“Xəzər sahillərində, qumlu-çınqıllı torpağı olan, yayda istisinə dayanılmayan, ancaq dənizdən əsən mehin gətirdiyi sərinlikdən insanın güc-qüvvət aldığı bir məkan var – adına Bakı deyirlər...
Bu şəhərin nə zaman yarandığı haqqında dair müxtəlif tarixlər göstərilsə də, heç kim dəqiq tarixini bilmir...
Ancaq insana belə gəlir ki, bu şəhər dünya var olduqca olacaq, yaşayacaq...
Bəlkə buna görədir ki, dünyanın hər yerindən adamlar bu ölkəyə gəlmək, burda yaşamaq istəyir. Bakı sanki dünyanın cazibə mərkəzidi...”
Hansısa tarixi kitablardan birində oxumuşdum. Bakı haqqında qədim səyyahlardan biri belə demişdi. Təbii ki, müasir texnologiyaların inkişaf etdiyi, hər şeyin peykdən idarə olunduğu “kosmos esri” deyilən bir vaxtda hansısa qədim səyyahın dediklərini müzakirə etmək fikrim yoxdu. Sadəcə son vaxtlar regionda gedən proseslər fonunda Azərbaycan məsələsinin aktuallaşması mənə həmin səyyahın söylədiklərini xatırlatdı.
Bu gün gerçəkdən də Azərbaycan sanki dünyanın cazibə məkanına çevrilib. Bunun öz yaxşı və pis tərəfləri təbii ki, olmamış deyil. Ancaq görünən odur ki, burdan hamı öz payını qoparmaq, öz istədiyini daha çox almaq uğrundadır. Qərbdən də, şimaldan da, cənubdan da əsən “sərin küləklər”dən də hər şey aydınca görünür.
Təbii ki, bu ölkələri Azərbaycanın sərvətləri – nefti qazı, qızılı, zəngin torpaqlıarı cəzb edir.
Bu torpağın sahibi olan xalqın nə istədiyini isə nə eşitmək istəyən var, nə də görmək istəyən...
Məsələn, son günlər Bakıya axın edən amerikalı qonaqlar durmadan bəyanatlar verirlər ki, sən demə Amerika Azərbaycanın ən yaxın dostu, ən yaxın tərəfdaşı imiş. Ancaq “amerikalı dostlarımız” yenə də demirlər ki, 20 ildi ermənilər Azərbaycanın ərazilərini işğal edib və bu gün də öz işğalçı siyasətini davam etdirirlər. Amerika dövləti isə hər il öz büdcəsindən Dağlıq Qarabağdakı separatçı rejimə pul verir. Ancaq separatçı rejimə Amerikanın niyə pul verdiyini soruşmaq heç bir amerikalının ağlına gəlmir. Amerikalıların ağlına gələn odur ki, Azərbaycan onların bu regiondakı siyasətləri üçün platsdarm rolu oynasın...
Amma amerikalıların Azərbaycan sevgisini bu qədər qabarıq biruzə verməsinin bir tərəfi yaxşı oldu ki, sən demə Azərbaycana sevgisini ürəyində saxlayanlar çox imiş. Elə götürək İran prezidentini. İran prezidenti “Azərbaycan çoxdan mənim ürəyimdədi” deməklə həm uzun illərdən bəri urəyinə yük edib saxladığı bir məsələni açıb yüngülləşdi, həm də bu sirrini bütün dünyaya bəyan etdi. Hamı bilir ki, Azərbaycan müstəqillik etdikdən bu günə qədər İran Azərbaycana əlindən gəlməyən pislik qalmayıb ki, etməsin. Ermənilər rusların köməyi ilə torpaqlarımızı işğal edəndə onları ərzaqla təmin edən də, erməni-fars qardaşlığının şərəfinə Araz çayı üzərində elektrik stansiyası tikməyi planlayan da, 40 milyona yaxın Azərbaycan türkünə ana dilini yasaq edən də, Azərbaycanın beynəlxalq aləmdə əldə etdiyi hər hansı uğurdan sonra ona badalaq vuran da məhz cənub qonşumuz İran dövləti olmayıbmı? Uzağa getmirəm, bir aydır azərbaycanlı alim Xalidə Xalidin qanunsuz həbsi və onun geri qaytarılması ətrafında “gizlən-qaç” oyununu oynayan da məhz cənub qonşumuzdu. Belə “qardaşdan” kim inciyər?
Azərbaycanla bağlı ən maraqlı proseslərdən biri də Kremlin davranışlarında müşahidə olunmaqdadı. Rəsmi Bakının Moskva ilə əlaqələrində kifayət qədər loyal mövqe tutması qarşılığında “dənizlər padşahı olam mən gərək” iddiasını ortaya qoyan rəsmi Moskvanın iştahası o qədər böyüyüb ki, Putin hələ də “bəlkə qaytardılar” deyimi özərində keçmiş SSRİ-nin qaytarılacağı günü xəyal etməkdədir.
Ən narahatedici məqam əslində bu deyil. Çünki ruslar bizə həmişə “qara qulları” kimi baxıblar və bu gün də bu düşüncələrində qalırlar. Bizim üçün narahatedici məqam Azərbaycanın öz daxilindən iki ölkə arasındakı münasibətlərdə yaranmış soyuqluğa verilən reaksiyalardı. Hamımızın da müşahidə etdiyi kimi bu reaksiyalar əksər hallarda Azərbaycanın milli maraqları ilə uzlaşmır. Rusiyanın iddalarını müsbət sayanlar görəsən, rusların bu xalqa əsrlərlə necə divan tutduğunu unutdularmı? Ya gözləri rus əsgərinin yaxın tariximizdə törətdiyi vəhşilikləri, 20 yanvarda qanına qəltan etdiyi Azərbaycan övladlarının uyuduğu Şəhidlər Xiyabanını görmürmü? Axı Şəhidlər Xiyabanı görülə bilməyəcək yer deyil. Bizə müstəqil Azərbaycan gərəkdir. Öz bayrağı, öz himni, öz ordusu ilə ...
Bəlkə qara eynəklərinizi çıxardasınız, cənablar?