Modern.az

Türkiyənin 13-cü Prezidentinin ilk Dövlət SƏFƏRİ

Ölkə

13 İyun 2023, 09:40

Regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoyan Azərbaycan və Türkiyə yeni hədəflərə birgə, daha əzmlə yürüyəcək
 

Türkiyənin 13-cü Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın ilk səfərini Şimali Kipr Cümhuriyyətinin ardınca Azərbaycana gerçəkləşdirmə təqvimi, ilk növbədə iki qardaş ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olmasının məntiqi nəticəsidir. Türkiyə dövlət rəhbərinin bu səfəri onun növbəti Prezidentliyi dönəmində Azərbaycan-Türkiyə əlaqələrinin daha sıx, daha gözəl davam edəcəyinə açıq mesajdır. İki lider-Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında səmimi münasibətlərin dövlətlərarası əlaqələrə bir daha töhfələr verəcəyi, qarşıdakı yarımçıq işlərin tamamlanacağı üçün birgə fəal siyasətin həyata keçiriləcəyi heç kimdə şübhə doğurmur.
 

Türkiyə Prezidentinin səfərinin Dövlət səfəri olması üzərində xüsusi dayanılmalıdır. Nəzərə almaq lazımdır ki, ölkələr arasında həyata keçirilən səfərlərin təsnifatında Dövlət səfərləri xüsusi əhəmiyyət daşıyır. Bu səfərlər xüsusi protokol qaydaları ilə, diplomatik mərasimlərlə müşayiət olunur ki, burada da əsas məqsəd dövlətlərarası münasibətlərin ən yüksək, ölkələrarası dostluq və əməkdaşlığın ən ali səviyyəsini nümayiş etdirməkdir.
 

Bu gün Azərbaycan-Türkiyə əlaqələri indiyə qədər tarixdə rast gəlinməyən və indinin özündə də başqa ölkələrin nümunəsində görünməyən bir mərhələyə çatıb. Tarixi qardaşlıq əlaqələrinin sürətli inkişafında, yeni və ən üst səviyyəyə daşınmasında Prezidentlər - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın əsl dostluq, qardaşlıq münasibətlərinin rolu danılmazdır. Məhz bu şəxsi dostluq əlaqələri dili, dini bir olan iki qardaş xalqı tarixdə ilk dəfə bu cür sıx formada, daha da doğmalaşdıran önəmli faktora çevrilib; Qardaşlğını əbədiləşməsinə gətirib çıxarıb. Dünyada Azərbaycan və Türkiyənin timsalında elə ölkələr, xalqlar tapmaq mümkün deyil ki, bu şəkildə birlik, həmrəylik sərgiləsin, bir yumruğa çevrilsin.



Biz gördük ki, yaxın illərin sıxıntılarını Azərbaycan və Türkiyə birgə necə dəf etdi. Dönə-dönə və fəxrlə vurğulamaq vacibdir ki, 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin, şəxsən Rəcəb Tayyib Ərdoğanın Azərbaycana verdiyi siyasi dəstəyin, səsləndirdiyi bəyanatların Qələbəmizdə xüsusi rolu oldu. Həmin vaxt Azərbaycanın Türkiyənin qırmızı cizgisi olduğunu bəyan edən Ərdoğan siyasi və mənəvi dəstəyi ilə kənar məkrli qüvvələrin müdaxiləsinin, Azərbaycana qarşı çirkin planlar gerçəkləşdirməsinin qarşısını aldı. Ərdoğan iştirak etdiyi bütün tədbirlərdə 44 günün demək olar hər günündə Azərbaycana dəstək bəyanatları verdi; öz komandasının, ölkəsinin cəsarətli duruşunu ortaya qoydu. Bu dəstək imkan verdi ki, Azərbaycan öz hərbi gücü ilə torpaqlarını işğaldan azad etsin. Təsadüfi deyil ki, ikinci Qarabağ müharibəsində əldə edilən Zəfər yalnız Azərbaycanın deyil, eləcə də Türkiyə və bütün TÜRK dünyasının tarixi Qələbəsi kimi dəyərləndirilir.
 

Bəllidir ki, Qarabağ zəfərindən sonra iki ölkə arasındakı təmaslar daha da intensivləşdi və dar günlərdə bir olmaq ənənəsi formalaşdı. Türkiyədə baş verən dağıdıcı zəlzələnin fəasadlarının aradan qaldırılması üçün Azərbaycan xalqının hər bir fərdi - varlısı, kasıbı imkanlarını ortaya qoydu. Türkiyəyə ən güclü maliyyə dəstəyi, ən güclü xilasedici dəstəyi, ən güclü mənəvi dəstək məhz Azərbaycandan oldu və bu dəstək indinin özündə də davam etməkdədir.
 

