2021-ci ilin yayında Əfqanıstanda çevriliş nəticəsində “Taliban” qruplaşması hakimiyyətə gəldi. O zaman bir çox ölkələr “Taliban”la siyasi əlaqələr qurmaqdan çəkinirdi, bununla belə, silahlı qruplaşmanın hakimiyyətini tanıyan dövlətlər də oldu.
Əfqanıstanda iqtidar dəyişikliyindən sonra Azərbaycanın bu ölkədəki səfirliyinin fəaliyyəti sual altında qaldı. Bakının “Taliban”la bağlı mövqeyinin necə olacağı müzakirə predmetinə çevrildi.
Həmin tarixdən iki il keçsə də, rəsmi Bakı “Taliban”ın hakimiyyətini tanımır və yeni komanda ilə diplomatik münasibətlər qurmayıb.
Xatırladaq ki, Azərbaycanın Əfqanıstana səfir təyinatı iki il əvvəl baş tutub. Belə ki, Prezident İlham Əliyevin 2021-ci il 28 iyul tarixli sərəncamı ilə İlham Nəriman oğlu Məmmədovu Azərbaycanın Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Modern.az-ın əldə etdiyi məlumata görə, təyinatdan sonra səfir Əfqanıstana getməyib.
Onun son iki il ərzində Azərbaycanda olduğu bildirilir. Diplomatik nümayəndənin bundan sonra Kabilə gedib-getməyəcəyi də məlum deyil.
Qeyd edək ki, Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhundur. O, 2020-ci ilin noyabrında ölkəmizə təyinat alıb və hazırda fəaliyyət göstərir.
Onu da bildirək ki, Əfqanıstan Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabrın 21-də ilk tanıyan dövlətlərdən biridir. 1994-cü ildən ölkələr arasında diplomatik münasibətlər mövcuddur. 2012 -ci ildən Bakıda Əfqanıstanın səfirliyi fəaliyyət göstərir. Münaqişə dövründə Əfqanıstan rəsmiləri Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyib və dövlətimizin ərazi bütövlüyü ilə bağlı dəfələrlə bəyanatlarla çıxış ediblər.