Aprelin 23-də Dövlət Sərhəd Xidməti (DSX) Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulduğunu açıqlayıb. DSX məntəqənin üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə yaradıldığını bildirib.
Sərhəd-buraxılış məntəqəsinin yaradılması barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib. DSX-dən sonra Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib ki, Qarabağ bölgəsinin erməni sakinlərinin hər iki istiqamətə gediş-gəlişi üçün müvafiq şərait təmin olunacaq.
XİN-in yaydığı bəyanata əsasən, Laçın yolunun başlanğıcında sərhəd-nəzarət mexanizminin təsis edilməsi yoldan hərəkət üzrə şəffaflığı, qanunun aliliyini və beləliklə, hərəkətin təhlükəsizliyini təmin edəcək. Sərhəd təhlükəsizliyinin təmin edilməsi, habelə hərəkətin təhlükəsizliyinin həyata keçirilməsi Azərbaycan Hökumətinin preroqativi və milli təhlükəsizlik, dövlət suverenliyi, qanunun aliliyi üçün zəruri şərtdir.
Laçında sərhədlərin nəzarətə götürülməsindən sonra proseslər hansı istiqamətdə davam edəcək? Bölgədə nə dəyişəcək?
Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin qurulması böyük hadisədir.
"Azərbaycan möhtəşəm addım atdı. Məncə, Laçında Dövlət Sərhəd Xidmətinin buraxılış məntəqəsinin açılması böyük addımdır, mən deyərdim ki, tarixi hadisədir. Azərbaycan tərəfi Həkəri çayı üzərində qurulan nəzarət-buraxılış məntəqəsi vasitəsilə gediş-gəlişə faktiki olaraq nəzarət edəcək. Bu proses Azərbaycan-Ermənistan şərti sərhədində olan digər nöqtələrdə də sürətlə davam edəcək. Mən əminəm ki, Azərbaycan öz torpaqları üzərində suverenliyini tamamilə bərpa edəcək. Ümumiyyətlə, nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə Ermənistan tərəfindən Qarabağa qanunsuz yük daşımalarının qarşısı alınacaq",- deyə keçmiş nazir bildirib.
E.Məmmədyarov vurğulayıb ki, Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentə yeni komandan təyin etməsinə və Andrey Volkovun geri çağırılmasına da münasibət bildirib. Onun fikrincə, Volkovun Qarabağdan geri çağırılması xidmət müddətinin bitməsi ilə əlaqədardır:
"Rusiya sülhməramlı kontingentinin komandanı olan Volkovun dəyişdirilməsi onun vaxtının bitməsi ilə əlaqədardır. Bildiyimiz kimi, hərbçilər arasında rotasiya məsələsi var. Məncə, Rusiya tərəfi məhz bu səbəbə görə Volkovu geri çağıraraq, yeni komandan təyin etdi. Amma bu məsələni dəqiq araşdırmaq lazımdır. Sülhməramlı kontingentinə təyin olunan komandanların hər biri müəyyən hərbi əməliyyatlarda iştirak etmiş şəxslərdir.
Məsələn, Muradov Suriyada keçirilən hərbi əməliyyatlarda iştirak edib. Aleksandr Lentsov yaşlı komandandır və Sergey Şoyqunun müşaviri olub. Bəzi mənbələrdə qeyd olunur ki, o, Çeçenistanda və ya digər hərbi əməliyyatlarda qazandığı təcrübəyə görə komandan təyin olunub. Hətta yazırlar ki, Lentsov Şoyqunun yaxın dostu olduğu üçün təyinat alıb.
Məncə, Volkovun vəzifəsindən getməyinin yeganə səbəbi onun vaxtının bitməsidir. Yəni Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin qurulmasından sonra Volkovun geri çağırılması təsadüfi də ola bilər".
Eks-nazir ermənilərin sərhəddən keçmə məsələsinə də toxunub:
"Ermənilərin nəzarət-buraxılış məntəqəsində necə yoxlanılacağı ilə bağlı məsələyə gəldikdə isə belə cavab verə bilərəm ki, Rusiya, Gürcüstan və digər ölkələrlə sərhəddə hansı proseslər gedirsə, burada da eynisi olacaq".