Aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzanın 24 ili tamam olur. On minlərlə insan itkisi, ətraf aləmin flora və faunasının məhvi, qonşu ölkələrin iqliminin dəyişməsi ilə nəticələnən bu olayın fəsadları bu gün də özünü göstərir. Qəza nəticəsində təkcə Ukraynada 4400 nəfər həyatını itirib.
Qeyd edək ki. həmin qəzanın qarşısının alınması prosesində 7 minədək azərbaycanlı da iştirak edib. İndiyədək onların 3 minə yaxını şüalanmadan dünyasını dəyişib. Hazırda sağ qalanlar isə orta yaşlı insanlardır. Ən dəhşətli hal odur ki, Çernobıl əlillərinin dünyaya gələn övladları fiziki qüsurlarla doğulublar.
Sözügedən qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edən soydaşlarımız Azərbaycan Çernobıl Əilləri İttifaqının ətrafında birləşirlər. Qurum öz üzvlərinin problemlərinin həlli ilə bağlı vaxtaşırı dövlət orqanları ilə əməkdaşlıq edir.
1993-cü ilin dekabrından etibarən Çernobıl əlillərinin statusu, sosial problemlərinin həlli ilə bağlı qanunvericilik bazası yaradılıb. Azərbaycan Çernobıl Əlilləri İttifaqından Modern.az-a verilən məlumatına, Əfqanıstan və Qarabağ müharibələri nəticəsində əlil olmuş minlərlə azərbaycanlılar kimi Çernobıl əlillərinin də mənzil, müalicə və digər sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atılıb. Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edən 7 min azərbaycanlıdan 4 mini əlildir, onların ailələrində doğulan 600 uşaq isə irsi xəstəlik nəticəsində əlil olub.
Modern.az