Modern.az

7 fevral: Azərbaycanın yeni tarixinin başlanğıcı

7 fevral: Azərbaycanın yeni tarixinin başlanğıcı

Ölkə

5 Fevral 2024, 17:08

Prezident seçkilərinə artıq saatlar qalıb. Növbəti 7 ilimizi müəyyənləşdirəcək bu seçkilərin çox böyük yeniliklərə səbəb olacağı düşünülür.

 

Bu il ilk dəfə seçkilər bütün Azərbaycan ərazisində keçirilir.Bu, Azərbaycanın bütün tarixi boyu baş tutacaq ən qürurverici seçki kimi tarixə düşəcək. Üç il bundan əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində Qarabağı və ətraf rayonları erməni işğalından azad edib. Ötən ilin sentyabrının 19-20-də isə uğurlu antiterror əməliyyatları ilə Azərbaycan beynəlxalq qanunlarla təsbit olunmuş ərazilərində suverenliyini, ərazi bütövlüyünü tam bərpa edib. Beynəlxalq vasitəçilərin uzun illər edə bilmədiklərini və yaxud etmək istəmədiklərini Azərbaycan özü reallığa çevirib.

 

Prezident seçkilərinin 2024-cü il fevralın 7-də keçiriləcəyinin elan edilməsi həm də beynəlxalq ictimaiyyətə verilən mesajdır. Dünya ilk dəfə postsovet məkanında torpaqlarını işğaldan azad edən ilk dövlətin bütün ərazilərində seçki keçirəcəyini görəcək. BMT-nin müvafiq sənədləri ilə təsbit olunmuş ərazilərdə seçki keçirilməsi bir tarixdir.

 

Seçkilərdən sonra Azərbaycanda tam yeni dövrün başlanacağı gözlənilir. 

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, 7 fevral artıq bütöv, müstəqil, suverenliyini tam bərpa etmiş qüdrətli Azərbaycanın tərəqqi tarixi, tərəqqi günü olacaq.

 

"Seçkidən sonrakı 7 ildə xalqımız olduqca böyük dəyişikliklərin şahidi olacaq. Birinci növbədə Ermənistanla sülh müqaviləsi imzalanacaq və bölgədə müharibə təhlükəsi aradan qalxacaq. İqtisadi əməkdaşlıq güclənəcək və Azərbaycan yenidən dünyanın ən güclü logistik, tranzit mərkəzlərindən birinə çevriləcək. Qarabağda və Şərqi Zəngəzurda çox sürətli, böyük tarixi məskunlaşma dövrü başlayacaq. Hesab edirəm ki, növbəti prezident seçkilərində biz tamamilə məskunlaşmış, abadlaşmış Qarabağ və Şərqi Zəngəzur görəcəyik. Kommunikasiyalar açılacaq. Dədə-baba torpaqlarımızda gəzmək, yaşamaq və işləmək imkanları yaranacaq. Hesab edirəm ki, qarşıdakı 7 ildə Türkiyə və Azərbaycan bütövlükdə Cənubi Qafqazda yenə söz sahibi olacaq”.

M.Quliyev qarşıdakı 7 ildə bütün sosial müavinətlərin, pensiyaların və maaşların artacağını söyləyib:

 

“Ölkəmiz qaşıdakı 7 ildə daha da zənginləşəcək. Azərbaycanda yüksək əmək haqları verən yeni iş yerləri açılacaq. Bütün sosial müavinətlər, pensiyalar artacaq. Azərbaycanda insan kapitalının yüksəlməsi üçün böyük işlər görüləcək. Azərbaycan dünyanın inkişaf etmiş dövlətlərindən birinə çevriləcək. Mən buna əminəm. Ən əsası odur ki, bu gün mövcud olan güclü lider xalq birliyi qarşıdakı 7 ildə daha da güclənəcək. Bölgəyə müxtəlif imperialist güclərin maraqları, yəqin ki, neytrallaşacaq. Bu maraqların hamısı Azərbaycanın maraqlarının altında qalacaq. Hesab edirəm ki, qarşıdakı 7 ildə bizim həm iqtisadi, həm elmi, həm də mədəni səviyyəmiz daha da yüksələcək. Qarşıdakı 7 il ən sürətli və zəngin inkişaf dövrü olacaq. Mən buna inanıram”.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama