.

"Gənc mütəxəssislərin doktoranturadan hərbi xidmətə çağırılması da bu problemin həllinə mənfi təsir edir. Bir çox gənc mədəniyyət və incəsənət xadimləri, idmançılar prezident təqaüdü ilə təltif olunur. Lakin gənc istedadlı alimlər bu siyahıda yoxdurlar. Arzu edərdik ki, bu məsələ də öz həllini tapsın",- deyə V.Fərzəliyev əlavə edib.

Daha sonra akademik-katib elm sahəsində gənclərin ölkə xaricində təmsilçiliyindən də danışıb. V. Fərzəliyev bildirib ki, idman, incəsənət və musiqi sahəsinə nisbətdə elm sahəsində gənclər çox azdır.

Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi