Politoloq Vəfa Quluzadə “Azadlıq” qəzetinə müsahibəsində xarici təşkilatların təzyiqi ilə sualı cavablandırarkən bildirib ki, Azərbaycandakı daxili siyasi qüvvələr bu məsələdə bir-birini anlamalıdır. Bunu Azərbaycana qarşı artan təhdid və təzyiqlərə qarşı ölkəmizdəki siyasi qüvvələrin vahid mövqedən çıxış etməsinə çağırış kimi də başa düşmək olar. Bəs görəsən siyasi partiyalar bu barədə nə düşünür? Modern.az bir neçə aparıcı partiyadan məsələ ilə bağlı münasibət öyrənib.
Müsavat başqanının müavini Gülağa Aslanlının cavabı belə olub: “Söhbətin hansı xarici təzyiqdən getməsi önəmlidir. Əgər Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə yönəlik hər hansı bir təhdid olarsa, təbii ki, Müsavat partiyası belə bir zamanda həmişə dövlətin mənafeyini üstün tutar. Bu məsələdə hakimiyyət, iqtidar söhbəti yoxdur. Bu mənada Azərbaycan dövləti və xalqı üçün təhlükədən söz gedirsə, bu basqıya qarşı Müsavat partiyası hakimiyyətlə bir yerdə olmağa hazırdır. Ancaq son zamanlar ölkəmizə bu tip basqıların olması haqqında məlumatım yoxdur. Azərbaycanda azad, ədalətli, demokratik seçki keçirilməsi ilə bağlı təklifləri isə düzgün, yerində hesab edirik və bunu dəstəkləyirik”.
AXCP sədrinin müavini Razi Nurullayev də Azərbaycana qarşı təhdid olacağı təqdirdə birlik nümayiş etdirəcəklərini vurğulayıb. “Hələ ki, təhlükəsizliyimiz üçün ciddi bir səbəb və əsas yoxdur. Azərbaycan xalqının taleyi, müstəqilliyi, dövlətçiliyi müzakirə mövzusu olarsa, o zaman AXCP həmişə milli maraqlardan çıxış edəcək. Bu günə qədər AXCP azərbaycançılıq, türkçülük və demokratiya uğrunda mübarizə aparmaqdadır. Ancaq AXCP belə bir təhlükə görmür. Sadəcə olaraq beynəlxalq təşkilatların irəli sürdükləri ideyalar və tənqidi fikirlər əsasən Azərbaycanda fundamental azadlıqların pozulması ilə bağlıdır. Bunun üzərində Azərbaycan hakimiyyəti tənqid hədəfi seçilir. Azərbaycanda elə qüvvələr var ki, bu cür tənqidləri ölkəyə qarşı təzyiq və təhdid kimi qələmə vermək istəyir. Amma AXCP bu mövqeyi bölüşmür. Digər tərəfdən Rusiya və İranın Azərbaycanla bağlı seçkiöncəsi fikirləri ola bilər. Bu da yenə Azərbaycan hakimiyyətinin apardığı xarici siyasətin uğurlu olmaması ilə səciyyələndirilə bilər. Hesab edirik ki, iqtidar düzgün siyasət yeridərsə və xalqı özünün arxasında görərsə bu cür hallar olmaz”.
AMİP sədri Yusif Bağırzadə də hesab edir ki, yalnız milli birlik göstərilməlidir. “Beynəlxalq təhdidlərə qarşı Azərbaycan öz daxili gücünü göstərməlidir. Eyni zamanda hakimiyyətin özünün də müxalifət partiyalarına mövqeyi dəyişməlidir. Siyasi partiyaların sıxışdırılması, əmlakların və ofislərin dağıdılması dayandırılmalıdır. Çünki qarşıdan seçkilər gəlir. AMİP isə həmişə Azərbaycan müstəqilliyini əsas götürüb”-deyə vurğulayıb.
ADP sədri Sərdar Cəlaloğlu politoloq Vəfa Quluzadənin dediklərini ağsaqqal məsləhəti hesab edir. “Bütün dövrlərdə demokratiya tələb edir ki, müxalifət qüvvələri birləşsin. Amma çox təəssüf ki, bu yalnız arzu olaraq qalır. Reallıq budur ki, müxalif düşərgədə birlik alınmır və yox dərəcəsindədir. Birləşmək beynəlxalq təhdid və təzyiqlərdən asılı olmalı deyil. Biz özümüz şüurlu şəkildə başa düşməliyik ki, birləşməyə ehtiyac var”-deyə qeyd edib.
Aqşin Kərimov