Modern.az

Bütöv Azərbaycanın güclənməsi hansı ölkələri narahat edir?

Bütöv Azərbaycanın güclənməsi hansı ölkələri narahat edir?

Ölkə

5 Fevral 2024, 17:40

AŞPA-da Azərbaycan nümayəndə heyətinin etibarnaməsinin qəbul olunmaması, bəzi ölkələrin bizə qarşı münasibətdə qərəzli təzyiq cəhdlərini açıq göstərir.

 

Bizə qarşı müxtəlif ittihamlar səsləndirilsə də, əslində qərəzli mövqenin arxasında Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi dayanır.

 

Bütöv Azərbaycanın güclənməsi hansı ölkələri narahat edir?

 

Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirib ki, Azərbaycanın müxtəlif sahələrdəki uğuru bəzi hökumətləri və mərkəzləri  narahat etməyə bilməzdi:

 

“Azərbaycanın iqtisadi, siyasi, hərbi və digər sahələrdə apardığı müstəqil siyasət ona qarşı son vaxtlar təzyiq cəhdlərinin artmasının əsas səbəbidir. Bundan əvvəl də ikili standartlar vardı. Bu münasibət indi də davam edir. 44 günlük müharibədən sonra Azərbaycan qalib dövlət kimi istər Cənubi Qafqazda, istərsə də dünyada tanındıqdan sonra bu proseslər daha da gücləndi. Çünki işğaldan azad olunmuş  ərazilərimiz birbaşa suverenliyimizin bərpası demək idi.  Bu, bir sıra dövlətlərin həmin ərazilərdə iqtisadi, siyasi əməllərinin, eyni zamanda terror təşkilatlarını maliyyələşdirməsinin qarşısını aldı. Onlar böyük vəsaitlər itirdilər. Bunu da onlar həzm edə bilməzdilər. Məhz Ermənistandan bir vasitə kimi istifadə edərək Azərbaycana təzyiqləri daha da artırmağa başladılar. Təsəvvür edin ki, sərhədlər tam bağlıdır, qaçaqmal daşınmır,  eyni zamanda lokal antiterror  əməliyyatlarından sonra kütləvi məzarlıqlar, aşkar edildi, mina terrorunu dünyaya car çəkdik. Eyni zamanda dünyanın yüksək tribunalarında Azərbaycanın diplomatik və digər istiqamətlərdə haqq səsini faktlarla ortaya qoyduq. Bütün bunları həzm  edə bilməzdilər.ATƏT-in Minsk qrupunun vaxtilə ancaq deklorativ bəyanatlarla öz işini bitmiş hesab etməsi, eləcə də son zamanlar AŞPA-da baş verənlər göstərdi ki, müstəqil siyasəti bunlar qəbul etmir. Bizim tolerantlığın, multikultural dəyərlərin nədən ibarət olduğunu sübut etməyimiz, kimin dost, kimin düşmən olduğunu ortaya qoymağımız təbii olaraq, bəzi qüvvələrə xoş gəlmədi”.

Deputat bu məsələlərin başında Fransanın durduğunu deyib:

 

"Son zamanlar onlara Almaniya da qoşulub. Digər dövlətlər ayrı-ayrı görüşlərdə Azərbaycanı tərəf müqabili kimi qəbul etsələr də,  ümumi məsələlərdə, səsvermələrdə hiss olunur ki, Azərbaycana  qarşı ikili standartlardan yanaşırlar. Türk Dövlətləri Təşkilatının inkişafı, türk dövlətlərinin birləşməsi, Azərbaycan Ordusunun NATO və digər standartlara uyğun olaraq müharibə aparmaq bacarağı,  heç bir ölkədən maddi yardım almadan Qarabağda dinc quruculuq işləri aparması, qalib, diqtə edən  tərəf kimi, öz sözünü deməkdədir. Çünki Azərbaycanın daxili və xarici siyasəti dönməzdir. Buna görə də onu qəbul etməyən dövlətlər var. Düşünürəm ki, bu proses yenə də öz axarı ilə gedəcək.  Azərbaycan heç vaxt öz siyasətindən dönən deyil. Biz dünyaya sübut edirik ki, bizim  heç kimlə müharibə və münaqişə etmək fikrimiz yoxdur. Biz sülhün, əmin-amanlığın tərəfdarıyıq. Bizə etnik təmizləmə, qəsdən qaçqın, köçkün axını yaratmaq kimi adlar yapışan deyil. Azərbaycan daim öz sözünü deyir və deyəcək”.

