Adəti üzrə dünyanın ən iri şirkətləri həmişə öz filiallarını paytaxtda qururlar. Rayonlar isə həmişə belə layihələrdən kənarda qalır. Artıq uzun illərdir ki, dünya brendinə çevrilən iri şirkətlər nədənsə rayonlara investisiya yatırmağa maraq göstərmirlər. Adicə belə bir əyani misal göstərə bilərik ki, paytaxtın ən gur yerlərində fəaliyyət göstərən Coca-Cola, “MacDonalds” və bu kimi şirkətlərin heç birinin rayonlarda filialı yoxdur. Halbuki, bu gün iri şirkətlərin kredit mənbəyi olan banklar rayonlarda kifayət qədərdir.
İqtisadçı Rövşən Ağayevin sözlərinə görə isə bütün bunlar şirkətlərdən daha çox hökumətin siyasəti ilə bağlıdır. Mütəxəssisin dediyinə görə, dünya təcrübəsində bizim kimi ölkələrdə inkişaf mərkəzdə cəmlənir:
”Hansı ölkələrdə ki, əyalətlə mərkəz arasında kəskin fərq olur, həmin ölkələrdə bütün inkişaf həmin mərkəzdə cəmləşir. Azərbaycan bu gün həmin mərhələni yaşayır. Azərbaycanda 90-cı illərdən başlayaraq Bakı ətrafında mərkəzləşmə gücləndi. Buna aqlomerasiya deyilir ki, həmin cəmləşmə də daha çox Sumqayıtda, Bakıda baş verdi. Ümumiyyətlə, şirkətlər arasında rəqabət mühiti olmadığından bu da baş vermir. Məsələn, rayonlardan hansına gedirsən qarşına ya “Gilan Holdinq”, ya da “Azərsun” şirkəti çıxır. Həm də bizdə iqtisadiyyat inhisarlaşıb, kiçik qrupların əlində cəmləşib. Məsələn, Cənubi Koreyanın paytaxtı Seulda hökumət son on ildə paytaxtı köçürmək üçün xüsusi siyasət işlədir. Həmin siyasətin kökündə iri şirkətləri paytaxtdan köçürmək siyasəti yürüdür. Bunun üçün hökumət alternativ variantlar axtarmır ki, gəlsin şirkəti vursun dağıtsın. Hökumət deyir ki, sənə regionlarda pul, torpaq verirəm, köçürmə pulu da verirəm tikintinin bir hissəsini kompensasiya edirəm, get baş ofisini orda qur. Bizim hökumət də bu siyasəti yürütməlidir. Əslində qida sənayesini Bakıya qoymamalıdırlar. Qidanın nə işi var Bakıda. Qidanın bütün xammalı regionlardadır. Amma “Azərsun”la “Gilan Holdinqin” əksər müəssisələri Bakıdadır”.
İqtisadçının fikrincə, hökumətin siyasətinə bağlı məsələdir və Bakını gücləndirməyə hesablanıb:
“Hökumətin 10-15 ildə Bakının iqtisadi gücünü artırmaq siyasəti sonda bütün iqtisadiyyatın mərkəzdə cəmləşməsinə səbəb oldu. Bu gün bizdə hökumətin regionlara iqtisadi baxışı iqtisadi inkişafdan çox infrastruktur inkişafı ilə məhdudlaşır. Hökumətin fikrincə, regionun yolu, qazı varsa bu inkişaf deməkdir. Amma bu kommunal infrastrukturun inkişafı iqtisadi inkişafın bir hissəsi deməkdir. Əslində hökumət gerçəkdən regionları iqtisadi inkişaf mərkəzlərinə çevirməlidir. Şəkini bir, Bərdəni başqa, Mingəçeviri digər iqtisadi mərkəzə çevirməlidir. Onlara xüsusi yanaşma tətbiq edilməlidir. Bizdə rəqabət olmadığından biri deyir ki, gedim Mingəçevirdə iş görüm. Bilir ki, Mingəçevirdə bir milyon, üç milyon yatırım edən kimi bütün monopolistləri müdafiə edən dövlət orqanları qarğa-quzğun kimi töküləcək onların üzərinə. Ona görə də regionlara yatırım yatırmaq sahibkarların ürəyindən keçsə belə, bilirlər ki, sonda onları hansı aqibət gözləyir. Odur ki, heç biri buna getmir”.
Bütün bunların açarının rəqabətdə olduğunu deyən iqtisadçının dediyinə görə, 60-cı illərdə Türkiyədə belə bir şüar var idi ki, “Ankara küçülməyincə, Türkiyə böyüməyəcək ”. İndi həmin məsələdir “Bakı kiçilməyincə, Azərbaycan böyüməyəcək”. Rövşən Ağayevin sözlərinə görə, problemin həlli yolu azad sahibkarlıqdan, rəqabətdən və məmurların birdəfəlik iqtisadi vəzifədən çəkilməsindən keçir.
Gültəkin ƏLƏSGƏR