Modern.az

Əbdürrəhman Vəzirovun qorxub, geri çəkilməsinin səbəbi məlum oldu

Əbdürrəhman Vəzirovun qorxub, geri çəkilməsinin səbəbi məlum oldu

30 May 2013, 14:10

Modern.az saytı bir neçə gün öncə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin keçmiş birinci katibi, SSRİ-nin Nepal və Pakistandakı keçmiş səfiri Əbdürrəhman Vəzirovun Nijni Novqorod Azərbaycanlılarının Mədəni Muxtariyyətinin internet resursuna -"azerrosnn.ru"ya verdiyi müsahibənin 1-ci hissəsini təqdim edib. Bu müsahibə Azərbaycanın digər media orqanlarında da dərc olunub və qalmaqal yaşanıb.

“Turan”agentliyi Vəzirovla telefon əlaqəsi saxlamağa müvəffəq olub və keçmiş birinci katib bildirib ki, o, belə bir müsahibə verməyib və son illər ümumiyyətlə müsahibə vermir.
Azərbaycan diaspor təşkilatlarının, xüsusən Rusiya Azərbaycan Təşkilatları İttifaqının və “Azərros”un fəaliyyətinə gəlincə, Vəzirov təəssüflə qeyd edib ki, onlar haqqında məlumatı azdır, amma təkcə Araz Ağalarova deyil, bu təşkilatların digər rəhbərlərinə də hörmətlə yanaşır.

Vəzirovun guya Abbas Ağalarovun raykomun birinci katbi təyin edildiyini bildirdiyi müsahibəyə toxunan Vəzirov rişxəndlə qeyd edib ki, bu saxta müsahibənin müəllifləri bilmirlər ki, “raykom”ların birinci katiblərini təyin etmirdilər, seçirdilər?

Sonda o, bütün Azərbaycan diasporlarına işlərində uğurlar və birlik arzulayaraq, Avropa diasporunu nümunə göstərib.

O, Azərbaycan diaspor təşkilatlarının birləşərək, Azərbaycan və Rusiyanın daha da yaxınlaşmasına şərait yaratması arzusunu ifadə edib.

Yuxarıda da qeyd etdiyimiz kimi, Vəzirovun müsahibəsi Nijni Novqorod Azərbaycanlılarının Mədəni Muxtariyyətinin internet resursuna -"azerrosnn.ru" saytında dərc olunmuşdu. Saytda hətta onun müsahibəni götürən rus jurnalist Valeri Tatarintsevlə şəkli də dərc olunmuşdu.

Maraqlıdır, Ə.Vəzirovun müsahibə vermədiyi barədə bugünkü tələsik açıqlamasına səbəb nədir? Əgər müsahibə verməyibsə, "azerrosnn.ru"da yerləşdirilən (yuxarıdakı foto-red.) şəkil harada çəkilib?

Modern.az saytı Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının nümayəndələrilə əlaqə saxlayaraq, məsələni araşdırmağa çalışıb. Məlum olub ki, Ə.Vəzirovun sözügedən müsahibədə Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının, xüxsusilə də "Milyarderlər ittifaqı" və "AzerRos"un fəaliyyəti ilə bağlı səsləndirdiyi tənqidi fikirlər ciddi etirazlar doğurub. Nəticədə Rusiya Azərbaycan Təşkilatları İttifaqının və “Azərros”un rəhbərləri təcili Ə.Vəzirovla əlaqə saxlayaraq ona öz narazılıqlarını bildiriblər.

Bundan sonra Ə.Vəzrov bugünkü açıqlama ilə çıxış edib

Əbdürrəhman Vəzirovun qalmaqallı müsahibədə ciddi narazılıq doğuran fikirləri isə aşağıdakılar olub:

(Müsahibədən)

Jurnalist:
- Rusiyadakı Azərbaycan diasporu barədə sizin fikrinizi bilmək istərdik. Sizi onların tədbirlərinə dəvət edirlər? Bu təşkilatlarla təmaslarınız olur?

Vəzirov:
- Son iki ildə belə təmaslarımız olmayıb. Fikrimcə, bütün bu hərəkat özlüyündə heç bir məna kəsb etmir. Odur ki, məndə belə tədbirlərdə iştirak etmək həvəsi itib.

- Niyə?

- Boş şeylərdi. Bir müddət mənə Söyün Sadıqovun fəaliyyəti maraqlı gəldi. Amma bütövlükdə bütün bu diaspor təşkilatları əsasən öz şəxsi problemlərini həll etmək istəyən insanlardan ibarətdir. Öz vətənlərini tərk edib Rusiyaya gəlməyə məcbur olmuş azərbaycanlıların problemi heç kimə maraqlı deyil. Diasporlar azərbaycanlıların burada irəliləməsi üçün heç bir iş görmür. Baxın, nə qədər erməni KİV-də və digər dövlət strukturlarında çalışır? Bizimkiləri isə barmaqla saymaq olar. 

- Amma deyirlər indi axı işlər yaxşılığa doğru gedir. RATİ (Rusya Azərbaycanı Təşkilatları İttifaqı) yaradılıb. Abbas Abbasov “Azerros”un rəhbəri olub.  O hamını birləşdirməyə və diasporun fəaliyyətini gücləndirmək üçün cəhd edir. Novruz bayramını keçirdik, Xocalı faciəsini yad etdik...

- Bu milyarderlərdən mən yalnız Araz Ağalarovu tanıyıram. Ona hörmətim var. Yaxşı adamdır. Xatırlayıram ki, bir zamanlar o “Bakılı oğlanlar” Şən və Hazırcavablar Komandasına güclü dəstək vermişdi. Abbas Abbasova gəlincə, səhv etmirəmsə onu mən Özbəkistandan Azərbaycana gətirmişəm. Gətirəndən sonra Abbas Abbasovu Abşeron rayonunun Partiya Komitəsinin birinci katibi təyin etdim.

Novruz bayramına gəlincə, biz onu hər zaman qeyd etmişik. Bunun mətləbə dəxli yoxdur. Mən bizim diasporun işində real müsbət nəticələr görmürəm. Ermənilər necə işləyir, siz görürsünüz? Mən diaspor təşkilatlarına rəhbərlik edən adamların həyat hekayələrini bir az bilirəm. İnanmıram ki, onlarda nəsə alınacaq... 

A.Qorxmaz

***

Ə.Vəzirovun qalmaqal doğuran müsahibəsini buradan oxumaq olar

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi