Azərbaycan Ziyalılar Forumunun lideri, tanınmış kinodramaturq Rüstəm İbrahimbəyovun irəli sürdüyü Milli Şura ideyası müxalif cəbhədə birmənalı qarşılanmadı. Ara-sıra bu təklifi dəstəkləyənlər də oldu, qarşı çıxanlar da.
Ölkənin aparıcı müxalifət partiyaları olan AXCP və Müsavat Milli Şuranın əsas dayağı hesab olunsa da, partiyalar bu haqda hələ də rəsmi mövqelərini açıqlamayıblar.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov Rüstəm İbrahimbəyovun müxalifətə təklif etdiyi Milli Şura ideyası haqda fikirləri Modern.az-la bölüşüb.
“Bu uzun məsələdir. Milli Şura ilə bağlı təklifləri partiya funksionerləri var, onlar cavablandıra bilərlər. Amma deyə bilərəm ki, ideyalar çox ola bilər. Bu ideya reallaşmayana qədər, elə ideya olaraq qalacaq. Bu baxımdan indiki durumda mən bu təklif haqda danışmaq istəməzdim”-deyə E.Məmmədov bildirib.
Qeyd edək ki, bu yaxınlarda Rüstəm İbrahimbəyov Rusiyadan Azərbaycan müxalifətinə səslənərək Milli Şura ideyasının tezliklə reallaşdırılmasının vacib olduğunu bəyan edib. Milli Şura ideyasının bu ay ərzində təqdim olunacağı gözlənilir.
Anar RÜSTƏMOV