Modern.az

Eynulla Fətullayev genişmiqyaslı amnistiyaya qarşı çıxdı

Eynulla Fətullayev genişmiqyaslı amnistiyaya qarşı çıxdı

4 May 2013, 13:39

Xəbər verdiyimiz kimi Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva amnistiya təşəbbüsü ilə Milli Məclisə müraciət edib. Amnistiya aktı ilə bağlı Modern.az  hüquq müdafiəçisi Eynulla Fətullayevdən münasibət öyrənib.

Hüquq müdafiəçisi amnistiya ilə əfv arasındakı fərqə aydınlıq gətirərək bildirib ki, Azərbaycan təcrübəsində bununla bağlı başqa yanaşma mövcuddur.

“Amnistiya əfvdən fərqli olaraq fərdi xarakter daşımır. Amnistiya aktında Cinayət Məcəlləsinin maddələri öz əksini tapır. Amnistiyada konkret fərdlərdən söhbət getmir. Azərbaycanda ictimaiyyətin və beynəlxalq təşkilatların tələb etdiyi məhkumların azadlığa buraxılması isə əfv fərmanı ilə həyata keçirilir”-deyə qeyd edib.

Hüquq müdafiəçisi amnistiya aktını müsbət qiymətləndirdiyini də deyib. “Düzdür, amnistiya aktının çox az sayda məhkuma şamil olunması ilə bağlı tənqidlər səslənir. Postsovet məkanında yerləşən və digər ölkələrdə genişmiqyaslı amnistiyaların tətbiq olunması isə əslində düzgün deyil. Çünki həbsxanada ağır cinayət törətmiş şəxslərin azadlığa çıxması təhlükə ola bilər. Gürcüstanda İvanaşvilli hökuməti genişmiqyaslı amnistiya elan etdi. Prezident Saakaşvilli isə bu siyasəti tənqid edərək bildirdi ki, onlar uzun illər ərzində ağır cinayət törətmiş məhkumları amnistiya siyahısına salmaq müsbət bir addım deyil”-deyə müqayisə edib.

Eynulla Fətullayev onu da əlavə edib ki, yalnız az ağır cinayətlə məhkum həyatı yaşayanlar amnistiyaya düşə bilər. Müsavat başqanının müavini Tofiq Yaqublu və REAL Hərəkatının sədri İlqar Məmmədovun da amnistiyaya düşə biləcəyi ilə bağlı sualları da Eynulla Fətullayev cavablandırıb. “Azərbaycanda son illərdə qəbul olunan amnistiya aktlarını təhlil etmişik. Adətən ölkəmizdə qəbul olunmuş amnistiya aktları məhkum olunmuş şəxslərə şamil olunur. Əslində isə məhkum olunmamış insanlara da aid edilə bilər. Tofiq Yaqublu ilə İlqar Məmmədovun ittiham edildiyi maddələrlə isə amnistiyaya düşmək olmaz. Çünki bu ağır cinayət sayılır. Analizin nəticələri göstərir ki, 1998-ci ildən bu yana ağır cinayətlərə görə həbs olunanlar amnistiyaya salınmır. Dövlətin cəza siyasəti var. Bu da hüquq fəlsəfəsi və prinsipləri ilə müəyyən olunur. Amnistiya aktı fərdi olaraq da insanların azadlığa çıxması üçün şərait yaradır. Amma mən Tofiq Yaqublu ilə İlqar Məmmədovun azadlığa çıxması perspektivinə inanmıram. Çünki bu adamlar bir neçə dəfə dindirilib və istintaqları davam edir”-deyə vurğulayıb.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!