Siyasi müstəvidə də eynən belə idi! Məhz Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının fövqəladə Zirvə görüşü keçirildi. Hamı yaxşı xatırlayır ki, bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulurdu, amma Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış etdi. Bu, bir daha dar gündə bir olmağın, Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsi idi.
 

Azərbaycan xalqı, dövləti Türkiyəyə mənəvi borcunu seçkilər vaxtı da yerinə yetirdi. Prezident İlham Əliyevin cəsarətli və içdən gələn addımlarını açıq şəkildə vurğulamaq yerinə düşər. Bir çoxları gözləmə mövqeyində olduğu halda, Türkiyədə seçki prosesinin ən gərgin məqamında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak etdi. Bu sıradan bir iştirak deyildi. Prezident İlham Əliyev çıxışında açıq mesajlarla dəstəyini ortaya qoyaraq, Prezident Ərdoğanın nəinki Türkiyə, bütövlükdə TÜRK dünyası üçün tarixi xidmətlərini vurğuladı: “Türkiyə son 20 il ərzində böyük və şərəfli yol keçmişdir. Hörmətli Cümhurbaşqanının liderliyi ilə Türkiyə dünya çapında söz sahibinə çevrilmiş, bizim bölgəmizdə sülhün, sabitliyin, təhlükəsizliyin qarantıdır. Türkiyə böyük Türk dünyasının birləşməsi işində çox böyük rol oynadı. Ötən ay türk dövlətlərinin Ankarada keçirilmiş Zirvə toplantısında da bütün türk dövlətləri əziz qardaşıma öz dəstəyini, öz hörmətini və bizim ümumi həmrəyliyimizi bildirmişdir. Türk dünyasının böyük coğrafiyası, böyük potensialı, böyük təbii qaynaqları, böyük hərbi gücü var. Türk dünyasının birləşməsində Rəcəb Tayyib Ərdoğanın Türk dünyası qarşısında tarixi xidmətləri vardır”.
 

Prezidentin çıxışından başqa bir sitat: “Mən bu il üçüncü dəfə qardaş ölkəyə səfər edirəm. Fevral ayında olmuşam, mart ayında olmuşam, bu gün buradayam. Əziz qardaşım, növbə Sizindir. Biz Sizi gözləyirik, bütün Azərbaycan xalqı Sizi gözləyir, Sizi öpür, qucaqlayır, Sizə öz hörmət və sevgisini çatdırır. Türkiyə-Azərbaycan birliyi əbədidir!”.
 

Bu mütləq dəstəyin, Ərdoğanın qalibiyyətinə sarsılmaz inamın davamı kimi Azərbaycan Prezidenti İlham Əliyev ilk olaraq seçkilərin birinci turundan sonra Rəcəb Tayyib Ərdoğana zəng etdi və onu yüksək səs faizi topladığına görə təbrik etdi. Hansı ki, hələ tam qələbə əldə olunmamışdı. Türkiyədəki prezident seçkilərinin ikinci turundan sonra da Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən məhz Azərbaycan Prezidenti oldu. Bunun davamı olaraq Azərbaycan Prezidenti və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidentinin inaqurasiya mərasiminə qatıldı.
 

İnaqurasiya mərasiminin keçirildiyi zalda iştirak edən dövlət və hökumət nümayəndələri arasında iki Liderin-Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin görüşü böyük alqışlarla qarşılandı.
 

Beləliklə, Azərbaycan-Türkiyə münasibətləri Rəcəb Tayyib Ərdoğanın bu dəfəki dövlət səfəri ilə daha güclü, yeni zəfərlərlə müşayiət olunan bir mərhələyə keçəcək. Şuşa Bəyannaməsi ilə siyasi, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini müəyyənləşdirən, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoyan Azərbaycan və Türkiyə yeni hədəflərə birgə, daha əzmlə yürüyəcək. Bu hədəflər sırasında bölgədə daimi sülhə nail olmaq, xalqların birgə və rahat yaşamasını təmin etmək, Zəngəzur dəhlizini açmaq, TÜRK dünyasını daha sıx tellərlə birləşdirmək, Qarabağda aparılan bərpa-yenidənqurma işlərini tamamlamaq, regionun inkişafına, bütövlükdə dünyaya töhfə vermək kimi mühüm məsələlər yer alır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir