Mülki aviasiyada təqaüdə çıxma qaydaları necədir?
Azərbaycanda həyatı təhlükəli peşə sahibləri o qədər də çox deyil. Bəlkə də bunun bir səbəbi maaşlarının yüksək olmasına baxmayaraq, təqaüdlərində heç bir imtiyazlar olmamasıdır. Gəncliyində demək olar ki, hər gün göy üzündə ölüm xofu yaşayan bir peşə sahibləri var ki, çəkdikləri bu cəfanın səfasını qocalanda görə bilmirlər. Söhbət stüardessalardan gedir. Onların da təqaüdləri sadə vətəndaşların təqaüdü kimi hesablanır.
Modern.az-məsələyə aydınlıq gətirmək üçün müvafiq instansiyalara müraciət edib.
AZAL-ın Mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyir ki, hava yollarında 270 nəfər stüardessa ştatı var.
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev deyir ki, Nazirlər Kabinetinin təsdiq etdiyi xüsusi siyahı var ki, həmin siyahıda hansı kateqoriyalı işçilərin adları varsa, onların pensiyaya tez çıxmaq hüququ var. Onun sözlərinə görə, yerdə qalanların imtiyazlarla pensiyaya çıxmaq hüququ yoxdur:
“Nazirlər Kabinetinin 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”ında stüardessaların adları qeyd olunmayıb. Həmin siyahıda güzəştli şərtlərlə pensiyaya çıxmaqdan söhbət gedir. Məsələn, xüsusi sahələrdə çalışan qadınlar 52 yaşında pensiyaya çıxa bilərlər. Amma həmin siyahıda hava nəqliyyatında işləyən stüardessaların adı bura daxil edilməyib. Məsələn, yeraltı nəqliyyatda işləyənlərin hamısı tez pensiyaya çıxmaq hüququ əldə etmir. Orada həmin işin növləri ağırlığına görə bölünür. Bütün bunlar Nazirlər Kabinetinin təsdiqlədiyi siyahıda qeyd olunur. Həmin siyahıya dəyişiklik etmək isə səlahiyyətlərimiz xaricindədir”.
Qeyd edək ki, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
Bu maddənin 9.3-cü bəndində qeyd olunur ki, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda, yaşa görə əmək pensiyası hüququ var.
Mülki aviasiyada çalışan ən böyük intensivlik və yaxud mürəkkəb hərəkətli hava limanları aeroqovşaqlarının zonalarında aerodrom-dispetçer, rayon, köməkçi mərkəzlərindən və onların bölmələrindən, yerli dispetçer məntəqələrindən bilavasitə hava uçuşunun idarə edilməsini yerinə yetirən işçilər (dispetçerlər, təlimatçı dispetçerlər, böyük dispetçerlər, uçuşların rəhbərləri), bütün adlarda aviasiya texnikləri (mexaniklər, motorçular), bütün adlarda mühəndislər, bütün adlarda ustalar, hava gəmilərinə və digər uçuş aparatlarına texniki xidmət üzrə sex, növbə, sahə, xidmət və qrup rəisləri və onların müavinləri, müəssisələrdə, aviasiya-idman təşkilatlarında, həmçinin aviasiya təhsil müəssisələrinin tədris uçuş dəstələrində hava gəmilərinə operativ və dövri, (zəmanət) texniki xidmət üzrə (xüsusi avadanlıqla təchiz olunmuş aerodromdan kənar şəraitdə işləyənlərdən başqa) tam iş günü ərzində bu Siyahıda sadalanan işlərdə bilavasitə çalışan işçilər yaşa görə əmək pensiyası hüququna malikdirlər.
Hava hərəkətini idarə edən işçilərin hava gəmilərinin uçuşlarının idarə edilməsi və mühəndis-texniki heyətə daxil olan işçilərin hava gəmilərinə xidmət üzrə iş stajlarına “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsində göstərilən işlər də aid edilir. Belə ki, hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı-bort bələdçisi, hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bortoperatorlar yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə çalışması müvafiq müəssisə, idarə və təşkilat tərəfindən verilən arayışlar üzrə təsdiq olunur.
Gültəkin ƏLƏSGƏR