 

Politoloq Elxan Şahinoğlu İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana təzyiq cəhdlərinin daha da artığını vurğulayıb:

 

“Torpaqlarımız işğal altında olanda bəzi dövlətlər bizə qarşı təzyiq cəhdlərini  büruzə vermirdi, hətta Azərbaycanla əməkdaşlıq münasibətləri qururdu. Azərbaycan ərazi bütövlüyünü təmin edib, Qarabağ üzərində suverenliyini tam bərpa etdikdə isə  bəzi dövlətlərin və mərkəzlərin Azərbaycana təzyiqinin  getdikcə artdığı hiss olundu. Bu proseslərdə ən fəal olan dövlət Fransadır. Amerika Birləşmiş Ştatlarındakı, Avropadakı bəzi dairələr, İrandakı müəyyən mərkəzlər Azərbaycana qarşı təzyiq etməyə cəhd göstərirlər.  Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi İranın da maraqlarına cavab vermir. Rusiyada da daima Azərbaycanda  separatizmin olmasını və bununla Azərbaycana təzyiq və təsir edilməsini istəyən dairələr vardı.Bütün bunlar bizim siyasətimizə çox da əngəl yaratmır. Biz əsas məsələmizi həll etmişik və ordumuzu gücləndiririk”.

Elxan Şahinoğlu Azərbaycanın Ordusunu yalnız Ermənistan üçün gücləndirmədiyini söyləyib:

 

“Ordumuzu yalnız Ermənistana görə gücləndirmirik. Müxtəlif istiqamətlərdə müəyyən təhlükələr ola bilər. Bu baxımdan Ordumuz güclənməlidir. İldən-ilə yeni model texnikalar almalı və istehsal etməliyik. Amerika və Avropa Birliyindən bizim ərazi bütövlüyümüzə birbaşa təhlükə gözləmirəm. Lakin İran və Rusiyaya müəyyən sanksiyalar mövcuddur. İranla Amerika arasında toqquşma ehtimalı var. Rusiya-Ukrayna müharibəsi davam edir. Hər an Rusiyada da, İranada da mərkəzdənqaçma meyilləri  güclənə bilər. Xaos başlaya bilər. İkisi də qonşu dövlətlər olduğuna görə hadisələrin bizə təsirləri ola bilər. Məsələn Dağıstanda proseslər başlaya bilər. İranın parçalanması ehtimalı  yarana bilər. Azərbaycan bu baxımdan hadisələrə reaksiya verməyə hazır olmalıdır. Mən demirəm ki biz qonşu dövlətlərlə toqquşmaya hazır olmalıyıq. Özümüzü müdafiə etməliyik. Həm də sosial probelmlərlə üzləşə bilərik. İranda mərkəzdənqaçma meyilləri güclənsə, orada  yaşayan azərbaycanlıların təhlükəsizlik məsələsi ön plana çıxacaq. Bu baxımdan biz buna seyirçi qala bilməyəcəyik. Azərbaycanlılar Arazın bu tayına keçmək istəsə, sərhədi bağlı saxlaya bilməyəcəyik. Onlara sosial dəstək vermək məcburiyyətində qalasıyıq. İndi bu hadisələr yoxdursa, gələcəkdə də  belə hallar olmayacaq deyə bir şey yoxdur”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama